Mədəniyyət ocaqlarında ulu öndərin xatirəsi anılıb

 

 

Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Heydər Əliyev Sarayında anım tədbiri keçirilib. Sarayın kollektivi böyük dövlət xadimini dərin ehtiramla yad edib.

Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxışında ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən, ölkəmizi tarixin ağır sınaqlarından çıxarmasından, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib.

Mərasim iştirakçıları müdrik rəhbərin həyatı, fəaliyyəti, dövlət quruculuğunda tarixi xidmətləri, uzaqgörən siyasəti barədə söz açıblar. Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Fəxri xiyabana gələrək ümummilli liderin məzarını ziyarət edib.

* * *

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Mərkəzin direktoru Naminə Ömərova, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov, AMEA-nın əməkdaşları – professorlar Mahirə Quliyeva, Füzuli Qurbanov, Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev və digər çıxış edənlər dahi şəxsiyyətin siyasi fəaliyyətindən, ölkəmizin tərəqqisində göstərdiyi xidmətlərindən söz açıblar.

Sonda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibləri fəxri fərmanlarla təltif edilib.

* * *

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Xətai rayon 261 nömrəli məktəb-liseylə birgə keçirdiyi “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı konfrans da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.

Konfransda “Heydər Əliyev nəzəri irsində müəllimlik”, “Heydər Əliyev və mədəni irs”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” və s. məruzələr dinlənilib.

Tədbirdə, həmçinin dahi rəhbərə həsr olunmuş mahnılar səslənib, şeirlər oxunub.

 

Mədəniyyət.- 2019.-  8 may.- S.2.