Memarlıq əsərlərində yaşayan sənətkar ömrü

 

 

 

Qarabağ, İrəvan və Şirvan memarlıq sənətinin inkişafında şuşalı xəttat və rəssamların böyük xidmətləri olub. Qəmbər Qarabağitarixi memarlıq abidələrimizdə yaşadılan sənətin – divar rəssamlığının öncüllərindən hesab edilir.

Qəmbər Qarabaği 1830-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Erkən çağlardan rəngarəng daşlarda biçimli-biçimsiz cizgilər açıb. Güldən-çiçəkdən, çeşidli meyvə-tərəvəz qabıqlarından rənglər alıb. Doğma şəhərdə ustalar yanında sənətin sirlərinə dərindən yiyələnib. Divarlarda çəkdiyi rəsmlər Şuşa mənzərələrini əks etdirib.

Azərbaycanın maraqlı memarlıq abidələri arasında Şəki xanlarının sarayının özünəməxsus yeri var. Bu möhtəşəm tikilidə müxtəlif dövrlərdə təmir işləri aparılıb. XIX əsrin sonlarında burada bərpa işləri aparan sənətkarlar arasında şuşalı rəssam Qəmbər Qarabağinin də adı çəkilir. O, tarixi tikilinin divar rəsmlərini bərpa etməklə yanaşı, bəzilərini yenidən işləyib.

Usta Qəmbər haqqında “Kommunist” qəzetinin 1945-ci il 8 avqust tarixli nömrəsində dərc olunan bir məqalədə Qarabağın tarixi memarlıq abidələrindən geniş bəhs edilibbu abidələrin son dərəcə gözəl, maraqlı naxışlarla bəzədilməsində şuşalı xəttatların, rəssamların əməyi vurğulanıb. Məşhur musiqişünas Firudin Şuşinski isə araşdırmasında XIX yüzillikdə Şuşada fəaliyyət göstərən müxtəlif peşə və sənət adamları arasında usta Qəmbər Qarabağini xüsusi qeyd edib.

Onu da qeyd edək ki, Şəki xanlarının sarayında Qəmbər Qarabağinin çəkdiyi divar rəsmləri bu günöz gözəlliyini qoruyub saxlayır. Təsvirlərdə at belindəki igidlərin az qala harayını eşidir, döyüş səhnələrini göz önünə gətirirsən. Müxtəlif ornamentlərlə bəzədilmiş güllər, çiçəklər, qeyri-adi naxışlar, ağaca qonmuş quşlar heyrət doğurur.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev usta Qəmbərlə bağlı araşdırmaları zamanı orijinal biçimli süjetli əlyazma aşkar edib. Əlyazmanın bir üzündə Qarabağ mahalına məxsus geyimdə qız təsvir edilib. Digər üzündə isə dəbdəbəli bir otaqda, açıq pəncərə qarşısında və milli geyimdə iki nəfərin görüş səhnəsi əks olunub.

AMEA-nın Əlyazmalar İnstitutunda da Qəmbər Qarabağinin naxışlarla bəzədilmiş bir əlyazması qorunur. XIX əsrdə xəttat Əsədulla ağa Hadi oğlu tərəfindən fars dilində yazılan həmin əlyazmadakı süjetli təsvirlər, miniatürlər, insan fiqurları, memarlıq tikililərinin məhz usta Qəmbər tərəfindən çəkildiyi bildirilir.

Araşdırmalar göstərir ki, ustadın zəngin obrazlar yaratmaq istedadı olub. O təkcə Şəki xanlarının sarayında deyil, həm də Şuşada inşa edilən bir sıra malikanələrin və sarayların divarlarında müxtəlif rəsm əsərləri çəkib. Xüsusilə də Mehmandarovların sarayında usta Qəmbərin əməyi daha çox olub.

Usta Qəmbər XIX əsr təsviri sənət tariximizə, ilk növbədə, Şuşa və Şəki şəhərlərində işlədiyi divar rəsmlərinin müəllifi kimi daxil olub. Bu böyük sənətkar əslində Azərbaycan təsviri sənətində evləri bəzəyən divar rəsmlərinin ən mükəmməl yaradıcısı kimi adını sənət tariximizə yazıb. O, rəssamlıqla yanaşı, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində də çalışıb. Hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəzisi (hətta Şuşanın işğalına qədər salamat qalıbmış) sənətkarın yaradıcılığının zənginliyindən xəbər verib.

Bəzi mənbələrdə qeyd edilir ki, sənətkarın rəssam, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani ilə yaxın dostluq əlaqələri olub. Onlar birlikdə İrəvanda Sərdar Sarayının divar rəsmlərinin çəkilməsində iştirak ediblər.

Usta Qəmbər Qarabaği milli üslubda divar rəsminin ən gözəl nümunələrini yaradan sənətkar olub. Şəki xanları sarayının divar naxışlarını bərpa edərkən o, xalq sənətinin ənənəvi üslubuna yeni çalarlar gətirib. Dekorativ və rəngkarlıq üslublarını ustalıqla birləşdirən sənətkar kompozisiyalarındakı kolorit, böyükkiçik detalların həmahəngliyi ilə memarlıq sənətimizə bir gözəllik bəxş edib.

Sənətkar 1905-ci ildə, 75 yaşında dünyasını dəyişib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.-  8 may.- S.6.