Ulu öndər Milli Kitabxanaya xüsusi diqqət göstərirdi

 

 

 

Mayın 3-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları akademiyanın foyesində sözügedən kitablardan ibarət sərgiyə baxıblar.

Akademiyanın rəisi Qulu Novruzov çıxış edərək ulu öndərin tarixi xidmətlərindən, xüsusən təhsil sahəsində apardığı islahatlardan, ölkəmizin sabahı olan gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov xalqımızın taleyində müstəsna rol oynayan, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında geniş danışıb. Deyib ki, ulu öndər dörd dəfə Milli Kitabxanada oluböz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanaya hədiyyə edib. Bildirib ki, Heydər Əliyev bu addımı ilə ziyalıların kitablarını kitabxanalara bağışlamaq ənənəsinin əsasını qoyub.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan qeyd edib ki, sərgidə nümayiş olunan kitablar dahi liderin fundamental biliyə malik olmasının bariz nümunəsidir.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxışında müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyətindən danışıb.

 

Mədəniyyət.- 2019.-  8 may.- S.6.