Yaradıcılığı milli sərvətə çevrilən ədib
Azərbaycan ədəbiyyatının elə görkəmli nümayəndələri vardır ki, onlar ədəbi kəhkəşanda bərqərar olduqları zirvələrə dünya ədəbiyyatının inciləri sıralarına layiq əsərlər yaratmaqla yüksəlmiş, həmin incilərlə həm tarixin ədəbi salnaməsində Azərbaycan yüksəkliyini isbatlamış, həm də bu yüksəkliyi çağdaş təxəyyül müstəvisində qorumaqla, daima zənginləşdirmişlər.
Bu görkəmli ədiblər sırasına yüksələn çağdaş Azərbaycan ədəbiyyatının nəhəng nümayəndələrindən biri, Xalq yazıçısı Elçin orijinal yaradıcılıq üslubu ilə ədəbiyyatımızın fövqündə özünə elə bir zirvə yaratmışdır ki, o zirvədən onun əsərlərinin rəng çalarları, melodik ahəngi, uzaq məsafələri bir göz qırpımında qət edən, insan psixologiyasında iti sürətlə qaynar və çevik dinamika yaradan çoxxətli xüsusiyyətləri harmonik ilğım kimi, göyqurşağına bənzər əsrarəngizliklə bərq vurur.
Ədibin yaratdığı hər hansı əsərinə nəzər salarkən, ilk andanca onun Elçinə məxsus olduğu öz qayə və dil orijinallığı, mövzu və mahiyyət bənzərsizliyi ilə özünü aydın şəkildə göstərir. Elçin ədəbiyyata ədəbi köynəkdən doğulmuş sənətkardır. Ona görə də əsərləri onun təfəkkür bazasından elə qüdrətlə doğulurlar ki, onların hər biri öz orijinallığı ilə bütün dövrlər üçün tər-təzə, yeni, aktual və bənzərsizdir. Elçinin əsərlərində elə bir enerji var ki, o enerjinin hərəkət dinamikası yalnız onun idrak mexanizminin məhsulu olduğunu bütün parametrlərdən göstərir. Onun enerjisinin rənglərini belə ayırd etmək mümkündür. Alatoran sabahın içindən işararaq sökülən dan yerinin başlanğıc nöqtəsini təsvir edən zühur prosesinin yaratdığı al-əlvanlıqdan ta ki yenidən doğulmaq üçün batan Günəşin şəfəqlərinin saçdığı eyni rənglərlə boyanmış əsrarəngizliyə bənzəyir Elçin yaradıcılığının təsvir tablosu. Bu tabloda milli ruh, milli ruhdan doğulan ornamentlər, şəbəkələr, naxışlar və bu kimi xüsusiyyətlər dünya ədəbiyyatının incilərinə xüsusi çalarlarla öz töhfəsini verir.
Elçinin əsərlərində dünyəvilik etalonu millilik prinsipləri ilə elə yoğrulmuşdur ki, dünyəviliyin və milliliyin ölməzliyində bu əsərlər birmənalı şəkildə əbədiləşmişdir. Ona görə də onun əsərlərinin oxucu və tamaşaçı auditoriyası çoxdan öz hüdudlarını genişləndirmişdir. Məhz bu cəhətinə görə onun əsərlərinə xarici mütəxəssislər də böyük diqqət yetirirlər. Qeyri-səlis məntiq nəzəriyyəsinin qanunlarına xas düşüncə ilə yaradan Elçin yaradıcılığı haqqında “Elçin və ədəbi cərəyanlar” başlıqlı məqalədə (“525-ci qəzet”, 04.04.2019) bu barədə müfəssəl bəhs etdiyim üçün həmin məqalədən ədibin yaradıcılığının bədii obrazı ilə bağlı sadəcə bir fikri təkrar qeyd etmək istərdim: “Elçinin bədii təxəyyülü, öz palitrası ilə gecənin zülmət qaranlığında bərq vuran, sayrışan, irili-xırdalı, saysız-hesabsız ulduzlar harmoniyasının yaratdığı ağ işıq yoluna bənzəyən aydın, nurlu fəza, iki rəqəmi ilə dörd rəqəmi arasındakı rəqəmlər və rənglər qalereyasının əsrarəngiz tablosunu yaradan ədəbi kəhkəşandır. Bu kəhkəşan, klassisizm, realizm, romantizm, simvolizm, sürrealizm, modernizm, postmodernizm, absurdizm cərəyanlar toplusunun çoxluqları ilə zəngindir. Hətta, bəzi əsərləri var ki, bir əsərdə bir neçə cərəyanın ünsürlərini görmək mümkündür...”.
Belə zəngin yaradıcılıq potensialı ilə dünya ədəbi arealına daxil olan və orada özünəməxsusluq fenomeni ilə özünə yer tutan Elçin yaradıcılığı, sözün əsl mənasında, milli sərvətdir. Bu sərvət millilik statusunu elə ilk başlanğıc dövründən əldə etdiyi üçün onun əbədiliyi də danılmazdır...
Yaradıcılıq qüdrəti ilə dünya ədəbi mühitinə ölməz əsərlər bəxş edən Elçin müəllim! 13 may tarixi Sizin dünyaya göz açdığınız gündür. Əsərlərinizi sevə-sevə səhnədə canlandıran, Sizdən daima yeni-yeni əsərlər gözləyən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının istedadlı kollektivinin Sizə səmimi ehtiramını və doğum gününüz münasibətilə təbriklərini çatdırır, uzun ömür, cansağlığı və zəngin yaradıcılığınızın daima təzə bəhrələrlə yeni nailiyyətlərə doğru irəliləməsi istiqamətində uğurlar arzulayıram!
İFTİXAR
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2019.- 8 may.- S.5.