Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu

 

 

V Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biriTürkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolumövzusuna həsr olunmuşdu.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçən sessiyada çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva vurğuladı ki, əsrlər boyu Böyük İpək Yolu sadəcə dəyərli əşyalar gətirən karvanlar üçün bir yol deyil, həm də mədəniyyət, fikir mübadiləsi üçün bir vasitə olub. Bu mövzu elə indiöz aktuallığını qoruyub saxlayır. Çünki tarixən ticarət və mədəniyyət, eləcə də ünsiyyətin artımı üçün xidmət edən İpək Yolu yenidən canlanır: “Uzaq Çindən Orta Asiya ölkələrinədək, Anadolu və Aralıq dənizi üzərindən Avropaya uzanan, Şərqlə Qərbi birləşdirən bu yol həm də xalqları birləşdirir. Böyük İpək Yolu türkdilli xalqları bir araya gətirən mədəni, tarixi əlaqələrdən biri olub. Buna səbəb onun iqtisadi əhəmiyyəti ilə yanaşı, mədəni önəmi idi. Tacirlər bu böyük materiklər üzərində hərəkət edərkən, həmçinin mədəniyyəti, dili, dini ayinləri, adət-ənənələri, fərqli mətbəxləri və daha bir çox atributları daşıyıblar. Bir sözlə, qədim İpək Yolu tolerantlığın, humanizmin, mərhəmətin əsas vasitəçilərindəndir. Çox şadam ki, ənənəvi olaraq, Azərbaycan növbəti dəfə belə bir mötəbər tədbirə ev sahibliyi edir. Forum çərçivəsində bizim Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da paneli gerçəkləşir. Bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Günay Əfəndiyeva diqqətə çatdırdı ki, Forumda müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, digər ölkələrdən gələn diplomatlar, türkoloqlar iştirak edirlər. Onlar türk dünyası ilə bağlı Böyük İpək Yolunun türkdilli xalqlara verdiyi töhfələrdən danışırlar: “Bu, bizim üçün çox önəmlidir, çünki söhbət bizim soy-köklərimizdən gedir. Bilirsiniz ki, türkdilli xalqlar multikulturalizmə bağlı xalqlardır. Dinindən, dilindən asılı olmayaraq onlar digər xalqlarla bir yerdə dinc şəraitdə yaşayırlar. Onu da vurğulayım ki, türk dünyası genişdirorada müsəlman, xristian, yəhudi türkləri yaşayır. Bizim borcumuz bu qiymətli mirası gələcək nəsillərə ötürməkdir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verdi. Bildirdi ki, Fondun mühüm layihələrindən olan “Azərbaycan İpək Yolu üzərində” adlı kitab artıq yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada çıxış edərək mövzunun əhəmiyyətinə diqqət çəkdi. Bildirdi ki, İpək Yolu üstündə yerləşən ölkələr içərisində tarixən Asiya ilə Avropanın iqtisadi, mədəni cəhətdən əlaqələndirilməsində mühüm rol oynayan Azərbaycan bu gün də həmin missiyanı həyata keçirir. İpək Yolu müəyyən bir dövrdə rəmzə çevrilib, Avropa ilə Asiyanı, həmçinin bu yol üzərində yaşayan müxtəlif xalqları birləşdirən körpü rolunu oynayıb. Bu körpünün qurulmasında, mədəniyyətlərin mübadiləsində hansı xalqların əsas yer tutmasından danışsaq, görərik ki, Böyük İpək Yolu üzərində yerləşən türk mədəniyyəti mühüm yer tutur: “Dövründən asılı olmayaraq İpək Yolu üzərində yerləşən türk mədəni abidələri hər zaman ziyarətçiləri heyran etmiş, türk mədəniyyəti öz möhtəşəmliyi ilə diqqət çəkmişdir. Hansı türk tayfasını təmsil etməsindən asılı olmayaraq türk memarlıq nümunələri ümumtürk mədəniyyətinin, türk fəlsəfəsinin bir parçası olmaqla həm də dünya mədəniyyətinin bir parçasıdır. Türk xalqlarının bu dialoqa verdiyi töhfə öz aktuallığını itirmədən müzakirə mövzusudur. İpək Yolu proqramı hər zaman müxtəlif beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Yenə də biz unutmamalıyıq ki, bu mövzuya müxtəlif baxışlar və təhlillər var. Türk dövlətlərinin elmi təşkilatları və qurumlarının bu mövzu ətrafında vahid konsepsiyada müraciət etməsi mövzuya daha böyük məsuliyyət və həssaslıqla yanaşmanın nümunəsidir. Türk xalqlarının mirası, elmi və fəlsəfənin dünya miqyasında nə qədər böyük təsiri olduğunu unutmamalıyıq. Bu dəyirmi masa mövzunun daimi olmasının bünövrəsini qoymalı və davamlı olmasını təmin etməlidir”.

Daha sonra çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev bildirdi ki, türk xalqlarının mədəniyyətinin ortaq cəhətlərindən biri onların tarixən Böyük İpək Yolu gerçəkliyi ilə sıx şəkildə bağlı olmasıdır:Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun müstəsna yerirolu var. Bu baxımdan, İpək Yolu hamımızın ortaq mədəni mirasımızdır. Bu mirasın öyrənilməsi, yeni nəsillərə çatdırılması müştərək işimiz və vəzifəmizdir”.

Panel toplantısında həmçinin Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren, Macarıstan adına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səfiri, türkoloq Janos Hovari, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, Moldovanın UNESCO üzrə Milli Komissiyasının baş katibinin müavini Luminita Drumea, Avrasiya Yazarlar Birliyinin sədri Yakub Ömeroğlu, yazıçı Kemal Salli, macar türkoloq Cecilia Hazai, “Murad Adci” saytının baş redaktoru Marina  Kuriachaia-Adci türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığından və Böyük İpək Yolunun xalqlar arasında dialoqun qurulmasında və qarşılıqlı əlaqələrin gücləndirilməsində rolundan bəhs etdilər.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən bir qrup şəxs mükafatlandırıldı.

 

Mədəniyyət.- 2019.- 8 may.- S.5.