Forum çərçivəsində
işgüzar görüşlər
Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra görüşlər keçirib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Əlcəzair Xalq Demokratik Respublikasının Mədəniyyət naziri xanım Meriem Merdaci ilə görüşüb.
Görüş zamanı Azərbaycanla Əlcəzair arasında mədəni əlaqələr, bu sahədə əməkdaşlıq haqqında protokolun imzalanması ilə bağlı müzakirələr aparılıb.
Əbülfəs Qarayev mədəniyyət sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək belə bir sənədin imzalanması təklifinə görə həmkarına təşəkkürünü bildirib.
Azərbaycanın İSESCO çərçivəsində uğurlu əməkdaşlığından danışan Əbülfəs Qarayev təşkilatın Əlcəzairdə keçirilən axırıncı sessiyasında iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, Əlcəzair Azərbaycanın təşəbbüskarı olduğu “Bakı Prosesi”ndə daha fəal rol oynaya bilər və iki ölkə arasında imzalanması nəzərdə tutulan sənədlər mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə təkan verəcək.
Meriem Merdaci vurğulayıb ki, mədəniyyət sahəsində əməkdaşlıq üçün tədbirlər planı artıq hazırdır və o imzalandıqdan sonra tərəflər fəal olaraq teatr, muzey, ədəbiyyat sahəsində mübadilə proqramları təşkil edərək bu əlaqələri gücləndirə biləcəklər.
* * *
Əbülfəs Qarayevin Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşündə iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Ölkəmizdə son illər yaradıcı sənayelərin inkişafı üçün görülən işlər haqqında qonağa məlumat verən nazir birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq iki ölkə arasında mədəni sahədə əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasını təklif edib.
Aleksandr Boqdanoviç kinematoqrafiya sahəsində də Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazır olduqlarını bildirib, bu sahədə həyata keçirilmiş işlərdən danışıb.
Əbülfəs Qarayev Monteneqro nümayəndə heyətini bu ilin 30 iyun – 12 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına dəvət edib.
* * *
Nazir Əbülfəs Qarayevin TÜRKPA-nın Baş katibi Altinbek Mamausubov ilə görüşündə türkdilli ölkələr arasında mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün təkliflər səsləndirilib.
Əbülfəs Qarayev Azərbaycanda kinematoqrafiyanın inkişafı istiqamətində görülən işlərdən bəhs edərək filmlərimizin beynəlxalq festivallarda uğurla nümayiş olunduğunu, mükafatlara layiq görüldüyünü bildirib.
Görüşdə türkdilli
ölkələrin kinematoqrafiya sahəsində
ortaq layihələrinin
reallaşdırılması təklif edilib.
Qeyd olunub ki, bu cür
layihələr ölkələrimizdə kinonun
inkişafına da təkan verər.
Mədəniyyət.- 2019.- 8 may.-
S.3.