“Bakı Prosesi” davam edir
“Növbəti Forumun başa çatması daha
sonrakı dialoqlara yolun
başlanğıcıdır”
“Dialoq çox önəmlidir. “Bakı Prosesi” bir daha sübut edir ki, hələ də əməkdaşlıq əlaqələri yaxşı səviyyədə qurulmayıb. Bu istiqamətdə birlikdə çalışmalıyıq”.
Bu sözləri V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi bildirdi.
O, “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Vurğuladı ki, Forumun çox zəngin proqramı vardı və 2-3 may tarixində Bakıda müzakirə edilən məsələlər beynəlxalq əməkdaşlıq baxımından böyük önəm kəsb edir.
Mayk Hardi Forumda bəşəriyyəti narahat edən aktual məsələlərin müzakirə olunduğunu, eləcə də “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Sülh naminə gənclər: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” və “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzularında üç əsas plenar sessiyanın keçirildiyini bildirdi. Qeyd etdi ki, dünyada sülh və bərabərliyin, qarşılıqlı etimad və anlaşmanın əldə olunmasında bu tədbirin böyük əhəmiyyəti var: “Əslində, bağlanış mərasiminin özü də simvolik xarakter daşıyır. Çünki Forumun son günü daha sonrakı dialoqlara yolun başlanğıcıdır. İnsanlara necə şərait yaratmaq olar ki, onlar gəlib fikirlərini çatdıra bilsinlər? Multikulturalizm olmayan ölkələrdə dialoqun təşkil edilməsi qarşımızda duran məqsədlərdəndir. İnnovasiyalar, gənclər haqqında təcrübələr bu Forumda öz əksini tapa bildi. Bütün bunlar stereotiplərin aradan qaldırılmasına imkan yaradır. Diskussiyalarda müzakirə olunan bir sual öz aktuallığını hər zaman saxlayacaq: biz necə etməliyik ki, mədəniyyətlərarası dialoqu qoruya bilək, ədalətli cəmiyyətə nail olaq? Biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda öz müzakirələrimizi hərəkətə çevirməyi bacardıq. Təcrübəyə keçmək, nailiyyətlər qazanmaq bu tədbirin əsas məqsədidir. “Bakı Prosesi”, sadəcə, tədbir deyil, bu bir hərəkatdır”.
Bağlanış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bütün iştirakçılara və tərəfdaşlara minnətdarlığını bildirərək iki gün ərzində aktual mövzuların müzakirə olunduğunu dedi: “Birinci dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləndə 40 ölkədən nümayəndələr qatılmışdı. Builki Forumda 100-dən çox ölkədən və 35 beynəlxalq təşkilatdan nümayəndələr təmsil olunur. Bu da beynəlxalq miqyasda bu tədbirə artan marağı göstərir. Forum müddətində çoxsaylı məruzələr dinlənildi. 20-dən çox müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa və s. təşkil edildi. Bütün sessiyalar BMT-nin veb-saytı vasitəsilə yayımlanıb”.
Forumun əhəmiyyətindən danışan nazir qeyd etdi ki, BMT-nin ötənilki hesabatında bu tədbir dünyada mədəniyyətlərarası dialoq sahəsində ən mühüm platforma kimi qiymətləndirilib: “Forumda müzakirə olunan mövzular həm elmi, həm də təcrübi baxımdan böyük önəm kəsb edir. Bütün auditoriyalarda müzakirələrin çox gərgin və maraqlı keçməsi bir daha sübut edir ki, budəfəki Forumun da işi uğurlu olub. “Bakı Prosesi”nin əsas uğuru odur ki, burada elmi təşkilatlar, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsi təmsil olunur. Bu da mədəniyyətlərarası dialoqun bütün cəmiyyətlər üçün nə qədər aktual olduğunu əyani sübut edir. Bu gün “Bakı Prosesi” qlobal platformaya çevrilir. Aparılan müzakirələrin ilkin nəticələri onu göstərir ki, Forumun nüfuzunun artırılması bütün təşkilatların marağındadır. Əminəm ki, Forumda iştirak edən qonaqlar Bakıdan çox xoş təəssüratla ayrılırlar”.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter çıxış edərək Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentinə və xalqımıza təşəkkür etdilər.
Qeyd olundu ki, Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişən dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.
Sonda Əbülfəs Qarayev bir daha hər kəsə Forumun işində yaxından iştirak etdiyinə görə minnətdarlığını bildirdi.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 8 may.-
S.1;4.