“Azərbaycanın kəlağayısı və Qarabağ atları” “Vindzor Kral Şousunda

 

 

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığında Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousunda ölkəmiz növbəti dəfə uğurla təmsil olunub.

Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim mədəniyyətimizin tanıdılması üçün əhəmiyyətli bir imkandır. Azərbaycan nümayəndə heyətinin hər il nümayiş etdirdiyi proqramlar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilib.

Budəfəki “Vindzor Kral Atçılıq Şousunda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib. Birləşmiş Krallığın ən qüdrətli taxt-tac sahibi kimi tarixə düşmüş Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş tədbirdə xüsusi olaraq hazırlanan “Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya nümayiş olunub.

Şounun aparıcısının təmsilçilərimizin çıxışları barədə təqdimatında kompozisiyanın əsas elementlərindən birini təşkil edən Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması maraqla qarşılanıb. Milli musiqi alətlərimizdə - balabanda, tütəkdə, zurnada, tarda, kamançada, nağarada ifa olunan milli rəqsimiz “Yallı”nın, gənc muğam ustası Mirələm Mirələmovun ifasında “Ay Laçın” xalq mahnısının və Emin Sabitoğlunun bəstələdiyi “İncəbellim” musiqisinin ecazkar sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli və çılğın rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində hünər nümunələrindən ibarət şou-kompozisiya izləyiciləri ovsunlayıb.

Yeddi dəqiqə davam edən şou-kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadə, süvarilər dəstəsinin rəhbəri Əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həmzəyev, “Alovşou qrupunun rəhbəri isə Rasim İsgəndərlidir.

Dailymail.co.uk saytı tədbirdən bəhs edən reportajda Kraliça II Elizabetin Qarabağ atları ilə nümayiş olunan şou-kompozisiyanı xüsusi maraqla izlədiyini diqqətə çatdırır.

Mayın 11-də şoudan sonra Kraliça II Elizabet Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Kraliçaya Xalq rəssamı Sakit Məmmədovun çəkdiyi əsər və Azərbaycan kəlağayısı hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 15 may.- S.8.