“Qarabağ”
muğam qrupunun Ankarada konserti
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü,
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 və
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının yaranmasının
25 illiyi münasibətilə
mayın 12-də Ankarada
muğam konserti keçirildi.
Azərbaycanın Türkiyədəki səfirliyi,
UNESCO üzrə Azərbaycan
və Türkiyənin
milli komissiyaları tərəfindən birgə
təşkil olunan konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik
etdiyi “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə
gəlmişdi.
Türkiyə Prezidenti Administrasiyası Simfonik Orkestrinin konsert salonunda təşkil olunmuş konsertdə qrupu Əməkdar artist Əyyub
Quliyevin dirijorluğu ilə Ankara simli alətlər dərnəyinin
kamera orkestri müşayiət edirdi.
Rəsmi
hissədə Azərbaycanın
Türkiyədəki səfiri
Xəzər İbrahim,
Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri, UNESCO üzrə
Azərbaycan Respublikası
Milli Komissiyasının
baş katibi Elnur Sultanov və UNESCO üzrə Türkiyə Respublikası
Milli Komissiyasının
sədri, professor Öcal
Oğuz çıxış
etdilər.
Səfir Xəzər İbrahim Azərbaycan muğam qrupunun növbəti dəfə Ankarada konsert proqramı ilə çıxış
etməsinin önəmini
vurğulayaraq bildirdi ki, hər belə
mədəniyyət tədbiri
xalqlarımız və
ölkələrimiz arasında
əlaqələrin daha
da möhkəmlənməsinə
töhfədir. O, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini
diqqətə çatdıraraq
qeyd etdi ki, böyük şairin yaradıcılığı
kimi, Azərbaycan-Türkiyə
qardaşlıq münasibətləri
də yüksək duyğular üzərində
qurulub.
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının 1994-cü ildə
Prezident Heydər Əliyevin müvafiq sərəncamı ilə
yaradıldığını deyən səfir Elnur Sultanov bildirdi ki, ulu
öndər ölkəmizin
UNESCO ilə əməkdaşlığına
hər zaman xüsusi önəm verirdi. O, komissiyanın fəaliyyəti,
Azərbaycan-UNESCO əlaqələrindən
danışdı.
Çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan
professor Öcal Oğuz
qeyd etdi ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
yaradıcılığı da hər iki
ölkə və bütün türk xalqları üçün
milli sərvətdir.
Çıxışlardan sonra konsert proqramı
başladı. “Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimovun ifasında “Heydərbabaya salam”, “Qara tellər”, “Nə olaydı” xalq mahnıları və təsniflər, o cümlədən Nəsiminin
qəzəlləri səsləndirildi.
Xanəndəni əməkdar artistlər
Elçin Həşimov
(tar) və Elnur Əhmədov (kamança)
müşayiət edirdilər.
Konsertin sonunda Mənsum İbrahimovun “Qarabağ şikəstəsi”ni ifa etməsi
tamaşaçılar tərəfindən
ayaq üstə alqışlarla qarşılandı.
M.SULTANOVA
Ankar
Mədəniyyət.- 2019.- 15 may.-
S.8.