Əsərlərində yaşayan rəssam

 

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi, demək olar ki, həm də bir rəsm qalereyasıdır. Burada Azərbaycanın görkəmli rəssamlarının Üzeyir Hacıbəyli surətinə həsr etdikləri rəngkarlıq nümunələrinə rast gəlmək mümkündür. Bu rəssamlardan Mikayıl Abdullayev, Nəcəfqulu, OqtayToğrul Sadıqzadə qardaşları, Arif Hüseynov, Hüseyn Hacıyev və başqalarını misal gətirə bilərik. Onların sırasında Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssam mərhum Ənvər Əliyev (1944-2003) olmuşdur.

Ənvər Əmirhüseyn oğlu Əliyev 1944-cü il mayın 12-də Bakıda dünyaya gəlmişdir. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən Ənvər sonra Sankt-Peterburqa getmiş, orada İ.Repin adına Rəssamlıq Akademiyasına daxil olmuşdur. Gənc rəssam akademiyada V.Oreşnikov, B.Uşarov, P.Reyxet kimi tanınmış rəssamlardan dərslər almışdır. Ənvər Əliyevin pedaqoji fəaliyyəti isə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində 1975-ci ildən başlamışdır.

O, rəngkarlığın bütün janrlarında uğurla işləmişdir. Çəkdiyi çoxsaylı portretlər sırasında bəstəkar Üzeyir Hacıbəylinin surəti birinci yerdədir. Rəssam Üzeyir bəy surətini dəfələrlə işləyərək bəstəkarın ev-muzeyinə təqdim etmişdir. Bu əməkdaşlığa onu ev-muzeyinin direktoru mərhum Ramazan Xəlilov dəvət etmişdir. Bu gün muzeydə nümayiş etdirilən «Üzeyir Hacıbəyli və Şarl de Qoll», «Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə», «Üzeyir Hacıbəyli Kocori yaylağında», «Üzeyir Hacıbəyli və Məleykə xanım Peterburqda», «Üzeyir Hacıbəyli və Hüseyn Cavid», «Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır» kimi yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin müəllifi Ənvər Əliyevdir.

Rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi «Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə» rəsmi (ölçüləri 61x74 sm) tarixi bir əsərdir. Məlumdur ki, Üzeyir bəy bir müddət Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanı olan «Azərbaycan» qəzetinin redaktoru olmuşdur. Bu tarixi faktı Ənvər Əliyev öz əsərində məharətlə əks etdirmişdir. İş otağında, yazı masasının arxasında Üzeyir Hacıbəyli oturan vəziyyətdə təsvir edilmişdir. Rəsulzadə isə ayaq üstədir. Qarşıdakı masanın üstündə «Azərbaycan» qəzeti gözə dəyir. Üzeyir Hacıbəyli 1919-cu ildən bağlandığı günə qədər bu qəzetin redaktoru vəzifəsində işləmişdir. Rəsmin süjetindən tamaşaçıya aydın olur ki, Rəsulzadə ilə Hacıbəyli qəzetin növbəti buraxılışındakı materiallar haqqında öz fikir və mülahizələrini söyləyirlər. Rəssamın muzeydə nümayiş etdirilən yaddaqalan əsərlərindən biri də «Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır» adlanır. 1925-ci ildə Üzeyir Hacıbəyli ilk simli kvarteti yaradır. O, Azərbaycan Dövlət Konservatoriyasının rəhbəri və təşkilatçısı kimi simli kvartetə rəhbərlik etmək üçün Moskva Konservatoriyasından Leopold Vitoldoviç Rostropoviçi Azərbaycana dəvət edir. L.Rostropoviç həyat yoldaşı Sofya Nikolayevna Fedotova ilə birlikdə Bakıya gəlir. Rostropoviçlər paytaxtda Üzeyir bəyin evində də qonaq olurlar. Rəssam Ənvər Əliyev 2000-ci ildə həmin mövzuda süjetli bir rəsm çəkərək Üzeyir Hacıbəylinin ev-muzeyinə təqdim etmişdir. Yağlı boya ilə çəkilmiş rəsmdə (45,5x58,5 sm) L.Rostropoviç violonçeldə ifa edərkən təsvir edilib. Həyat yoldaşı Sofya Nikolayevna onu royalda müşayiət edir. Qarşı tərəfdə isə Üzeyir bəylə həyat yoldaşı Məleykə xanım əyləşmişlər. Üzeyir bəyin bütün diqqəti çalınan musiqidədir. Məleykə xanımın dizi üstündə Rostropoviçlərin kiçik oğlu Slava əyləşmişdir. Pəncərədən süzülən günəş işığından, stolun üstündəki səmənidən görünür ki, bu ailəvi görüş bahar fəslinə təsadüf edir. İlk baxışdan hiss olunur ki, bu iki ailəni möhkəm dostluq telləri birləşdirir.

Rəssamın muzeyin divarlarını bəzəyən daha bir əsəri «Üzeyir Hacıbəyli Kocori yaylağında» adlanır. 1933-cü ildə Üzeyir bəy Gürcüstanda, Tiflis şəhəri yaxınlığında Kocori yaylağında dincəlirdi. Burada yaşlı bir gürcü bəstəkara «Koroğlu» dastanının gürcü dilində olan variantını söyləyir. Gürcü dilini, folklorunu, mədəniyyətini gözəl bilən Üzeyir bəy qoca gürcünün söylədiyi dastanı çox maraqla dinləyir və qərara alır ki, möhtəşəm xalq dastanımıza opera bəstələsin. Ömrünün 5 ilini həsr etdiyi «Koroğlu» operasını bəstəkar 1937-ci ildə uğurla başa çatdırır. Ənvər Əliyevin fırçaya aldığı «Üzeyir Hacıbəyli Kocori yaylağında» əsərinin (170x110 sm) arxa planında tamaşaçı «Koroğlu qalası»nın təsvirini görür. Bu qalada məskən salaraq Koroğlu öz döyüşçüləri ilə birlikdə xalqının azadlığı uğrunda zülmkarlara qarşı mübarizə aparmışdır.

Üzeyir Hacıbəyli öz dövrünün ziyalıları ilə - şairlərlə, yazıçılarla, musiqiçilərlə, dramaturqlarla yaxın dostluq əlaqələri saxlayırdı. Belə ki, bəstəkarın hazırda muzey olan bu evində görkəmli simalardan Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, LeopoldMstislav Rostropoviçlər, Yusif Vəzir Çəmənzəminli və başqaları qonaq olmuşlar.

Ənvər Əliyevin «Üzeyir Hacıbəyli və Hüseyn Cavid» adlı əsərində (yağlı boya, 51x46 sm) isə bəstəkar və şair-dramaturq Üzeyir bəyin Mərdəkandakı bağ evində təsvir edilmişlər. Rəsmin arxa planında dalğalanan Xəzər və qayıqlar təsvir edilmişdir. Məhəccərin kənarında əyləşən bəstəkar dalğınlıqla bu mənzərəni seyr edir. Hüseyn Cavid əlində tutduğu vərəqdən yeni yazdığı əsərin bir parçasını oxuyur. İlk baxışdan hiss olunur ki, gözləri sanki uzaq üfüqlərdə nəsə arayan Üzeyir bəyin bütün diqqəti yaxın dostunun oxuduğu sözlərdədir. Masanın üstündəki armudu stəkanda çay, meyvə, kənardakı həsirdən toxunmuş kürsü əsərin koloritini daha da artırır.

Rəssamın maraqlı işlərindən biri də gənc «Üzeyir bəy həyat yoldaşı ilə birlikdə Peterburqda» adlanır. Bu əsər də tarixi faktlara əsasən fırçaya alınmışdır. 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil alan Üzeyir bəy artıq ailəli idi. Məleykə xanım Peterburqa Üzeyir bəyin yanına sonradan getməli olur. Həmin günləri canlandıran bu rəsmdə Məleykə xanım və Üzeyir bəy çiskinli, yağmurlu bir Peterburq küçəsində təsvir edilmişlər. Başında şlyapa olan, əlində çətir tutmuş Üzeyir bəyin qayğılı baxışları bir daha sübut edir ki, onun Peterburq həyatı maddi cəhətdən çox ağır keçmişdir. Rəssam bunu əsərində (yağlı boya, 80x51 sm) tamaşaçıya çox məharətlə aşılaya bilmişdir.

Rəssamın ən uğurlu əsərlərindən biri isə «Şarl de QollÜzeyir Hacıbəyli» adlanır. Bu əsər, demək olar ki, muzeyə gələn bütün tamaşaçıların diqqətini cəlb edir. Bildiyimiz kimi, II Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının rəhbəri, sonralar bu ölkənin prezidenti olmuş general Şarl de Qoll Bakıya gəlmişdir (26 noyabr 1944-cü il). Burada olduğu müddətdə o, Azərbaycanın şanlı oğlu Üzeyir Hacıbəylidən Bakının OperaBalet Teatrında «Koroğlu» operasına baxmaq dəvəti alır. Operanı böyük maraqla izləyən de Qoll tamaşadan sonra səhnə arxasına keçərək artistləri mükəmməl ifalarına görə təbrik etmiş və onları öz vətəni olan Fransada da bu əsəri nümayiş etdirməyə dəvət etmişdir. Təəssüf ki, «Koroğlu»nu Fransada nümayiş etdirmək sənətçilərimizə müyəssər olmamışdır.

Bu tarixi fakta həsr etdiyi tablonu da rəssam tamaşaçılara sevdirə bilmişdir. Rəsmdə Bakının OperaBalet Teatrı təsvir edilmişdir. Lojada əyləşən Üzeyir Hacıbəylinin sağ tərəfində de Qoll, sol tərəfində isə Əzizağa Əzizbəyov əyləşmişdir. Arxa planda görünən, ayaq üstə dayanan isə de Qollun yavəridir. Qarşı planda «Koroğlu» operasının kütləvi səhnəsi təsvir edilmişdir. Səhnədə Koroğlu rolunun əvəzsiz ifaçısı Bülbül at belindədir. Əsərə baxan tamaşaçı sanki rəsmdən belə «Koroğlu» operasının uvertürasının təntənəli sədalarını eşidir. Bu isə rəssamın böyük ustalığından xəbər verir. Bu əsər də mərhum Ramazan Xəlilovun sifarişi ilə çəkilmiş rəsmlərdən biridir. Əsər 1991-92-ci illərdə (yağlı boya, 100x80 sm) fırçaya alınmışdır.

Kiçik bir xatirəni söyləmək yerinə düşərdi. Şarl de Qoll obrazını yaratmaq üçün rəssama generalın rəsmi lazım olur. Bunu nəzərə alan Ramazan Xəlilov Fransadan de Qollun yaxından çəkilmiş aydın fotolarını, onun haqqında yazılar dərc olunan jurnalları Bakıya gətirdir. Həmin materiallar de Qollun obrazını yaratmaqda Ənvər Əliyevə yardımçı olur. Yeri gəlmişkən qeyd edək ki, həmin fotolar, jurnallar bəstəkarın ev-muzeyində bu gün qorunub saxlanılmaqdadır.

Bütün bunlardan əlavə, Üzeyir Hacıbəylinin ev-muzeyində Ənvər Əliyevin çəkdiyi bir rəsm qorunub saxlanılmaqdadır. Bu, muzeyin sabiq direktoru, Üzeyir bəyin baldızı oğlu Ramazan Xəlilovun portretidir. Yuxarıda qeyd etdiyimiz kimi, Ramazan Xəlilov Ənvər Əliyevlə uzun müddət əməkdaşlıq etmiş, Üzeyir Hacıbəyli obrazını müxtəlif şəraitlərdə yaratmağı ona həvalə etmişdir. Rəssam isə öz növbəsində uzun illər bu müqəddəs ocağın qoruyucusu olan Ramazan Xəlilovun portretini işləməyi sanki özünə borc bilmişdir. Ağsaçlı, gözündə eynək, əlində əsa olan Ramazan Xəlilovun rəsmdəki baxışlarından sezilən müdriklik, təmkinlilik ilk baxışdan tamaşaçının gözündən yayınmır. Bu portreti Ənvər Əliyev 1990-cı ildə çəkmişdir.

Yuxarıda adları çəkilən bu əsərlər dahi bəstəkarımızın ev-muzeyinin diqqətçəkən guşələrində nümayiş etdirilir muzeyə gələnlərin böyük marağına səbəb olur.

Mayın 18-də unudulmaz rəssam Ənvər Əliyevin 75 illiyi münasibətilə onun uzun müddət əməkdaşlıq etdiyi Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir əsərlərindən ibarət sərgisi təşkil ediləcəkdir. Fürsətdən istifadə edərək sənətsevərləri bu sərgi ilə tanış olmağa dəvət edirik.

 

Gülnarə ƏLƏSGƏROVA

Üzeyir Hacıbəylinin ev-muzeyinin şöbə müdiri

 

Mədəniyyət.- 2019.- 15 may.- S.6.