Bakıda caz havası hər zaman xoşdur...

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Beynəlxalq Caz Günü (30 aprel) çərçivəsində özünün ilk layihəsi olan Caz festivalını keçirdi. Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və BMA-nın təşkilatçılığı ilə 6-8 may tarixində gerçəkləşən festival gənc ifaçıların müsabiqəsi, elmi konfrans, konsertlər və ustad-dərslərini əhatə edirdi.

2012-ci ildə UNESCO tərəfindən təsis edilən 30 Aprel – Beynəlxalq Caz Günü dünyanın bir sıra ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Festivalın keçirilməsində də məqsəd caz musiqisinin öyrənilməsi və təbliği, gənc musiqiçilərin müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən hərtərəfli inkişafının təmin edilməsidir.

Mayın 6-da təşkil edilən elmi-yaradıcılıq konfransında “Beynəlxalq Caz Günü bir hadisə və ənənə kimi”, “Caz mədəniyyətlərarası dialoqun bir vasitəçisi kimi. Ənənələr və müasirlik”, “Caz sənətinin təlim-tədris problemləri. Caz tədrisində aktual problemlər və innovasiya texnologiyaları, yeni metodlar” və digər mövzularda məruzələr dinlənildi. Həmin gün BMA-da təşkil edilən konsertdə isə fortepiano, simli alətlər, nəfəsli alətlər, ansambl ifaları üzrə müsabiqə iştirakçılarının çıxışları dinlənildi.

Festival çərçivəsində mayın 7-də BMA-nın Opera studiyasında gənc caz ifaçılarının konserti keçirildi. Konsertdə əməkdar artistlər İsfar Sarabski (fortepiano), Ruslan Hüseynov (bas-gitara) və Elvin Bəşirovun (zərb) ifası ilə yanaşı, Arslan Növrəslinin caz qrupu da çıxış etdi. Artıq caz sənətində yaxşı tanınan Nicat Aslanov (fortepiano) və Nərmin Məmmədli (solo), İsmayıl Məmmədli, Pərviz Məmmədovun çıxışları da böyük maraqla qarşılandı. Konsert proqramında İ.Sarabskinin bəstələri və caz standartlarına improvizasiyaları səsləndirildi. Musiqi axşamında ifaçıların klassik caz, latinosetnocaz üslubunda çıxışları paytaxt Bakıda caz havasının hər zaman dəbdə olduğunu bir daha nümayiş etdirdi.

Mayın 8-də isə festival-müsabiqənin bütün iştirakçılarına diplomlar təqdim edildi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 15 may.- S.5.