Ulu öndərin ideyalarını
yaşadan musiqi layihələri
“Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakı”. Mayın 8-də Bəstəkarlar İttifaqında ulu öndərin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 15 illiyinə həsr edilən elmi-praktik konfrans belə adlanırdı.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransı açaraq diqqətə çatdırdı ki, qurum Heydər Əliyev Fondunun musiqi layihələrində yaxından iştirak edir. Həmin layihələr ölkəmizin hüdudlarından kənarda da çox böyük əks-səda doğurur. Bu layihələr Heydər Əliyevin ideyalarını yaşadır, onun ədəbiyyata, sənətkarlara, mədəniyyətə, rəsm sənətinə, xalçaçılığa olan münasibətini əks etdirir. Vurğulandı ki, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli incəsənətin ən yaxşı nümunələrinin qorunub saxlanılması, onun nailiyyətlərinin artırılması və dünya miqyasında təbliği işində əsası ümummilli lider tərəfindən qoyulmuş ənənələri ləyaqətlə davam etdirir. Firəngiz Əlizadə qeyd etdi ki, Bəstəkarlar İttifaqı bundan sonra da Fondun layihələrində yaxından iştirak edəcək.
Sonra sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsində Bəstəkarlar İttifaqının rolu” mövzusunda çıxış etdi. Bildirdi ki, “Muğam aləmi” festivalı dünyanın müxtəlif ölkələrindən muğamsevərləri, muğam ustadlarını və musiqişünas alimləri böyük muğam ocağının ətrafına topladı: “Muğam festivalı xalqın musiqi yaddaşının qoruyucusudur. Bu da muğam mühitində yaşayan, muğamla nəfəs alan, hafizəsində yaşadan və nəsildən-nəslə ötürən biz azərbaycanlıların üzərinə böyük məsuliyyət qoyur”.
Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Heydər Əliyev Fondunun “Üzeyir dünyası” musiqi layihəsi” mövzusunda çıxış etdi. Bildirdi ki, 2008-ci ildə ərsəyə gələn “Üzeyir dünyası” nəşr layihəsinə “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları və s. daxildir. Bundan əlavə, 2009-cu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.
Konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayevanın “Heydər Əliyev Fondunun “Muğam ensiklopediyası” layihəsi”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” musiqi layihəsi” mövzularında məruzələri də dinlənildi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 15 may.-
S.5.