“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı daha iki rayonda qonaq olub

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanları  Kürdəmir və Şəmkir rayonları olub. Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, yerli sakinlər iştirak edib.

Mayın 10-da Kürdəmirdə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov şəhər və rayonları təmsil edən nümayəndə heyətlərini salamlayaraq festivalın bu bölgədə keçirilməsindən məmnunluqlarını bildiriblər. Milli geyimli qızlar qonaqları şərbət və xonçalarla qarşılayıblar.

Sonra tədbir iştirakçıları regional mədəniyyət idarələrinin sərgi guşələrinə baxıblar. Şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ-tətbiqi sənət nümunələrini, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını, digər əl işlərini nümayiş etdiriblər. Ziyarətçilər dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ikebana, qobelen nümunələri, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə dair rəsmlərlə maraqla tanış olublar.

Festivalın ikinci hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Festival proqramı İmişli rayon Uşaq musiqi məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Azərbaycan” mahnısının sədaları altında atəşfəşanlıqla başa çatıb.

* * *

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı mayın 11-də Şəmkir rayonunda təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə regional mədəniyyət idarələrinin sərgi-guşələrində nümayiş etdirilən əl işləri, dekorativ-tətbiqi sənət, rəsm əsərləri və digər sənətkarlıq nümunələrinə baxıblar. Mədəniyyət bayramında şəmkirli rəssamlar Fərman HüseynovTariyel Məmmədovun əsərləri də sərgilənib. Eyni zamanda Vüqar Alıyevin taxtaoyma, Nigar Talıbovanın toxuma, heykəltəraş Nicat Əliyev və Kamran Qarayevin rəsm və taxta üzərində əl işləri maraqla qarşılanıb.

Festivalda 2019-cu ilin “Nəsimi ilielan edilməsi ilə əlaqədar kitab guşəsi də qurulub. Kitab guşəsində Cəfər Cabbarlı, İsmayıl Şıxlı, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlərin əsərlərinə də yer verilib.

Festivalın konsert hissəsində vətənpərvərlik ruhunda ifalar səsləndirilib. Uşaq incəsənət musiqi məktəbləri şagirdlərinin Əhməd Cavad adına Mədəniyyət mərkəzinin rəqs qrupunun çıxışları tədbiri daha da rəngarəng edib. Konsertdə hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət bədii özfəaliyyət kollektivləri çıxış ediblər. Təqdim olunan musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin planına əsasən, respublikamızda ikinci dəfə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir. Festival Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasında mədəni mübadiləyə əlavə zəmin yaradır.

 

Mədəniyyət.- 2019.- 15 may.- S.1;5.