Dahi bəstəkar Qara
Qarayevin anım günündə məzarı
ziyarət olundu
Mayın 13-ü dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin xatirə günüdür. Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini yad etdilər, məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.
Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (N.Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, bir sıra teatr tamaşalarına musiqi yazıb.
Bəstəkar “Vətən” operasının (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Onun A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətinin gözəl nümunələridir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verən Qara Qarayev 1982-ci ildə vəfat edib.
FARİZ
Mədəniyyət.- 2019.- 15 may.-
S.4.