Nə yaxşı ki, belə şəxsiyyətlərlə eyni dövrdə yaşamışıq

 

 

İtirdiyimiz elə şəxsiyyətlər var ki, zaman ötdükcə onların yoxluğuna heyfsilənməklə bərabər, düşünürsən ki, nə yaxşı belə insanlar, belə sənətkarlar olub. Nə yaxşı ki, onlarla eyni dövrdə yaşamışıq, onları tanımışıq...

13 may dahi bəstəkar Qara Qarayevin (1918-1982) anım günü idi. Azərbaycan musiqisini bütün dünyaya tanıdan bəstəkar 37 il əvvəl bu gündə dünyasını dəyişib. Həmin gün Qara Qarayevin ev-muzeyində xatirə tədbiri düzənləndi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq görkəmli bəstəkar, pedaqoqictimai xadim Qara Qarayevin Azərbaycan musiqisində yeri haqqında fikirlərini söylədi.

Bəstəkarın qızı Züleyxa Qarayeva muzeyə toplaşan hər kəsə minnətdarlığını bildirərək xatirələrini danışdı. Züleyxa xanım ailəsində qorunan bir sıra xatirə əşyalarını Türkiyədən gətirərək muzeyə təhvil verdiyini söylədi: “Ailə üçün nə qədər dəyərli xatirə olsa da, düşündüm ki, atamın portfeli, peşəkar səviyyəsində işlətdiyi fotoaparatının obyektivləri, bir sıra fotolar, nənəm Sona xanımın mücrüsü, babam Əbülfəz Qarayevin universiteti bitirərkən diplom ilə birlikdə aldığı qiymət kağızı dövlətə məxsus olmalı, muzeydə saxlanmalıdır”.

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə böyük bəstəkarın yaradıcılığından söz açdı: Qara Qarayevin yaradıcılığı kimi, yaratdığı bəstəkarlıq məktəbi də Azərbaycan üçün böyük sərvətdir. Ümumiyyətlə, ötən əsrin əllinci illərindən başlayaraq, Azərbaycan musiqisi ilə bağlı olan hər kəs Qara Qarayev yaradıcılığının təsirini hiss edib. Məsələn, görkəmli bəstəkarımız Aqşin Əlizadə deyərdi ki, mən əyani Cövdət Hacıyevin sinfində oxumuşam, amma Qara Qarayevin sinfiniqiyabi bitirmişəm. Həqiqətən də, Qara Qarayevin sənəti çox rəngarəngdir və illər ötdükcə, onun möhtəşəmliyini daha çox hiss edirik. Görkəmli bəstəkar Valentin Silvesterovun maraqlı bir fikri var. O deyir ki, elə musiqi mətnləri var ki, onu bir dəfə dinləmək sizə bəs edir. Ona bir daha qayıtmaq istəmirsiniz. Amma elə mətnlər var ki, siz ona hər yeni ifa ilə təkrar-təkrar qayıtmaq istəyir, onun yeni ifadəsini kəşf etmək istəyirsiniz. Qara Qarayevin əsərləri məhz bu kateqoriyadandır”.

Anım tədbirinin bədii hissəsi də çox maraqlı tərtib edilmişdi. Bir zamanlar Qara Qarayevin çox sevdiyi iki ədəbi qəhrəmandan birinə - E.Rostanın “Sirano de Berjerak” əsərinin baş qəhrəmanına həsr etdiyi “Çılğın qaskoniyalı” operettasından parçalar səsləndi. Xalq artisti Ülviyyə Hacıbəyovanın müşayiəti ilə operettadan Sirano ilə Roksananın ariya və duetlərini Əməkdar artist Fəridə Məmmədova və beynəlxalq müsabiqə laureatı Mahir Tağızadə ifa etdilər.

Anım tədbiri ötən il Rusiya televiziyasının Qara Qarayevin 100 illik yubileyi münasibətilə lentə aldığı “Yol” sənədli filminin nümayişi ilə başa çatdı.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 15 may.- S.2.