Yaddan çıxmaz Qarabağ

 

 

Mayın 11-də Azərbaycan Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbinin 2018-2019-cu tədris ilinin yekununa və məktəbin keçmiş müəllimi, xanəndə İsa Rəhimovun xatirəsinə həsr edilən “Yaddan çıxmaz Qarabağ” adlı hesabat konserti keçirildi.

Tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq bildirdi ki, Şuşa şəhərinin işğalından 27 il keçir: “Əslən Şuşadan olan gənclər o mühitdən kənarda böyüyürlər. Bu tədbirlər onları şuşalı günlərə qaytarır. Onların xəyalları İsa bulağını, Cıdır düzünü dolaşır”.

Məktəbin müəllimi Ellada Məmmədova İsa Rəhimov haqqında məlumat verdi. Bildirdi ki, mərhum xanəndə Şuşada dünyaya göz açıb. Sənətin sirlərini Qarabağ xanəndələri Mehralı oğlu Bahadırdan, Abış Həsənovdan və Şelli Əsəddən alıb. Sonra Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikumunda oxuyub. Bir müddət Şuşa Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. 1966-cı ildən 2009-cu ilə qədər Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbində solfecio-nəzəriyyə və xanəndəlik ixtisasından dərs deyib.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əkbər Hacıyev qeyd etdi ki, bu konsert sayəsində biz Şuşanın sənət havasını yaşadıq, qəlbən bu şəhərə səyahət edərək onun tanınmış şəxslərini gördük. Hər dəfə də hesabat konserti bir tanınmış ziyalımızın xatirəsinə həsr edilir. Bu dəfə də unudulmaz İsa müəllimin xatirəsi yad edilir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçiləri Zahid Abbasov, Eldar Hüseynov və başqaları çıxışlarında Qarabağ bölgəsinin mədəni-mənəvi dəyərlərindən danışdılar.

Çıxışlardan sonra məktəb xorunun ifasında P.Bülbüloğlunun “Şən Azərbaycan”, N.Musayevin “Azərbaycanım”, şagirdlərin ifasında xalq mahnısı “Şuşa ceyranı”, Q.QarayevinPrelüdiya”, “Yeddi gözəl” baletindən Ayişənin rəqsi, İ.Məhərrəmovun “Şuşa yaylağı”, Ü.Hacıbəylinin “Döyüşçülər marşı”, “Cəngi”, Bethovenin “3 alman rəqsi”, S.Hacıbəyovun “Kimlər gəldi, kimlər getdi” və s. musiqi nömrələri səsləndirildi.

Çıxışlararası xanəndə İsa Rəhimovla bağlı videoçarx təqdim edildi. Sonra  şagirdlərin estetik fikrinin formalaşmasında böyük səy göstərdiyinə görə məktəbin müəllimi Rövşən Bayramova fəxri diplom verildi.

Sonda İ.Rəhimovun həyat yoldaşı Şükufə xanıma xanəndənin portreti hədiyyə edildi. Musiqiçinin qızı Lətafət xanım tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 15 may.- S.3.