Söz, dəniz, musiqi...

 

 

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçirildi.

Tədbirdən əvvəl jurnalistlərə açıqlama verən şair bildirdi ki, bu görüş onun yaradıcılığına qiymət verən oxucuları qarşısında bir hesabatıdır: “Bu yaşıma kimi yazıb-yaratdığıma görə özümü xoşbəxt hesab edirəm. Birona görə xoşbəxtəm ki, mənim 200-dən çox şeirimə tanınmış bəstəkarlarımız Arif Məlikov, Rauf Hacıyev, Elza İbrahimova, Oqtay Kazımi, Ramiz Mirişli musiqilər bəstələyib”.

Şən və pozitiv notlar üzərində qurulan gecənin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlı Yusif Həsənbəyin yaradıcılığı və ədəbiyyata gəlişi haqqında qısa məlumatı diqqətə çatdırdı. Qeyd olundu ki, ürəyində dənizə böyük məhəbbət olan şair 1932-ci ildə Quba rayonunda doğulub. Dənizçilik məktəbinə daxil olsa da, müəyyən səbəblərə görə təhsilini yarımçıq qoyub. Amma onun qəlbini heç zaman dənizə getmək, dəniz haqqında əsər yazmaq arzusu tərk etməyib. 50 yaşından etibarən bu arzusuna yetişən yazıçının “Sualtı döyüşlər” əsəri də bu sevgidən yaranıb.

Sonra qocaman ədib səhnəyə dəvət olundu. Elə xoş xatirələrlə bol sözlü-nəğməli söhbətlər də bundan sonra başladı. Səbəbkarı ilk olaraq AYB-nin sədri, Xalq yazıçısı Anar təbrik etdi. O, Yusif Həsənbəyin ədəbi mühitə gəlişi və yaradıcılığının xüsusiyyətləri ilə bağlı düşüncələrini bölüşdü.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Yusif Həsənbəyin yaradıcılığını təhlil etdi. Dedi ki, onun əsərləri həmişə maraqla qarşılanıb. Şeirlərində insan kimi yaşamağın, qocalmamağın düsturu var. Bu şeirlərdə dəniz, ekoloji mühit, insan təbiəti öz əksini tapır. O, yaratdığı əsərlərlə yaşayır, qəhrəmanlarını duyur, hiss edir.

Tədbir boyunca xalq artistləri GülyazGülyanaq Məmmədovalar, Əməkdar artist Gülüstan Əliyeva və gənc xanəndələr şairin sözlərinə yazılmış mahnıları ifa etdilər. Xalq artisti Eldost Bayram müəllifin şeirlərini səsləndirdi. İfaçıları Azərbaycan Televiziyasının Ə.Dadaşov adına Xalq çalğı alətləri ansamblı müşayiət edirdi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 17 may.- S.3.