Süleyman Stalski və
Azərbaycan
Klassik şairin 150 illiyinə
Bir gün Dağıstan Yazıçılar İttifaqına
gələn şlyapalı,
qalstuklu, təhsilli, amma doğma dilini unudan istedadsız
bir yazıçı
Xalq şairi Süleyman Stalskinin potretini göstərərək
soruşur:
- Bu motal papaqlı çoban kimdir və niyə şəklini buraya vurmusunuz?
Məşhur şair Yusif Xappalayev özündən
müştəbeh həmin
stilyaqa cavana cavab verir:
- Bu çobanın minlərlə
sənin kimi qoyunu var...
Dağıstanın Xalq şairi, ləzgi sovet poeziyasının banisi Süleyman Stalski (Süleyman Həsənbəy
oğlu Həsənbəyov)
18 may 1869-cu ildə Kürə
mahalının Aşağı
Stal aulunda kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan yetim qalmış, bir çox əzab-əziyyətlərlə qarşılaşmış və
çətinliklərə mərdanə sinə gərərək el sənətkarı
kimi əbədi şöhrət qazanmışdır.
S.Stalski
uzun müddət qürbətdə gəzib
özünə iş
axtarmalı olmuşdur.
Və ömrünün iki ilini dahi Nizaminin
vətəni Gəncədə
keçirmişdir. Burada biyan
kökü tədarük
edən “Dalğa” zavodunda ingilis sahibkarlarına qara fəhləlik etmişdir.
Azərbaycan dilini öyrənmiş,
ədəbiyyatımızla yaxından maraqlanmışdır.
Günlərlə ac-yalavac qalmış
və malyariya xəstəliyindən əziyyət
çəkmişdir. Bir müddət Səmərqənd
dəmir yolunda fəhləlik etdikdən sonra yenidən Azərbaycana qayıdır
və Bakı neft mədənlərində
çalışmağa başlayır.
Burada qənaətçiliklə
dolanır, bir az pul əldə edib 30 yaşından sonra, nəhayət, evlənmək
qərarına gəlir.
Doğma
aullarına qayıtdıqdan
sonra Mariyat adlı yetim bir qızla ailə qurur. Birlikdə kiçik kəndli təsərrüfatında halal
əməyilə ailəsini
dolandırır.
S.Stalski ilk həyat təcrübəsini
Bakı fəhlə sinfi içərisində
keçmişdir. Şair yetkin yaşlarında
şeir deməyə başlamışdır. Ədalətsizliyi və haqsızlığı
qamçılayan əsərlər
yaratmışdır. “Bülbül” adlı ilk şeiri 1900-cü ildə
yazmışdır:
Dünya
möhnətindən sən
xəbərsizsən,
Bilmirsən nə əzab, nə də kədər sən.
Halımızdan xəbər tutmursan
bəzən,
Axı müqəddəssən insana,
bülbül!
Gəl olma qayğısız, bir yuva qur
sən
İnan
ki, həmişə yanındayam mən!
Məst
ol Süleymanın nəğmələrindən,
Getmə
bu ellərdən bir yana,
bülbül!
1926-cı ildən şeirləri
“Dağıstan füqərası”
adlı vilayət qəzetində Azərbaycan
dilində çıxmağa
başlayır. Burada dağlı yoxsulların
həyatı tərənnüm
olunmuş, feodal zülmü, kapital münasibətləri, kasıbların
əhval-ruhiyyəsi, gün-güzəranı
ifadə edilmişdir.
Özü partiya üzvü
olmayan şairin “Yalançı kommunistə”
şeirində belələrinə
nifrət və ikrah hissi ön
plana çəkilmişdir.
Bu, bolşevik qılıncının dalı-qabağı
kəsən dövrdə
ağlasığmaz bir
cəsarət idi.
Qafqazda,
Orta Asiyada işləyərkən Süleyman
Şərqin böyük
ədibləri – Nizami,
Füzuli, Firdovsi, Nəvai, Nəsimi, Cami və başqa
dahilər haqqında mükəmməl bilgilər
əldə edir, yaratdıqları ölməz
əsərlərinə vurğun
kəsilir. Bu haqda oğlu Stal Müseyibin “Atam haqqında söhbət” əsərində
ətraflı məlumat
verilmişdir.
Şair Süleyman öz dövrü, həyatı,
taleyi haqqında danışır, çətin
günlərdən bəhs
edir. Dağlıların keçdiyi həyat
yolu – inqilabın həyəcanları, sonrakı
illərin çətinlikləri,
ağrıları Stalskinin
yaradıcılığında əks olunur.
O öz taleyini danışa-danışa əslində
doğma xalqından söhbət açırdı.
Və haqlı olaraq ədəbi irsi Dağıstan milli mədəniyyətinin klassik
nümunəsi hesab edilir.
1934-cü
il avqustun
17-də Moskvada Ümumittifaq
sovet yazıçılarının
I qurultayı keçirilir.
Rəyasət heyətində M.Qorki
və digər yazıçılarla birgə
S.Stalski də əyləşmişdir. O, qurultayda Azərbaycan dilində təbrik sözü söyləmiş
və axırda həmin dildə “Gəlmişik” şeirini demişdir:
Qovub ömrümüzdən tutqun
dəmləri,
Açıldı yurdumun əlvan səhəri.
Yaşa,
Qorki, bizim xəyal şəhpəri!
Gətirib uğurlu xəbər, gəlmişik.
Bizim dağlar yurdu genişdir tamam,
Şairə edilir böyük ehtiram.
Budur, Süleyman da gətirmiş salam,
Qurultaya əldə əsər gəlmişik.
A.Surkovun rus dilinə tərcümə etdiyi və A.Bezimenskinin oxuduğu şeir bitəndən sonra zalda sürəkli alqışlar qopmuşdur. M.Qorki öz
çıxışında S.Stalskinin şairlik istedadına yüksək qiymət verərək, bu savadsız, amma müdrik dağlını “XX əsrin
Homeri” adlandırmışdır.
Qurultaydan sonra şairin şeirləri daha böyük şöhrət
qazanmışdır. Əsərləri “Pravda”, “İzvestiya” qəzetlərində
və bir çox jurnallarda çap olunmuş, Moskva radiosunda səslənmişdir.
1934-cü
ildə Süleyman Stalskiyə Xalq şairi adı verilir və ilk “Seçilmiş əsərləri”
çapdan çıxır,
“Lenin” ordeninə layiq
görülür, şeirləri
dünyanın bir çox dillərinə tərcümə olunur.
1937-ci ildə Süleyman
Stalski Dərbənd seçiciləri tərəfindən
SSRİ Ali Sovetinə deputatlığa
namizəd irəli sürülür. O, kənd və obaları qarış-qarış gəzir,
xalqın dərd-sərini
öyrənir, onları
aradan qaldırmaq üçün yollar arayırdı. Amma 1937 repressiya ili
kimi çoxlarını
“xalq düşməni”,
“millətçi” etmişdi.
M.Müşfiq, Ə.Cavad, H.Cavid
və başqa şairlərimizin talelərinə
əsən qara yellər Süleyman Stalskidən də yan keçmədi. Müxtəlif haqsız təqib
və təhdidlərə
dözməyən şair
ağır xəstələnir
və həmin ilin 23 noyabrında dünyasını dəyişir.
Şair
Osman Sarıvəlli Süleyman Stalskinin vəfatı münasibətilə
yazmışdır:
Sənin
xəncər kimi iti sözlərin,
Düşmən cəbhəsini dağıtdı,
böldü.
Dağıstan şerinin söndü
ülkəri,
Deməyin, ixtiyar bir aşıq
öldü.
Lakin ağlamasın dağlı
qardaşlar,
Onların ölməyən sənətkarı
var.
Evlərdən gələcək hər
zaman səsi,
Ölsə də şairin nə dərdi vardır.
Onun gözəl sözü, şirin nəğməsi,
Xalqına əbədi bir yadigardır.
Xalq şairi
S.Stalskinin zəngin ədəbi irsi Azərbaycanda da geniş tədqiq və təbliğ olunur. 1959-cu ildə Bakıda çap olunmuş “Dağıstan ədəbiyyatı antologiyası”
kitabı məhz görkəmli şairin həyat və yaradıcılığı ilə
açılır, ədəbi
fəaliyyəti geniş
təhlil olunur. Professor Pənah Xəlilov
da S.Stalskinin yaradıcılığına kompleks
şəkildə yanaşaraq,
şairin mühiti, yaşadığı dövrün
mədəniyyəti ilə
bağlı külli miqdarda ədəbiyyatı
tədqiq etmişdir.
Şairin tərcümeyi-halı, əsərlərinin xüsusiyyəti
alim tərəfindən
sevgi ilə öyrənilmişdir. Onun 1966-cı ildə yazdığı
“SSRİ xalqları ədəbiyyatı”
əsərində bu məsələlərə xüsusi
diqqət yetirilmişdir.
Xalq şairi Süleyman Rüstəm xatirələrində
yazır: “Moskvada keçirilən SSRİ Yazıçılarının
I qurultayında mən
böyük şair Süleyman Stalski ilə tanış
oldum və dostlaşdım”. Azərbaycan
şair və alimlərindən Səməd
Vurğun, Osman Sarıvəlli, Nəbi Xəzri, Həbib Babayev, Hidayət Əfəndiyev, Teymur Əhmədov və başqaları böyük
söz ustadının
yaradıcılıq irsinə
dəfələrlə müraciət
etmiş, haqqında şeir, sanballı elmi-publisistik məqalələr
yazmışlar. Şairin əsərlərinin
Azərbaycan dilinə
tərcümə edilməsində
İsmayıl Soltanın,
Tələt Əyyubovun,
Hüseyn Kürdoğlunun
əməyini xüsusi
qeyd etmək lazımdır.
1994-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə şairin anadan olmasının 125 illiyi geniş qeyd olundu. Çıxış edən görkəmli ədiblər – Anar, Qabil və başqaları qeyd etdilər ki, Süleyman Stalski Dağıstan və Azərbaycan arasında ədəbi-mənəvi əlaqələrin möhkəmləndirilməsində, dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində mühüm rol oynamış böyük simalardan biridir. Dağıstandan gəlmiş şairin nəvəsi Lidiya Stalskayanın çıxışı hamıda böyük təəssürat yaratdı.
Gecədə şairin şeirləri səsləndi, məruzələr dinlənildi, haqqında 1957-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Mahnı belə yaranır” kinofilmi nümayiş olundu.
S.Stalskinin poeziyası o dövrün bütün mürəkkəb siyasi hadisələrini tərənnüm edə bilmişdir. Xalqlar dostluğu mövzusu onun əsərlərində gözəl ahəngini tapmışdır. “Şeirlərimi doğma ləzgi dilimdə desəm də, mən bütün xalqların şairiyəm”, – deyirdi dostluq nəğməkarı S.Stalski. Odur ki, böyük şairin 150 illik yubileyi bütün qardaş millətlərin bayramı kimi qeyd olunur və onun buna tam haqqı var. Yeri gəlmişkən xatırladaq ki, hər il mayın 18-də Dağıstanın paytaxtı Mahaçqala şəhərində şairin heykəli ucaldılmış dənizkənarı parkda Süleyman Stalski poeziyası bayramı keçirilir.
Həsən
XASİYEV
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, şair
Mədəniyyət.- 2019.- 17 may.-
S.6.