“Nəsir müəllimli illər”ə səyahət
Bilmirəm niyə, amma onu xatırlayanların xatirələrini dinlədikcə rus yazıçısı Mixail Bulqakovun “Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər” sözləri qulaqlarımda cingildədi. Yəqin bu, onun tələbələrini məhz bu prinsiplə yetişdirən və onlara öyrəndiyi hər şeyi böyük lütf ilə bağışlayan bir müəllim olmasına görədir.
Nəsir Sadıqzadə (1926-1996) məhz belə müəllimlərdən, belə sənət fədailərindən idi. Bunu onun xatirəsinin işığına toplaşan hər kəs elə içdən, elə ürəkdən deyirdi ki...
Uzun müddətdir ki, bu qədər səmimi, kövrək xatirə tədbirinə qatılmamışdım. Həmin gün (13 may) zal – Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor evi müxtəlif yaşlı və fəxri adlı rejissor və aktyorlarla dolu idi. Hamısı da onun - illərin yorulmaz və unudulmaz pedaqoqunun, sənət müəlliminin tələbələri. Toplaşma səbəbləri isə “Nəsir müəllimli illər” sənədli filminin təqdimatıydı.
ATXİ-nin təşkilatçılığı ilə ARB Televiziyası və “Aranfilm” yaradıcılıq mərkəzinin istehsal etdiyi film tanınmış teatr rejissoru, istedadlı aktyor Nəsir Sadıqzadənin pedaqoji fəaliyyətinə həsr edilib. Ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, montajçısı Pərviz Səlimov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyev olan ekran işində müxtəlif illərdə onun kursunda təhsil almış tanınmış aktyor və rejissorlar öz xatirələrini bölüşürlər.
Təsadüfi deyil ki, 30 ildən artıq müddətdə Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən N.Sadıqzadənin milli teatr tariximizdə də özünəməxsus yeri və yolu var. Onun yetişdirdiyi tələbələr hazırda incəsənətin bir çox sahələrində uğurla fəaliyyət göstərirlər. Filmdə həmin tələbələr ustadları haqqında danışırlar.
Vaxtilə N.Sadıqzadənin kursunda təhsil almış Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək illər öncəyə qayıtdı, sənət müəllimi haqqında xoş xatirələrini bölüşdü. Uzun illər keçməsinə rəğmən onu sevgi ilə xatırladığını, yaddaşında silinməz iz qoyduğunu dedi. O, həmçinin Nəsir müəllimin tədris metodikasından, tələbələri ilə iş prosesindən, təcrübəsini səxavətlə bölüşməsindən danışdı. Qeyd olundu ki, unudulmaz sənətkar paytaxt teatrları ilə yanaşı, bölgə teatrlarının da repertuarının zənginləşməsinə səy göstərib: “Nəsir Sadıqzadə heç bir məcburiyyət olmadığı halda paytaxtı, rahat həyatı və işini qoyub bölgə teatrlarına gedir, onların inkişafı üçün çalışırdı. Onun Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor kimi səhnə həyatı verdiyi maraqlı tamaşaları olub. Rusiyada teatr təhsili alan, oranın yaradıcı mühitində formalaşan, dövrünün ustad rejissor və pedaqoqlarından görüb-götürən Nəsir müəllim paytaxt və bölgə teatrlarının əksəriyyətində çalışsa da, son dayanacağı indiki Mədəniyyət və İncəsənət Universiteti olub”.
İstedadlı rejissor 1965-1966-cı illərdə Gəncə teatrında, 1970-1973-cü illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rejissor kimi çalışıb. Müxtəlif illərdə C.Cabbarlının “Aydın”, M.İbrahimovun “Kəndçi qızı”, Ə.Nesinin “Bura gəlin”, B.Vahabzadənin “Yağışdan sonra”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, M.F.Axundzadənin “Hacı Qara”, O.İoselianinin “Araba hələ aşmayıb” və s. əsərlərə quruluş verib. Klassik üslubla yeni metodların sintezini ustalıqla bacaran rejissor bu tamaşaların hər birində dramaturji materialın fərqli rakursdan həllinə nail olub. Bunu sənətkarın tələbələri, bu günün peşəkar rejissor-aktyorları da dönə-dönə vurğuladılar.
Yaddaşlarından süzülüb gələn xatirələri sənədli film vasitəsilə tamaşaçılarla bölüşən xalq artistləri Hacı İsmayılov, Məmməd Səfa, əməkdar artistlər Elman Rəfiyev, Firdovsi Atakişiyev, Ayşad Məmmədov, aktrisa Zemfira Əbdülsəmədova, rejissor Rövşən İsax bir neçə dəqiqənin içində uzaq keçmişə boylandılar. Gah gülüb, gah kədərləndilər. Şuşanın məşhur Cavanşirlər nəslindən olan kübar sənət müəllimi, teatra bağlı aktyor və novator rejissorun sənətdə açdığı özünəməxsus yola işıq salındı.
Deyəsən, illəri vərəqləmək onlar üçün də çətin idi. 80-90-cı illərin məzunları kövrək yaddaş təzələməsində zamanın o tayındakı müəllimlərinə səsləndilər. Məmməd Səfa sevimli müəllimi, sənətin sirlərini öyrəndiyi ustadı ilə foto yaddaşının, xatirə şəklinin olmamağına təəssüfləndi, Elman Rəfiyev pantomima aktyoru kimi oyununu ona göstərə bilməməyinə görə köks ötürdü, Firdovsi Atakişiyev ilk baş rolunda onun alqışını almamağına qəhərləndi. Ayşad Məmmədov isə bəzən onu caynağına alan “Niyə aktyor oldum, kaş aktyor olmazdım, bəklə yaxşı aktyor deyiləm?” düşüncələrinə qapıldığında “haradasan ay Nəsir müəllim?” axtarışından yanğı ilə danışdı. Rövşən İsax hər çəkilişində, hər yeni mizanında “Nəsir müəllim belə edərdi” deməsini etiraf etdi. Zemfira Əbdülsəmədova isə hələ uzun illər onun nurlu çöhrəsini unutmayacağını dedi.
Hacı İsmayılov, Ayşad Məmmədov müəllimləri ilə bir filmdə çəkilməklərinin səadətindən ağızdolusu danışdılar. 1995-ci ildə ekranlaşdırılan “Həm ziyarət, həm ticarət” filmində ustadı ilə tərəf-müqabil olan H.İsmayılov müəlliminin onunla necə qürurlanmasından söz açdı. A.Məmmədov 1991-ci ildə çəkilən “Bəxt üzüyü” filminin Tanrıverdi dayısının unikal oyun üslubunu yada saldı.
Kino yaddaşımızda iz qoyan “Mən ki gözəl deyildim”, “Qətl günü”, “Qəzəlxan” kimi filmlərdə yaratdığı obrazların da xatırlandığı tədbirdə N.Sadıqzadənin epizodik rollarda belə yaddaqalan oyun nümayiş etdirdiyi vurğulandı. Beləcə, həm canlı, həm də ekran xatirələrinin kövrək notlara kökləndiyi bir xatirə gecəsi də başa çatdı.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 17 may.-
S.1;5.