Görkəmli dilçi
alim Qara Məşədiyevin
80 illik yubileyi qeyd olunub
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə institutun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Əvvəlcə Qara Məşədiyevin elmi-pedaqoji fəaliyyətini əks etdirən kitab və monoqrafiyalardan ibarət sərgiyə baxış olub.
Tədbiri AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli açaraq görkəmli alimin ömür yolundan, zəngin elmi irsindən danışıb. Bildirib ki, Qara Məşədiyev çoxcəhətli yaradıcılığı ilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona öz dəyərli töhfələrini verən zəka sahiblərindən, öz dəst-xətti ilə seçilən elm xadimlərindən biridir. O, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətlər göstərib.
Sonra akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin fəxri fərmanını yubilyara təqdim edib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Professor Qara Məşədiyev: görkəmli dilçi alim, tanınmış ziyalı və xeyirxah insan” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, professor Qara Məşədiyev ömrünün 50 ilindən çoxunu Dilçilik İnstitutu ilə bağlayıb və uzun illər bu elmi müəssisənin Onomastika şöbəsinə rəhbərlik edib. Qara Məşədiyev mahir pedaqoq kimi zəngin təcrübəsindən bəhrələnərək yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Alimin rəhbərliyi ilə 30-dan çox elmlər namizədi, 6 elmlər doktoru yetişdirilib.
Diqqətə çatdırılıb ki, Qara Məşədiyev ömrünü Azərbaycan dilçilik elminin inkişafına, xüsusilə xalqımızın qədim tarixini özündə əks etdirən toponimlərə həsr edib. O, xarici ölkələrdə keçirilən simpozium və konfranslarda, elmi konqreslərdə elmimizi layiqincə təmsil edib. Qara Məşədiyevin elmi yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı, Azərbaycan dilinin tarixi ilə bağlı yazılar da xüsusi maraq doğurur.
Elmi konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsi”, professor İsmayıl Məmmədlinin “Professor Qara Məşədiyevin ömrünün 80-ci baharı” və filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Dəyərli alim, gözəl insan” mövzularında məruzələri də dinlənilib.
Professorlar Sayalı Sadıqova, Nizami Xudiyev, Sevil Mehdiyeva, İsmayıl Kazımov, dosent Qətibə Mahmudova, Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və digər çıxış edənlər dilçi alimin zəngin elmi yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən danışıb, yubilyarı təbrik ediblər.
Tədbirdə görkəmli alim haqqında sənədli film nümayiş etdirilib.
Sonda professor
Qara Məşədiyev tədbirin təşkilatçılarına
və iştirakçılarına öz
minnətdarlığını bildirib.
Mədəniyyət.- 2019.- 17 may.-
S.7.