Zəngin sənət irsimizi
dünyada tanıdan musiqişünas
AMEA Memarlıq və İncəsənət İnstitutunun ölkəmizdə, eləcə də xaricdə tanınan elmi tədqiqatçıları, alimləri var. Belə tanınmış alimlərdən biri də sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, institutun Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Sənubər Bağırovadır. O, 40 ilə yaxındır Azərbaycan xalq musiqisinin – muğamların, aşıq sənətinin öyrənilməsi və təbliği ilə məşğuldur. UNESCO-nun eksperti, Beynəlxalq Ənənəvi Musiqi Şurasının üzvüdür.
Musiqişünas alim ölkəmizin UNESCO-nun müvafiq komitəsinə təqdim etdiyi və Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınan “Azərbaycan muğamı”, “Azərbaycan aşıq sənəti” və “Azərbaycan tarı” fayl-dosyelərinin hazırlanmasında böyük əmək sərf edib. Həmçinin UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən muğam layihələrinin, layihə çərçivəsində simpoziumlar və digər tədbirlərin təşkilatçılıq işlərində yaxından iştirak edib.
Onun elmi irsi zəngindir. İkicildlik “Azərbaycan muğamı. Məqalələr və tədqiqatlar”, “Azərbaycan musiqisi və musiqiçiləri” toplusu və çoxsaylı elmi məqalələrin, Londonda beynəlmiləl elmi layihə çərçivəsində çəkilmiş “Qədim muğam və aşıq sənəti XXI əsrdə” adlı Azərbaycanın gənc musiqiçilərindən bəhs edən 90 dəqiqəlik sənədli filmin müəllifidir. O, 40-dan çox beynəlxalq elmi konfransda rəngarəng və əhatəli çıxışlar etmiş, Azərbaycan musiqisi haqqında çoxlu sayda elmi mühazirələr söyləmişdir.
Elmi fəaliyyəti ilə bərabər S.Bağırovanın elmi-ictimai fəaliyyəti də genişdir. O, ölkəmizin zəngin mədəni irsinin, o cümlədən Azərbaycan muğamlarının və aşıq sənətinin xaricdə tanıdılmasında mühüm xidmətlər göstərmişdir. Azərbaycan milli musiqisinin dünyada yayılması üçün beynəlxalq səsyazma şirkətləri ilə əməkdaşlıq edərək Böyük Britaniya, Fransa, İtaliya, Avstraliyada Azərbaycan xalq musiqisindən ibarət audio albomların buraxılmasına nail olmuşdur. Bunlardan 2008-ci ildə Fransada işıq üzü görən “Azərbaycan aşıq antologiyası”, İtaliyada 2011-2013-cü illər ərzində hazırlanmış 7 albomdan ibarət “Azərbaycanın ənənəvi musiqisi” audio antologiyası xüsusi əhəmiyyət kəsb edir. Sənubər xanım 2008-ci və 2013-cü illərdə “BBC Radio 3” kanalında Azərbaycan xalq musiqisini tərənnüm edən bir neçə verilişin təşəbbüskarı və məsləhətçisi olmuş, Azərbaycan xanəndə və aşıqlarının beynəlxalq musiqi festivallarında və konsert salonlarında konsertlərinin təşkilində iştirak etmişdir.
Görkəmli musiqişünasın yaxından iştirakı ilə yeni bir beynəlxalq musiqi layihəsi də ərsəyə gəldi; bu, fransız caz müğənnisi Pyer de Treqoman və Azərbaycan xanəndəsi Qoçaq Əsgərovun muğam-caz üslubunda yaradılmış musiqi kompozisiyalarından ibarət idi. 2017-ci ildə İtaliyada həmin kompozisiyaların lentə alınması və disk kimi buraxılması Sənubər xanımın əməyi və səyi nəticəsində reallaşmışdır. Azərbaycan Aşıqlar Birliyinin beynəlxalq əlaqələr və proqramlar üzrə katibi kimi S.Bağırova 2018-ci ilin yanvar-may aylarında Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən aşıq musiqisinə həsr olunan 6 musiqi gecəsi layihəsi hazırlamışdır.
Bu günlərdə yubileyini qeyd edən musiqişünas alim müxtəlif istiqamətlərdə öz fəaliyyətini davam etdirir. Ona möhkəm cansağlığı, işlərində yeni-yeni nailiyyətlər arzu edirik.
Rəfiqə AĞAKİŞİYEVA
AMEA Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Mədəniyyət.- 2019.- 17 may.-
S.7.