“Cazın yazı”
Xalq artisti Salman Qəmbərovun 60 illik
yubiley gecəsi
Tanınmış cazmen, pianoçu, bəstəkar, Xalq artisti Salman Qəmbərov bu il 60 illik yubileyini qeyd edir. Onun musiqi yolunu seçməyi heç də təsadüfi deyil. Xalq artisti, opera müğənnisi Hüseynağa Hacıbababəyovun nəvəsidir. Valideynləri də musiqi ilə məşğul olublar.
Mayın 13-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan cazının canlı əfsanəsinin 60 illik yubileyinə həsr olunan “Cazın yazı” adlı gecə keçirildi.
Caz ifaçısı Tofiq Həsənsoy çıxış edərək bildirdi ki, ötən əsrin 60-cı illərində Azərbaycan caz musiqisində Vaqif Mustafazadə, Rafiq Babayev yaradıcılığı əsas yer tuturdu: “90-cı illərə qədər ölkəmizdə bir neçə caz festivalları təşkil edilib. Lakin ölkə həyatının mürəkkəb illərində bu sahədə bir qədər boşluq yaranıb. Ən əsası isə, gənc musiqiçilərlə yaşlı nəsil ifaçılar arasında körpü yox idi. Sonradan bu körpü Salman Qəmbərovun timsalında yarandı. Öz dəst-xəttini yaradan Salman Qəmbərov bu gün Azərbaycan cazını dünya səviyyəsində təbliğ edir”.
Gecənin təşkilatçısı, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov bildirdi ki, bu gün Salman Qəmbərov yaradıcılığı caz sənətində 3-cü yoldur - Vaqif Mustafazadə və Rafiq Babayevdən sonra yaranan yol. Qeyd olundu ki, yubilyar ad gününü geniş şəkildə qeyd etmək istəmədiyi üçün bu gecə ona caz ifaçılarının bir hədiyyəsidir: “Konsertin “Cazın yazı” adlanması da təsadüfi deyil. Bunun anlamı cazda qol-budaq atan yeni gəncliyə işarədir və bu gün Salman müəllimi gənc caz ifaçıları öz çıxışları ilə təbrik edəcəklər”.
Daha sonra yubiley gecəsi konsert proqramı ilə davam etdi. Gənc ifaçılar, sənətdə sözünü
deyənlər və əlbəttə ki, yubilyarın ifası.
Ənənəvi, etno-caz üslubunda
olan hər çıxış və
solo ifalar, improvizasiyalar
tədbirə qatılan
caz həvəskarları
tərəfindən böyük
alqış və sevgilərlə qarşılanırdı.
Gecədə “Cəngi”
estrada folklor ansamblı ilə yanaşı, səhnədə
Əməkdar artist Tofiq
Cabbarov, pianoda Elbəy Məmmədzadə,
Nicat Aslanov, sintezatorda Afşin Əlizadə, nəfəs
alətində Firudin Həmidov və digər musiqiçilər
bir-birindən gözəl
kompozisiyalar təqdim etdilər.
* * *
Yubileyini yığcam, dostların əhatəsində qeyd edən Xalq artisti ilə qısa söhbət etmək imkanımız oldu.
- Maraqlıdır, yubiley konsertinizdə ilk olaraq gənclər səhnədən
sizi təbrik etdilər...
- Bəzən deyirlər ki, biz gedəndən sonra sənəti kim davam
etdirəcək və
yaxud filankəs getdi, onunla da
hər şey bitdi. Bu cür
yanaşma ilə razılaşmaq olmaz.
Caz musiqisi Azərbaycanda 30-cu illərdən necə inkişafa başlayıbsa,
bu gün də onun layiqli
davamçıları olan
gənc nəsil yetişməkdədir. Bu konsertdə
cazla məşğul
olan gənclərin hələ az
bir hissəsi iştirak edir. Çoxu müxtəlif ölkələrdə
səfərlərdə, festival və konsertlərdədir
və bu da məni çox
sevindirir. Çox
şadam ki, bu gün gənclər
caz sənətini və mədəniyyətimizi təbliğ
edirlər.
- Yubileyinizi, demək olar, gizli şəkildə
qeyd edirsiniz...
- Bu xarakterimdən irəli gəlir. Bu gün
dostlar yığışaraq
belə bir konserti təşkil etdilər. Tədbiri dostların təbriki
də adlandırmaq olar. Məncə, əsas olan
işimiz və bu sahədəki nailiyyətlərimizdir. Dövlət
başçısı İlham
Əliyevin sərəncamı
ilə Xalq artisti fəxri adına və
Prezident mükafatına
layiq görülmüşəm.
Buna görə Prezidentimizə, mədəniyyətimizə
daim diqqət və qayğısını
əsirgəməyən Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.
- Ad günlərinizdə ən
çox nələr,
hansı xatirələr
yadınıza düşür?
- Hər zaman anamı xatırlayıram.
O, həmişə sənətdə
və həyatda məni dəstəkləyirdi.
Musiqi sahəsinə gəlişimə,
bu sahə ilə məşğul olmağıma da çox incəliklə yanaşırdı. Bir də
müəllimlərimi, unudulmaz
pedaqoq İsmayıl Hacıbəyovu və həyatda mənə dəstək olanları xatırlayıram.
- Sizcə, caz nədir?
- Caz mənim üçün azadlıqdır,
sərbəstlikdir, həyat
tərzidir. Mənim hobbim də
cazdır, peşəm
də cazdır.
- Sevənlərinizə ürək
sözünüz...
- Əslində, dostlarım
tərəfindən belə
bir yubileyin keçirilməsi çox
gözlənilməz oldu. Konsertdə iştirak
edən dostlara, konsertin texniki heyətinə, işıqlandıran
və təbrik edən media nümayəndələrinə
minnətdarlığımı bildirirəm.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 17 may.-
S.4.