“Xəzərin üzərində yelləncək”
asan Mariya
…Nə gizlədək, istər sovet dövründə, istərsə də müstəqillik illərində yaxından-uzaqdan Azərbaycana yolu düşən söz sahiblərindən, iş adamlarından, siyasətçilərdən özümüz barədə fərqli fikirlər eşitmişik.
Onların hamısı Bakıda ikən, Azərbaycanı tərk edənədək bizim haqqımızda, ölkəmizlə bağlı xoş sözlər söyləyiblər. Amma elə də olub ki, bəziləri buradan gedəndən sonra hansısa – bizə bəlli və bəlli olmayan – səbəblərdən subyektiv, qərəzli, qanqaraldıcı fikirlər də dilə gətiriblər. Bu yazıda isə həqiqətin gözünün içinə dik baxan, Azərbaycanı, Bakını qəlbən sevib öz məhəbbətini bəyan etməkdən çəkinməyən bir xanımdan bəhs edəcəyik. Üstəlik, bu xanım çox cəsarətlidir. Hətta “Xəzərin üzərində yelləncək” asacaq qədər…
Bu xanım “Biznes-Dialoq Media” təşkilatının baş direktoru, Moskva vilayəti Ticarət-Sənaye Palatasının İşgüzar kommunikasiyalar və sosial innovasiyalar komitəsinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Mariya Suvorovskayadır.
Mariya dəfələrlə Azərbaycanda olub, iki ölkə arasında işgüzar və ticarət əlaqələrinin qurulması və inkişafı naminə bacarığını əsirgəməyib. Bakıda qazandığı dostlarının sayı onun təmsil etdiyi təşkilatın tərəfdaşlarından qat-qat çoxdur. O ki qaldı “Xəzər üzərində yelləncək” məsələsinə, bu, Mariya Suvorovskayanın kitabının adıdır. Kitab ötən il rus dilində Moskvada çap olunub. Bu il isə Azərbaycan oxucusu Mariya Suvorovskayanın ölkəmizə və xalqımıza məhəbbət dolu kitabı ilə tanış olmaq imkanı qazanıb. Beləliklə, işgüzar dairələrin, biznes mətbuatını izləyənlərin tanıdığı imzanın əhatə dairəsi bədii ədəbiyyat sevənlərin çevrəsi qədər genişlənib.
Bəs bu kitab nə barədədir? Müəllif
“Xəzər üzərində
yelləncək”, onun qəhrəmanları barədə
danışmazdan öncə
kitabın anonsunda belə yazır: “Hər birimiz həyatımız boyu bircə dəfə də olsa, taleyüklü
yelləncəyin girovuna
çevrilmək, bizə
rahatlıq verməyən
emosiyalarla dolu qəlbimizi sonsuzluğa aparmaq arzusunda olmuşuq. Lakin bu zaman dayanmaq və seçmək imkanımız
da var. Yaşadığımız
adrenalini özümüzə
yaxın bildiyimiz sakitlik və sabitliklə əvəz edə bilərik. Hansı yaxşıdır, sakitlik,
yoxsa qəfil zərbə? Ritorik sualdır,
deyilmi?!
…Və bu povestin
hər bir qəhrəmanı gələcəyini
təyin etmək, həyatının istiqamətini
dəyişdirmək naminə
özü qərar verir”.
Maraqlıdır ki, Mariya Suvorovskaya öz povestində əsasən Bakıya yolu düşəndən
sonra simasında Şərq-Qərb sintezini
maraqlı tərzdə
birləşdirməyi bacarmış
şəhərə, onun
insanlarına aşiq olan, taleyinə qafqazlılarla tanışlıq
şansı düşmüş
moskvalı, peterburqlu qadınların həyat hekayətini nəql edir. Ən maraqlısı isə
budur ki, müəllifin qəhrəmanları
Azərbaycan mətbəxinə
də heyranlıqlarını
yaşatmağı bacarırlar.
Onlar şəkərbura, paxlava
kimi ləziz şirniyyatla yanaşı,
həm də qutab bişirməyi öyrənir, dolma bükürlər. Təsadüfi
deyil ki, povestin bir insan
taleyindən, bir məhəbbət macərasından bəhs edən hər fəsli həmin yeməklə assosiasiya olunur, həm də onun reseptinin
izahı ilə davam edir. Povestin
nakam sevgi yaşayan qəhrəmanları
ilə sevgidən yarımış qəhrəmanlarını
birləşdirən də
elə bu məqamdır deyəsən:
onların ən acı xatirələrinə
Azərbaycan mətbəxinin
dadı, ləzzəti
qarışdığı üçün bu diyarı yalnız xoş hislərlə yada salırlar.
Bəs Mariya özü bu barədə nə deyir? Axı, müəllif
də öz qəhrəmanları kimi Bakıya, milli mətbəximizə aşiqdir…
Mariya Suvorovskayanın
kitabının Bakı
Kitab Mərkəzində
gerçəkləşən təqdimat mərasimində
onunla şəkil çəkdirmək istəyən,
avtoqraf alan
oxucuların, dostların
diqqətindən yayınıb
kəlmə kəsərkən
verdiyimiz suallardan birinci elə bu idi. Cavab
isə bu oldu:
- Mənimlə “Xəzər
üzərində yelləncək”
povestimin qəhrəmanlarını
birləşdirən tək
bir cəhət var: o da Bakıya,
Azərbaycana bəslədiyimiz
məhəbbətdir. Son illər işlə, biznes layihələri ilə əlaqədar Bakıya tez-tez gəlirəm. Növbəti səfərdən qayıdarkən
təyyarədə səfər
yoldaşlarıma Bakı
ilə bağlı təəssüratlarımı, taleyi Bakıdan, Azərbaycandan keçən
qadınlardan eşitdiyim
əhvalatları danışdım.
Sözümün sonunda
dedim ki, nə vaxtsa, yəqin ki, pensiyaya çıxandan sonra bütün bunları yazacağam. Onlardan biri isə təklif
etdi ki, yazmağı niyə təxirə salırsan?
Elə indi başla!... Təklif ağlıma
batdı və mən işə girişdim. Təxminən ay yarım ərzində
düşündüklərimi yazıya köçürdüm
və kitab çıxdı. Sonra Bakıda
olarkən hörmətli
yazıçı Anar
mənə bu kitabı Azərbaycan dilinə çevirməyi
təklif etdi və indi də
budur, kitab artıq əlinizdədir.
- Mariya, azərbaycanlıların
bir məsəli var: əldən qalan əlli il qalar.
Sağ olun ki, sevginizi əsirgəmədiniz,
onu izhar etməyi təxirə salmadınız. Sizin bu məhəbbətinizi
görəndə adama
elə gəlir ki, sanki uşaqlığınız
Bakıda keçib, əslən “bizim ruslar”dansınız.
- Bakını çox gec kəşf etsəm də, ona lap uşaqlıqdan aşiqəm. Babamla nənəm Moskva ətrafında, Kolomnada yaşayırdılar. Onların Zinaida Samsonovna adlı bir qonşusu var idi. Bu qadın öz doğma şəhəri – Bakıya necə aşiq idisə, hər söhbətini fırladıb bu şəhərin üstünə gətirərdi. Mən isə onun söhbətlərinə nağıl kimi qulaq asardım. İş elə gətirdi ki, ilk dəfə 2012-ci ildə turist kimi Bakıya gəldim. Gəldim və Zinaida Samsonovnanın məhəbbətinə haqq qazandırdım. İlk görüşdən Bakıya aşiq oldum. Sonradan bu şəhərə işlə əlaqədar tez-tez gəlməli oldum. Bakı məni təkcə gözəlliyi ilə heyran etməmişdi. Mən sizin qonaqpərvərliyinizə, xeyirxahlığınıza heyranam! Hər dəfə də çox maraqlı tale yaşamış insanlarla tanış olduğumdan Azərbaycana məhəbbətim get-gedə artır. Bakı mənim üçün doğma şəhərə çevrilib. Burada heç zaman darıxmıram. Azərbaycana hər səfərim məndən ötrü xoş hislər, yeni tanışlıqlar, etibarlı işgüzar əlaqələr deməkdir. Mənim digər layihəm – “World Business Guide. Azerbaydjan” jurnalı Azərbaycanın Rusiya və dünyanın digər ölkələri ilə qarşılıqlı işgüzar münasibətinə həsr olunub. Mən Azərbaycanı gördüyüm kimi göstərmək istəyirəm.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 22 may.-
S.7.