Mədəniyyətimizin 60 il öncəki baharı

 

 

1959-cu ilin mayında Moskvada keçirilən Azərbaycan dekadası dövrün mətbuat səhifələrində

 

Aprel 1938, may 1959... Moskva, Azərbaycan incəsənəti ongünlüyü. Bu iki tarix arasında 21 il keçmişdir. Hər iki ongünlük Azərbaycan incəsənətinin böyük qələbəsi, böyük uğuru demək idi...

1938-ci il dekadasının möhtəşəm keçməsi görkəmli bəstəkar Üzeyir Hacıbəylinin gərgin işi böyük zəhməti sayəsində mümkün olmuşdur. Dekadaya o dövrdə istər Azərbaycanda, istərsə SSRİ məkanında mətbuat səhifələrində geniş yer ayrılmışdı. İlk dekadada Üzeyir bəyin iki əsəri – “Koroğluoperası Arşın mal alanoperettası nəinki Moskva tamaşaçılarını, həmçinin İ.V.Stalin başda olmaqla bütün dövlət rəhbərliyini valeh etmişdi.

1948-ci ildə biz Üzeyir bəyi cismən itirdik. Şair Məmməd Rahimin dili ilə desək: “Ona ölüm yoxdur, ölən bədəndir. Ölüm düha üçün əfsanədəndir”. Üzeyir bəy neçə-neçə gözəl bəstəkarlar yetişdirmişdir. Onların adı, şöhrəti Azərbaycanın hüdudlarını çoxdan aşmışdır: Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Süleyman Ələsgərov və b. O, bir Üzeyir məktəbi yaratmışdır. 1959-cu ilin 22-31 may tarixində Moskvada keçirilən dekada da Üzeyir məktəbinin yetirmələrinin əsərləri – Q.QarayevinYeddi gözəl” baleti, F.Əmirovun “Sevil” operası, S.Hacıbəyovun “Gülşən” baleti və başqaları Moskvada böyük uğur qazanmışdı.

Bu yazıda oxucuları Moskvaya, 1959-cu ilin may ayına qiyabi səyahətə dəvət etmək istərdik. Gəlin, dövri mətbuatın səhifələrini vərəqləyək...

* * *

Bu günlərdə Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatının ongünlüyü başlamışdır. Bu ongünlükdə Azərbaycanın görkəmli teatr xadimləri, bəstəkarları, dirijorları, rəssamları, yazıçıları və s. iştirak etmişlər.

Danışır ongünlük iştirakçıları.

 

Azərbaycanın Xalq artisti, dirijor, maestro Niyazi:

- Birinci ongünlükdən keçən iyirmi bir il respublikamızın bir çox ədəbiyyat və incəsənət  xadimləri kimi mənim üçün də gərgin yaradıcılıq və böyük imtahan illəri olmuşdur. Bu illər ərzində mən ölkəmizin bir çox böyük şəhərlərində və xarici ölkələrin paytaxtlarında bəstəkarlarımızın ən gözəl musiqi əsərlərinin ifasında iştirak etmişəm. Ongünlükdə isə mən “Koroğlu”, “Sevil” operalarında, “Yeddi gözəl” baletində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertlərində dirijorluq etdim. Bu mənim üçün böyük fəxrdir.

1959-cu ildə Moskvanın teatrkonsert salonlarında doğma Azərbaycan musiqisinin xoş təranələri səslənirdi. Böyük Teatrın səhnəsində dahi bəstəkarımız Ü.Hacıbəyovun “Koroğlu” operasının gözəl ariyaları, duetləri, Bülbülün məlahətli səsi dinləyiciləri heyran qoymuşdu.

Tamaşada musiqinin ahəngdarlığı ilə yanaşı, dekor və geyimlərin də gözəlliyi nəzərləri cəlb etmişdir. Xalq qəhrəmanlığının timsalı Çənlibel səhnəsinin dekorları xüsusi əzəmətlə görünürdü. Operanın bədii tərtibatı gənc istedadlı teatr  rəssamı Əyyub Fətəliyevin ilk yaradıcılıq nailiyyəti idi. Az müddət ərzində rəssam Ü.Hacıbəyovun “Əsli və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib”, C.CahangirovunAzad”, R.MustafayevinVaqif” operalarına tərtibat vermişdir. Əsərlərin tərtibatı Əyyub Fətəliyevin Azərbaycan səhnəqrafiya sənətinə novatorluq meyli gətirdiyini sübut etmişdir.

Ongünlük zamanı Xalq artisti M.Məmmədovun quruluşundaKoroğlu” ilə birlikdə F.Əmirovun “Sevil” operası da böyük müvəffəqiyyət qazanmışdı. Respublikamızın bütün incəsənət işçiləri kimi, gənc rəssam Əli Minayi və istedadlı gənclər Əli və Hüseyn Pariyab qardaşları da ongünlük üçün böyük həvəslə mücrü hazırlamışdılar...

 

Xalq artisti Şövkət Məmmədova ongünlüyə gedərkən fikirlərini belə bölüşmüşdü:

- Mən gözəl musiqi zövqü olan dinləyicilər qarşısında ərəb xalq mahnısı  “Şələbiyyə” C.CahangirovunAzad” operasından “Fars qızının mahnısı”nı və Azərbaycanın dahi şairi Füzuliyə həsr etdiyi kantatanın solo hissəsini və başqa mahnıları oxuyacam.

 

Azərbaycanın məşhur xalçaçı rəssamı Lətif Kərimov:

- Mən sənət yarışı olan Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə işlədiyim naxışlarla Azərbaycan xalça ittifaqının toxuyub təzəcə xanadan kəsdiyi altı xalça gətirmişəm. Bunlar “Qızıl xalça”, “Pambıq nişan”, “Araz”, “Ləçək-turunc”, “Yeni xalça” və “Göygöl” adında xalçalardır.

 

Bülbül ongünlükdən danışarkən deyirdi:

- Bizim musiqi yaradıcılığımızın belə sürətlə inkişafını təmin edən zəngin mənbələrdən biri xalq musiqisidir. Məhz buna görə milli opera sənətimizdə xəlqilik özünün bu qədər aydın və parlaq ifadəsini tapmışdır. Koroğlubunun ən gözəl nümunəsidir. İyirmi bir il əvvəl 1938-ci ildə bu əsər teatrların səhnələrində nə qədər əzəmətlə səslənmişdisə, bu güno, eləcə səslənir və öz təravətini itirmir. Mən hələ o vaxt birinci ongünlükdə olduğu kimi, indiböyük ilham, şövqlə “Koroğlu” operasının məşhur ariyasını oxuyacam. 

Çünki oldun dəyirmançı,

Çağır gəlsin dən, Koroğlu!

 

Ongünlükdə Azərbaycan rəssamları da öz əsərlərini təqdim etmişdilər. Onlardan Fuad Əbdürrəhmanovun “Çoban” heykəli, Tokay Məmmədovun “S.Vurğun” və “Niyazi” əsərləri, Ömər Eldarovun heykəl qrupu təqdim olunmuşdur. Ongünlükdə gözəl əsərləri ilə tamaşaçıları valeh edən görkəmli rəssamımız Səttar Bəhlulzadə də iştirak etmişdir. O, “Bizim dağlar” adlandırdığı Babadağın fonunda çəkdiyi mənzərəli tablonu keçirilən sərgidə tamaşaçılara təqdim etmişdir. 

Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyü ciddi bir imtahan idi. Bu imtahanda  xalqımız əldə etdiyi nailiyyətləri, öz bacarığını nümayiş etdirmişdir. Dostlarxeyirxahlar qarşısında verilən bu imtahanın nəticəsində Azərbaycan ədəbiyyat və incəsənəti daha da irəliləmiş, yüksəlmiş və boy atmışdır.

 

Bəyim DADAŞOVA

Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

 

Mədəniyyət.- 2019.- 22 may.- S.6.