Məhəmməd Hadinin 140 illik yubileyi qeyd edilib

 

 

 

Mayın 17-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı Kürdəmir şəhər 3 saylı orta məktəbdə XX əsr Azərbaycan şeirində romantizm cərəyanının görkəmli nümayəndələrindən olan Məhəmməd Hadinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirib.

Filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı böyük şair M.Hadinin Şərq Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyərək şeirlərində yaradıcı şəkildə əks etdirməsindən, ədəbiyyat tariximizdə özünə layiqli yer tutmasından danışıb. Eyni zamanda o, 1902-ci il Şamaxı zəlzələsindən sonra Hadinin Kürdəmirə köçərək müəllimlik fəaliyyəti ilə məşğul olmasından indi 116 yaşı olan bu məktəbin onun təşkilatçılığı ilə tikilməsindən bəhs edib.

Tədbirdə M.Hadinin çətin ağrı-acılı həyatından yaradıcılığından bir çox məqamları əks etdirən videoçarx nümayiş etdirilib.

Toplantıda şairin fəlsəfi görüşlərindən, öz əsərlərində haqsızlığa, ədalətsizliyə etirazından, dövrünün ictimai-siyasi hadisələrinə, mövcud quruluşun yaramazlığına, despotizmə, ətalətə, geriliyə etiraz etməsindən söz açılıb.

Publisist Tofiq Abdullayev, tarixçi-araşdırmaçı Ağa Zeynalov çıxış edərək M.Hadinin Kürdəmirdə yaşadığı, işlədiyi dövrlərdən əldə etdikləri maraqlı məlumatları tədbir iştirakçılarına çatdırıblar.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 22 may.- S.7.