“Bölgələrdən bölgələrə”
yaradıcılıq festivalı Şamaxıda
Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri mayın 16-da Şamaxı şəhərində keçirilib. Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, yerli sakinlər iştirak edib.
Heydər Əliyev parkında təşkil olunan mədəniyyət bayramında rayon sakinləri və qonaqlar “Nağaraçalanlar”, “Pirqulu” instrumental ansamblarının maraqlı ifalarını dinləyiblər. Xalq çalğı alətləri orkestri və xor kollektivinin rəngarəng çıxışları, uşaq incəsənət və musiqi məktəbləri şagirdlərinin ifaları festivalın proqramını daha da yaddaqalan edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivilərinin özünəməxsus çıxışları ilə davam edib.
Sonra tədbir iştirakçıları regional mədəniyyət idarələrinin sərgi guşələrinə baxıblar. Şəhər və rayonların yaradıcı insanları dekorativ-tətbiqi sənət nümunələrini, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını, digər əl işlərini nümayiş etdiriblər. “Nəsimi ili” ilə əlaqədar qurulan kitab guşəsi də maraqla qarşılanıb. Məktəblilər görkəmli Azərbaycan şairi ilə bağlı kompozisiya təqdim ediblər.
Yaradıcılıq festivalının konsert hissəsində regional
idarələr üzrə folklor
qrupları, yerli incəsənət və
bədii özfəaliyyət kollektivləri konsert
proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi
nömrələri, rəqslər tamaşaçılar tərəfindən
alqışlanıb. Qeyd edək ki, Azərbaycanın
şəhər və rayonların mədəni zənginliyi, sənətkarlıq
irsi və incəsənəti ilə
tanış olmağa imkan
yaradan “Bölgələrdən bölgələrə”
yaradıcılıq festivalı ikinci dəfədir
ki, təşkil olunur.
Mədəniyyət.- 2019.- 22 may.-
S.5.