Paytaxtımızda ilk
dəfə incəsənət əsərlərinin hərracı
keçirildi
Mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirildi.
Auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyi gücləndirmək məqsədilə təşkil olunub.
Hərraca Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun “İnqermandland” adlı Rusiya imperatoru I Pyotr dövrünə aid döyüş gəmisinin maketi çıxarılmışdı.
Mərasimdə jurnalistlərə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi: “İlk dəfədir ki, Azərbaycanda beynəlxalq tələblərə uyğun olaraq rəssamların əsərləri auksion vasitəsilə satışa çıxarılır. Bu proses ölkəmizin yaradıcılıq sənayesinin inkişafı baxımından çox önəmli bir hadisədir. Hazırda dünyada yaradıcılıq sənayesi vasitəsilə böyük maliyyə imkanları əldə edilir”.
Nazir vurğuladı ki, gələcəkdə Azərbaycan rəssamlarının əsərləri nəinki ölkə daxilində, həmçinin xaricdə də keçirilən auksionlarda iştirak edə bilər. Bu təşəbbüs dəstəklənəcək və gələcəkdə bu kimi auksionlar mütəmadi keçiriləcək.
Hərracın başlamasından öncə Azərbaycan
Dövlət Rəsm Qalereyasının direktoru
Qalib Qasımov çıxış edərək
tədbirin ölkəmizin sənət tarixində əlamətdar
hadisə olduğunu dedi.
Bildirdi ki, “Auction Baku”
MMC bundan sonra da bu cür
hərraclar gerçəkləşdirəcək. Təqdim olunan
əsərlər Azərbaycanın
tanınmış rəssamlarının
işləridir. Auksiona çıxarılan
əsərlərin hamısı
şəxsi kolleksiyalarda
yer alır.
Daha sonra hərracın ilk çəkici
vuruldu və satışa çıxarılan
əsərlər elan
edildi.
Rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu hərracda 1000 manata satıldı. Aslan Rüstəmovun “Bahar 2015”
əsəri 2200 manata,
Mirazər Abdullayevin “Sürət” əsəri
3300 manata, Şamil Cəfərovun “İnqermandland”
gəmisi 1300 manata alıcısını tapdı.
İlk auksionda ümumilikdə beş
lot satıldı. Ən bahalı
lot Mirazər Abdullayevin
“Sürət” əsəri
oldu.
Auksionda
xalq rəssamları Böyükağa Mirzəzadənin
“Səhnə arxasında”,
Maral Rəhmanzadənin
“Göl”, “Lənkəran”
tabloları, həmçinin
Tofiq Cavadovun “Kamal Əhmədin portreti” və başqa əsərlər
təqdim olunurdu.
Qeyd edək
ki, hərraca çıxarılan əsərlərin
ilk qiymətləri 500-70 000 manat arasında təyin olunmuşdu.
FARİZ
Mədəniyyət.- 2019.- 22 may.-
S.1;3.