Sənət və sevinc
bir araya gələndə
Uşaq Filarmoniyası əsaslı təmirdən
sonra yenidən qapılarını
istedadların üzünə açdı
Mayın
21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası
binasının əsaslı təmir və yenidənqurmadan
sonra açılış mərasimi keçirildi.
Filarmoniyada təhsil alan uşaqlar teatrlaşdırılmış səhnəciklə qonaqları foyedə qarşılayaraq təmirdən çıxmış binanın müjdəsini verdilər.
Mərasimdə iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev filarmoniyanın təmirdən sonrakı vəziyyəti ilə tanış oldu. Təmir işlərinin yüksək səviyyədə aparıldığını bildirən nazir Uşaq Filarmoniyasının ölkəmizin mədəni həyatında xüsusi yeri olduğunu dedi: “Hazırda Azərbaycanın müxtəlif yaradıcı kollektivlərində çalışan adlı-sanlı sənətkarların bir çoxu 1991-ci ildən fəaliyyət göstərən bu mədəniyyət ocağının yetirməsidir. Filarmoniyada bir neçə istiqamət üzrə 500-dək uşaq təhsil alır. Rəqs, rəssamlıq və digər sənət növləri tədris edilir. Təmirdən sonra burada təhsilin səviyyəsi əvvəlkindən də yüksək olacaq, mədəniyyət ocağına üz tutan uşaqların sayı daha da artacaq. İnanıram ki, filarmoniyada təhsil alan uşaqlar ölkəmizi bundan sonra da beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Bu mədəniyyət ocağının yüksək səviyyədə təmirinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev uşaqlara hər zaman böyük qayğı göstərirdi və bu gün bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Azərbaycanda həyata keçirilən strategiyanın prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin və təhsillərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir: “Bu gün bizim kollektiv üçün çox xoş bir gündür. Uşaqlar üçün yaradılan belə gözəl şəraitə görə bütün əlaqədar qurumlara valideynlər və uşaqlar adından minnətdarlığımızı bildiririk”.
Direktor qeyd etdi ki, Uşaq Filarmoniyası balacaların bədii-estetik inkişafı, istedadlarının üzə çıxması, onların formalaşması ilə əlaqədar sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub saxlamaq filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaqların arasından istedadlılar üzə çıxarılır.
Çıxışlardan sonra Uşaq Filarmoniyasının təşkil etdiyi konsert proqramı təqdim edildi. Proqramda uşaqlar tərəfindən təqdim olunan rəqs, teatr səhnəcikləri, vokal və muğam nömrələri böyük alqışlarla qarşılandı.
Konsert proqramını izləyən nazir bir daha uşaqları təbrik edərək onlara yeni təmirdən çıxmış binada nailiyyətlər arzuladı: “Ümidvaram ki, yeni şəraitdə görkəmli incəsənət xadimlərindən dərs alan şagirdlər mədəniyyətimizə öz töhfələrini verərək, gələcəyin ulduzlarına çevriləcəklər. Bu işdə müəllimlərə, valideynlərə və uşaqlara uğurlar arzulayıram”.
Qeyd edək ki, ötən il başlanan təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyası yeni avadanlıqlarla təmin edilib, məşğələ zalları və böyük konsert zalı yenilənib. Kollektivə rəqs qrupları üçün kostyumlar hədiyyə edilib.
Hazırda filarmoniyada Folklor mahnı və rəqs ansamblı, Xalq çalğı alətləri ansamblı, Xor kollektivi, Uşaq teatrı, Kamera ansamblı, Nəfəsli alətlər ansamblı, “Bacarıqlı əllər” rəsm dərnəyi, Gənclər simfonik orkestri, Gənclər xalq çalğı alətləri orkestri fəaliyyət göstərir.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 22 may.-
S.1-2.