Yazıçını yaddaşlarda
yaşadan onun əsərləridir
Böyük ədib İlyas
Əfəndiyev anadan olmasının 105-ci
ildönümü ərəfəsində
yad edildi
Mayın 23-də Milli Kitabxanada Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr edilən tədbir və elektron məlumat bazasının təqdimatı keçirildi. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə nazir Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.
Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq görkəmli yazıçının Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, İlyas Əfəndiyev özünəməxsus yaradıcılıq yolu keçib, ölməz sənət nümunələri yaradıb. Müəllifin dram əsərləri 70 ildən çoxdur ölkəmizin aparıcı teatrlarının repertuarının əsasını təşkil edir. Bu əsərlər bir neçə aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayıb. İlyas Əfəndiyevin əsərləri müxtəlif dillərə tərcümə olunub.
Sonra yazıçının həyat və fəaliyyətini əks etdirən qısa film nümayiş olundu, Milli Kitabxana tərəfindən hazırlanan “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazası təqdim edildi.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, hər bir yazıçının xalqın yaddaşında yaşamasının əsas səbəbi onun yaradıcılığının özünəməxsusluğudur. Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əziz tutulması, zəngin irsinin rəqəmsal şəkildə təbliği böyük əhəmiyyət kəsb edir.
Nazir 1980-ci ildə ulu öndər Heydər Əliyevin İlyas Əfəndiyevə Dövlət mükafatını təqdim edərkən onun yaradıcılığı haqqında söylədiyi fikirlərdən sitat gətirdi: “İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl, bədii dilinə, həm məzmununa, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir göstərir. Onun kitablarında körpüsalanların çətin işi, neftçilərin qəhrəmanlığı, müasir kəndli həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir”.
Vurğulandı ki, yazıçının ədəbi irsi bütün dövrlərdə gənc nəslin təlim-tərbiyəsində xüsusi önəm kəsb edib. İlyas Əfəndiyevin yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının inkişafında da böyük xidmətləri var. Yazıçının ilk əsəri 75 il əvvəl – 1944-cü ildə səhnəyə qoyulub. O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük vətəndaş, vətənpərvər insan idi. Qarabağ mövzusu onun üçün ağrılı mövzulardan idi.
Hər il Milli Dram Teatrı mövsümü müəllifin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır. Bu da teatr ictimaiyyəti tərəfindən İlyas Əfəndiyevin xatirəsinə göstərilən böyük ehtiramın bir nümunəsidir.
2014-cü ildə görkəmli yazıçının 100 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladan Əbülfəs Qarayev bildirdi ki, İlyas Əfəndiyevin adı hər zaman böyük iftixar hissi ilə yad ediləcək.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük ədibin yaradıcılığının məziyyətlərindən danışdı: “İlyas müəllimin yazdığı əsərlər həqiqi ədəbiyyat nümunələri idi. Onun sovetlər dönəmində “Sən həmişə mənimləsən” kimi əsərinin Tofiq Kazımovun quruluşunda teatrlarda nümayiş edilməsi sənət ocaqlarına yeni bir ab-hava, yeni estetik prinsip və üslub gətirdi. İlyas Əfəndiyevin nəsr əsərlərini ədəbiyyatımızın şah əsərlərindən hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə də müasir dövrdə yazdığı pyesləri ədəbiyyatımızın qızıl fondunda qalacaq”.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov İlyas Əfəndiyevin ədəbiyyata “Kənddən məktublar” əsəri ilə gəldiyini dedi: “Yazıçının əsərlərində “xalqdan gəlmədən yazıb-yaratmaq mümkün deyil” ifadəsini görürük. Bu onun yaradıcılığı ilə sübut olunan ifadədir. İlyas müəllimin yaradıcılığında çox güclü kolorit var. Qarabağ mühitinin ifadə tərzi, tarixi, etnoqrafiyası tam bir sistemlə onun yaradıcılığında müşahidə edilir. Çox zəngin publisistikası olan yazıçının etnoqrafik yaddaşı da güclü idi”.
Professorlar Qəzənfər Paşayev, Məryəm Əlizadə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlı, Xalq artisti Firəngiz Mütəllimova çıxış edərək bildirdilər ki, böyük dramaturq əsərlərində dövrün mənəvi-əxlaqi və psixoloji problemlərini ustalıqla əks etdirib.
Vurğulandı ki, həyat hadisələrini bütün incəliklərinə qədər təsvir edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili, bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.
Sonda çıxış edən Xalq yazıçısı Elçin atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür etdi. Bildirdi ki, vəfatından uzun illər keçməsinə baxmayaraq, İlyas Əfəndiyev hər gün öz oxucusunun və tamaşaçısının yaddaşındadır: “Bu gün dövr də dəyişib, ideologiya da. Amma nə xoş ki, bu gün müstəqil Azərbaycan oxucusundan İlyas Əfəndiyevin gizlədiləcək bir əsəri belə yoxdur. Çünki o bütün yaradıcılığı boyu ideologiyaya deyil, ədəbiyyata xidmət edib. Buna görə də əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi-mədəni mühitində həmişəyaşar olacaq”.
LALƏ
Mədəniyyət.- 2019.- 24 may.-
S.1-2.