Rənglərin melodiyası...   

 

 

Tanınmış rəssam Vədud Müəzzinin Bakıda növbəti sərgisi

 

Mayın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam və heykəltəraş, musiqiçi Vədud Müəzzinin fərdi sərgisinin açılışı oldu.Sərgi Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Muzey Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək diqqətə çatdırdı ki, rəssamın Bakıda ilk sərgisi 2002-ci ildə Prezident Heydər Əliyevin göstərişi ilə təşkil edilib. Daha sonra fırça ustasının 2013 və 2018-ci illərdə də paytaxtımızda sərgiləri keçirilib: “Mayın 26-dək davam edəcək budəfəki sərgidə Vədud Müəzzinin realist üslubda yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş olunur. Bu nümunələr içərisində qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər yer alır. İnanıram ki, bu sərgi paytaxtımızın mədəni həyatında hadisəyə çevriləcək. Çünki bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib”.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Vədud Müəzzini təbrik edərək bildirdi ki, sərginin açılışı əsl sənət bayramıdır. Çünki burada həm rəssamlar, həm də musiqiçilər bir araya gəlib: “Vədud təkcə rəssam deyil, həm də gözəl müğənnidir. Leonardo da Vinci deyir ki, rəngkarlıq poeziyadır - sən onu görürsən, poeziya isə musiqidir - sən onu eşidirsən. Bu gün biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazanacağıq”.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın özünəməxsus üslubundan söz açdı: “Vədud Müəzzin miniatür rəssamlığın geniş yayıldığı Ərdəbildə dünyaya gəlib və modernist ruhlu Türkiyədə təhsil alıb. Amma o nə miniatürə, nə də modernizmə meyil etdi. Realizmə üstünlük verən rəssamın əsərləri həmişə böyük maraqla qarşılanır”.

Sonra rəssam-xanəndə xalq mahnıları və muğamlardan ibarət qısa ifasını təqdim etdi.

Qonaqlar sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, Vədud Müəzzin 1960-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Rəssamlıq təhsilini Tehran İncəsənət Universitetinin Dekorativ incəsənət fakültəsində alıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetində təhsilini davam etdirib.

Rəssamın İranın bir çox şəhərləri ilə yanaşı, Avropa ölkələrində, ABŞ və Kanadada fərdi sərgisi təşkil olunub, qrup sərgilərdə iştirak edib. İranda onun rəsm əsərlərindən ibarət dördcildlik albom-kataloq nəşr olunub. O, həmçinin rəssamlıq və musiqinin sirlərini tələbələrinə öyrədir.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 24 may.- S.2.