Kiçik rolların məharətli
ifaçısı
Onun haqqında söylənilən fikirlərdə, yazılan məqalələrdə bu ifadəyə tez-tez rast gəlirik – kiçik rolların məharətli ifaçısı. Söhbət istedadlı aktyor Məmmədsadıq Nuriyevdən gedir.
Çöhrəsində daim təbəssüm olan baməzə xarakterli rollar ifaçısını təvazökar insan kimi xatırlayırlar. Ekran personajlarını səmimi oyunu ilə hafizələrə yazan sənətkarın bəlkə də təvazökar xüsusiyyətli olmasındandır ki, ömrünün 40 ilini sənətə həsr edən aktyoru 100 illiyində xatırladıqda belə adının qarşısında heç bir fəxri titulunu qeyd edə bilmirik, buna da təəssüflənirik...
Əslində, bir aktyorun oynadığı hər hansı bir epizod rol xatırlanırsa, deməli, o artıq kiçik rol deyil, o rolda personajın həyat mövqeyi tanıdılıb, sənətin böyüklüyü və vacibliyi təsdiqlənib. M.Nuriyevin sənətə gəldiyi illəri nəzərdən keçirəndə onun məsləyinə olan bağlılığı ilə yanaşı, cəsarətini də görürük. Çünki həmin vaxtlarda istehza və rişxəndlə yanaşılan aktyor sənətini hər insan seçməz, taleyinə yazılan ömrə yüz ömür sığdırmazdı. M.Nuriyev də dövrünün sayılıb-seçilən fədakar sənətkarları kimi həyatını məhz aktyorluq sənətinə həsr etdi.
1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində dünyaya göz açan M.Nuriyev atasının istəyi ilə 1928-ci ildən Bədəl bəy Bədəlbəyovun məktəbində təhsil alıb. Sonra Azərbaycan Dövlət Teatr Məktəbində aktyorluq ixtisasına yiyələnib (1935-1937). Hələ birinci kursda Milli Dram Teatrının tamaşalarında – kütləvi səhnə epizodlarında və sözsüz rollarda çıxış edib. Təhsili başa vurandan sonra Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin göndərişi ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb (1937-1946). Bu teatrdakı fəaliyyəti sənət bilgisinə dərindən yiyələnməsinə imkan yaradıb. 1946-cı ildə Gəncə Dövlət Dram Teatrına gələrək burda fəaliyyət göstərdiyi dörd il ərzində daha çox komik səciyyəli dramatik rollarda çıxış edib. Komik obrazların təfsirində yaradıcılıq kredosunu təsdiqləyib və bu teatrda daha çox uğur qazanıb. 1950-ci ildə M.Nuriyev Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Musiqili komediya estrada ansamblında, sonra isə Milli Dram Teatrında işləyib, daha sonra yenidən estrada ansamblına qayıdıb. 1954-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub. Teatrın səhnəsində özünəməxsus, obrazlı səsi ilə mürəkkəb və məzəli xarakterləri fərqli təqdimatda sevdirdiyinə görə tamaşaçıların rəğbətini qazanıb.
Qismət hamıya bərabər paylanmır və uğur da asanlıqla əldə edilmir. Göründüyü kimi, M.Nuriyevin sənət yolu o qədər də hamar olmayıb. Taleyinə yazılan məsləyini həyat və peşə təcrübəsinə əsasən təsdiqləyən aktyor müxtəlif mədəniyyət məbədlərində uğur əldə etsə də, hər halda məkan dəyişikliyi ümumilikdə tez-tez başqalaşmaq, yeniləşmək, başdan başlamaq deməkdir. Bununla belə aktyorun yaradıcılıq potensialını artıran teatral bilgisi onun kino yaradıcılığına da uğur gətirib. Aktyora 10-a yaxın filmdə kiçikplanlı və epizodik rol həvalə edilib. M.Nuriyevin “Koroğlu” filmində canlandırdığı Kosa Səfər, “Əhməd haradadır?”da fəhlə Əhməd, “Qanun naminə”də Sərrafzadə, “Sehrli xalat”da tacir, “Ulduz”da Bayram, “Sevil” film-operasında Məmmədəli bəy, “Uşaqlığın son gecəsi”ndə Davud və digər xarakterik rolları bu gün də maraqla izlənilən koloritli personajlardır.
Komediya janrının vacib xüsusiyyəti və mahiyyəti dramatik filmlərdə belə ona görə özünü doğruldur ki, dəqiq ünvanlanmış istehza və eyhamlar peşəkar sənət ənənələrinin davamçısı olan aktyorların yaradıcılığında təqdim olunur. M.Nuriyevin yaradıcılığının əsasını da komik rollar təşkil edir. Bu isə peşəkar kino rejissorlarının intuisiyasının məhsuludur ki, məqsəd və istəkləri sənət bilicilərinin yaradıcılığında əksini tapıb. Məsələn, gərgin situasiyalarla bol olan “Qanun naminə” filmində Sərrafzadə obrazını xatırlayaq. İnqilabi proseslərin və sosial bərabərsizliyin mövcud olduğu bir dönəmdə sosial vəziyyəti gərginləşdirənlərdən biri də Sərrafzadədir. Meşşan xarakterli Sərrafzadə rayonda sözükeçən insanlarla əlbirdir. O, Azərbaycan rayonlarının birinə təyin olunan gənc prokuror Mehmanın evinə ayaq açmaqla, bir neçə həmyerliləri kimi, qonaqpərvərlik adı altında yeni havadar axtarışındadır. Məsuliyyətlə yaradılan mənfi rollar filmin ideyasını dəqiq çatdırdığına görə həmişə müsbət cəhətli insanların vacibliyini vurğulayıb. Filmdə baş verən hadisələrə etinasız yanaşan, ancaq kef məclisi arzusunda olan Sərrafzadənin davranışı gülüşlə yanaşı ikrah hissi də doğurur. Haqq-ədalətlə nadanlığın mübarizəsini əks etdirən kadrlardakı dəqiq və məntiqli təqdimat aktyor novatorluğunu göstərir. Filmin qəhrəmanı Mehman evinə daxil olanda çağırılmamış qonaqları görüb hiddətlənir. Hər kəs təlaş içindədir, Sərrafzadə isə sərbəst şəkildə əlindəki badəni qaldıraraq şeir söyləyir. Ziddiyyətləri kəskinləşdirən obrazda maraqlı və orijinal ifa manerası görürük. Mehman hiddətli halda “bircə anbardar Məmmədxanın yeri əskikdir” dedikdə, Sərrafzadə halını pozmadan “gələcək, gələcək” deyərək ev sahibini daha da qıcıqlandırır. Aktyorun məqamında mizanladığı məzəli ifa manerası kadrın dramatik yükünü bir qədər azaldır, eyni zamanda filmin baş qəhrəmanının (Mehmanın) hadisələrə münasibətinin konkretləşməsinə, vəziyyətin gərginləşməsinə səbəb olur. Gərginləşmiş hislərin toqquşmasına, ekran dramaturgiyasının kulminasiya nöqtəsinə rəvac verən xarakterik ifa bu baxımdan filmin aparıcı qüvvəsi hesab edilir və pis adam tipini təsdiqləyən xarakter ifşa olunur, filmin məna kəsəri dərinləşir.
Sənət missiyası daha çox teatr fəaliyyətinə yönələn aktyorun kino obrazlarını kiçikplanlı adlandırsaq da, nəzərə alaq ki, 1960-1970-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında il ərzində 3-4 bədii film çəkilirdi və bu filmlərə peşəkarlar dəvət olunurdu. Bu mənada M.Nuriyevi xoşbəxt sənətkar adlandırmaq olar. Çünki korifey sənətkarlarla çiyin-çiyinə çalışmaq, seçilmək və sevilmək özü bir xoşbəxtlikdir. Aktyorun mimika cizgilərindən məharətlə istifadə etmə bacarığı epizod rolunu belə əsas personaja çevirirdi. “Sehrli xalat” filmində tacirlərin Xana hədiyyə gətirdikləri atı böyük şövqlə tərifləyərək təqdim etdiklərini görürük. Tacirlərdən birini oynayan, kiçikhəcmli rolda da aktyorun simasında pərəstişlə yanaşı qorxu, əliaçıqlıqla bərabər tamah, ehtiramla birgə yaltaqlıq hiss olunur. Bu mənada M.Nuriyevin ekran obrazları az sözlə çox məna kəsb edənlərdəndir.
Onun “Koroğlu” filmində yaratdığı Kosa Səfər obrazı isə bir qədər geniş planlıdır, dinamik və çılğındır. Bu rol vasitəsilə aktyor dramatik yaradıcılığını və irihəcmli rolların öhdəsindən də məharətlə gələ biləcəyini dolğun potensialı çərçivəsində təsdiqləyib. Epizodik rolda sənət plastikasından məharətlə istifadə etməsi bu rolun onun yaradıcılıq imkanları üçün kiçik olduğunu da bir növ diqqətə çatdırır.
Məsələn, “Sevil” film-operasında aktyorun oynadığı Məmmədəli bəy surəti hiyləgər, meşşan cəhətlərinə görə ədəbi əsərin və filmin ideyasını, rejissorun məqsədini təhlil edir. Təqdimatdan belə nəticə əldə olunur ki, Məmmədəli bəy kimi tipajlar bütün dövrlər üçün arzuolunmazdır. M.Nuriyevin Musiqili Komediya Teatrında işləməsi musiqili filmlərdə və film-tamaşalarda oynadığı rollara da uğur gətirib. “Sevil” film-operasındakı Məmmədəli bəyin məkrli siması və xarakteri aktyorun ifasında dəqiq ştrixlərlə cilalanıb.
Peşəsinə məsuliyyətlə yanaşan aktyoru tanınmış rejissor R.Kazımovskinin quruluş verdiyi “Aktrisanın təbəssümü” tammetrajlı bədii-sənədli filmində Əli obrazında və “Poçt qutusu” bədii-televiziya filmində kəndli rolunda görürük. Rollar məzmun və forma baxımından fərqlidir. Aktyorun unudulmaz gülüş ustası Nəsibə Zeynalova ilə olan dueti inandırıcı və xarakterikdir. Meşşan xarakterli Əli eyni zamanda qəribə və məzəli xüsusiyyətlərə malikdir. Onu ancaq şəxsi mənafeyi, alveri düşündürür. İstəyinə çatmaq üçünsə yaltaqlıq, yalan kimi xüsusiyyətləri göstərməkdən belə çəkinmir. Pul əldə etmək üçün bibisinə (Cənnət xala) israr və yaltaqlıq kimi cəhətləri ilə təsir edir. İnsanlardan istifadə etmək və varlanmaq onun həyat amalı, yaşam tərzidir.
Belə bir deyim
var ki, “Birinə bir lütf edərkən,
yanına bir də təbəssüm əlavə
et”. Gülüş hər
zaman qəlblərə ümid,
işıq gətirir. Sənətdə təcəssüm olunan məntiqli komediya da tamaşaçı qəlbinə nur saçır. M.Nuriyev
də bir sıra kino
obrazlarında dramaturji konflikti
komik ştrixlərlə təhlil edib. “Uşaqlığın son gecəsi” filmində koloritli rollardan biri də Davud
obrazıdır. Davud filmdə xatırlanan
vacib personajlardandır.
Bir neçə kadrda Davudun Muradla konfliktə girdiyini və mübahisə zəminində xarakterini ifşa etdiyini görürük. Filmin
rejissoru Arif Babayevin qardaşı, Xalq artisti Vasif
Babayev müsahibəsində
bildirir ki, “Davud obrazı
qardaşım Akifin prototipidir. O, Arifdən yaşca kiçik idi. Filmdə Davudun sürdüyü
motosiklet II Dünya müharibəsindən qayıdan
və bizdə kirayənişin yaşayan
kapitan rütbəli zabitin idi. Akif də hərdən həmin motosikleti idarə edirdi. A.Babayev filmlərində ssenaridən
kənara çıxmağı,
improvizələr etməyi
sevirdi. Davud obrazına da
Akifin xüsusiyyətlərini
əlavə etdi.
Filmdən sonra Akif küçəyə
çıxmağa utanırdı.
Çünki qonşularımız ona filmdəki qonşu qadının (nənənin) Davuda dediyi kimi Fantomas
deyə müraciət
edirdilər”.
M.Nuriyevin koloritli və inandırıcı ifası
qəribə xarakterli
personajı diqqət mərkəzində saxlayır. Davud ciddi
obrazdır, davranışları
isə gülüş
doğurur. Onun qəribə
xarakteri ət kombinatında işləyən
qonşusundan sosiska istəməklə yanaşı,
qonşu qadın Suğra xalanın düşüb-çıxdığı pilləkəni sökdürməkdə
qətiyyətli olması
ilə də bilinir. Murad ona “Davud, sənin axı uşağın yoxdur” dedikdə, Davud “Necə yəni yoxdur, əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar”
deyir. Əslində, bu dialoqu Davudun xarakterinin cılızlığını ölçən kadr adlandıra bilərik.
Çünki o, alimenti verirəm
yox, çıxırlar
ifadəsi işlədir.
Eyni zamanda fon təsvirində
4 uşaq şəkli
görürük. Uşaqlarının qayğısını çəkməyən
Davudun yaşlı qadının rahatlığını
pozma səbəbi tamaşaçıya aydın
olur və təəssüf doğurur.
Cahil düşüncəli obraz
vacib fikrin şərhinə xidmət
edir, personajın çatışmayan cəhətlərini
tənqid hədəfinə
çevirir, düşündürücü
gülüş ciddi səbəblərdən nəticə
olaraq yaranır.
Ailəyə, böyük-kiçiyə hörmət və etik dəyərlərə
qiymət filmin leytmotividir. Davud obrazının filmdə
mövcudluğu, müsbət
xarakterli personajlarla müqayisəsi filmin emosional təsir gücünü artırır.
Aktyorun müxtəlif planlı rollarında hər dəfə parıldayan gözlərini, səmimi çöhrəsini, kamera
qarşısında sərbəst
oyununu gördükdə
kinoya az
çəkilməsi təəssüf
doğurur. Yaratdığı
ekran personajları baxımlılığına görə
bir daha onu sübut edir ki, M.Nuriyev
kino ilə daha çox təmasda ola
bilərdi. Eyni zamanda onun müxtəlif
teatrlarda oynadığı
rolları ilə tanış olduqca, kino obrazlarını
xatırladıqca, korifey
sənətkarların əhatəsindəki
uğurlu çıxışını
izlədikcə, siması
yada düşdükcə
çöhrələrdə təbəssüm yaranır,
gözlərə gülüş
qonur. Bu isə
sənətkarın əbədi
uğuru, minnətdarlıq
və sevgi hissi ilə xatırlanması deməkdir.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 24 may.-
S.1;7.