“Taleyimə –
iki şeyə görə minnətdaram: 1 –
ispanam, 2 – Salvador Daliyəm!”...
Uşaqlığını (hər kəsin “mütləq
tabeçilik” dövrü...) ailənin diqqətini cəlbetmə
mübarizəsilə keçirib bu dahi.
Altı
yaşında sətəlcəmdən ölən, şəkli
valideynlərinin yatağı başında İsa peyğəmbərlə
yanaşı asılan Salvador adlı tam oxşar
qardaşından 3 il sonra dünyaya göz açan bu Salvador
(hə, bu zavallı “biganəlik hədəfi” o sevimli mərhumun
adını daşımaq məhkumiyyətini də çəkməli
olub) xatirələrində yazacaqdı: “Doğulantək,
büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən
iməkləməyə başlamışam. Məni
sevələrkən belə, məhz onu sevirdilər. Bu,
mənim körpə qəlbimi yaman yaralayırdı...”
Sənət
cameəsindəki “bəzi dahilərin şəxsi həyatı
əsərlərindən daha maraqlı olur” qənaətinə
istinadən, öncə (və daha çox), şedevrləri
Azərbaycan sənətsevərlərinə də
yaxşı tanış olan bu rəssamın
–
Yaşam
“yaradıcılığı”ndan...
11 may
1904-cü ildə İspaniya şimalında (Jerona əyaləti,
Fiqeras şəhəri) anadan olmuş bu gələcək
dahinin düçar olduğu “qardaş
qısqanclığı” bəs deyilmiş kimi, yeni doğulan
bacısı da sığal-tumarda onu üstələyir və
diqqəti cəlbetmə cəhdləri Dalidə xroniki xəstəliyə
çevrilir. On yaşındaykən böyük bir acıqla
çəkib, adını “Xəstə uşaq” qoyduğu rəsm
də onun “doğma qisas” hissini soyutmur və bu mənəvi-psixoloji
patologiya onu bütün ömrü uzunu müşayiət
edir...
Bu
ömür rəssamlıq kursu ilə başlayır, müqtədir
müəllimlərdən rəssamlığın müxtəlif
cərəyanlarını dərindən öyrənmələrlə
davam edir, on beş yaşındaykən yay
tətilində olduğu Kadakes şəhərində ilk
şəxsi sərgisi açılır. Çoxsaylı səfərlərində
Freyd, Sveyq, Pikasso, Bunyuel, Lorka və b. ilə yaxından
tanışlıq-dostluqlarla zirvələnir...
Amma həm də öz eqoizm, “özünütəsdiq”
çılğınlığıyla hər kəsi bezdirmə,
rəssamlıq akademiyasından xaricedilmə və s.
Lakin həmin
“xaric”də canlı akademiyalarla uğraşıb ki, onlardan –
Paris səfərində tanış
olduğu Pikasso və Mironun adlarını çəkmək
kifayətdir. Canında-qanında “ətrafınasirayət”
nəfsilə bahəm, sonsuz “sənət axtarışı”
keyfiyyəti də gəzdirən bu gənc, öz bənzərsiz
stilini tapanadək həmin nəhənglərin təsirilə
bir sıra maraqlı əsərlər yaradıb, “cazibədar
çabalar”ıyla incəsənət ictimaiyyətinin diqqət
mərkəzinə düşüb. İyirmi beş yaşında yazdığı ssenarinin
(məşhur rejissor Bunyuelin “Əndəlüs köpəyi”
filminə) mükəmməlliyisə ölkə mətbuatının
hər dönəmində vurğulanıb.
Mülahizələrindən
tutmuş davranışlarınadək –
Qəribə
dahi
“Əgər düşmənlərim
olmasaydı (şükür Allaha ki, onlar “kifayət” qədərdir!),
mən bu gün olduğum insan olmazdım” sayağı
“xaotik” qənaətlər müəllifi kimi tanınan bu rəssam
sürrealistlərin London sərgisinə dalğıc kostyumu
ilə gedib...
Qaynar
avqust səhərlərinin birində bir tikə “kamamber
pendirini nəzərdən keçirərkən ətrafına
“tam dəli” təsiri bağışlayan bu adam qəflətən
molbert arxasına keçir və bir həftə sonra qəzetlərdən
birində “Eynşteynin nisbilik nəzəriyyəsinin təəssüratları
altında “Yaddaşın daimiliyi” adlı dahiyanə tablo
müəllifi” sözlərilə başlanan geniş bir məqaləyə
rəvac verir...
1936-cı
ildə Frankonun başlatdığı (tezliklə vətəndaş
müharibəsinə çevrilən) hərbi münaqişə
illərində S.Dalinin İspaniyada “sakitcə
yaşayıb-yaratma” intixabı, onunla solçu
düşüncəli sürrealist yoldaşları
arasında fikir ayrılığına səbəb olur və
o, dəstədən xaric edilir. Bu “vulkan-adam” isə,
bu təzyiqi “Sürrealizm – mənəm!”
üsyankarlığıyla qarşılayır.
“Məni
elə “format”da dəfn edin ki, insanlar məzar-məkanda rahat gəzə
bilsinlər” vəsiyyətinə sayğılılar onun cəsədini
Fiqeras şəhərində yerləşən “Dali muzeyi”nin divarına hörmüşlər...
Qadınlara
diqqət “yaradıcılığı” məsələsində
çox da istedadlı olmayan (bu qarşılığa
yalnız fantaziya təkanvericisi kimi baxan) Dalini 1926-da tanış olduğu (yaşca xeyli
böyük) Qala adlı bir xanım (rusiyalı məşhur
vəkilin qızı, tanınmış fransız şairinin
həyat yoldaşı) dəyişir. Ancaq… bizim zərb-məsəllər
“arşınıyla” təfsir etsək, “su axıb,
çuxurunu tapıb”mış: “dəlicəsinə vurulanlar”
adı qazanan bu cütlüyün hər ikisi dəlisov, hər
biri xoş bir an üçün uzun gələcəklərdən
imtinaya hazır...
Öz
halalı Qaladan uşağı olmadığından, 325
milyon avroluq əmlakı hökumətə keçib və...
dörd il (2015) öncə qəfildən meydana çıxan
bir xidmətçi qızının bu dahinin nəşinə
“atalıq” (varidatına sahiblik...) iddiası ilə məhkəmə!
Ardınca da, aşırı ədalətpərvər
bir hakim tərəfindən Dalinin bioloji qalıqlarının
eksqumasiya edilməsilə bağlı “daşdankeçən”
qərar. Bəli, 1956-cı ildə Girona
şəhərində doğulmuş həmin ispan
qadının 2015-də irəli sürdüyü iddiaya
görə, 1955-də rəssam Dali onun qonşuluqda xadimə
işləyən anası ilə yaxınlıq edib. “Anam Antonina Cadaques mənə bir neçə dəfə
deyib ki, Dali sənin atandır”. Ovaxtlar bu olayı
özünün “ən uzunsürəli gündəmi”nə
çevirmiş İspaniya mediası isə hələ də
vurğulamaqda ki, əgər bu iddia təsdiqlənərsə,
Maria Pilar Martinez tək elə milyonlara yox, həm də
dünyanın ən məşhur soyadlarından birinə
sahib olacaq...
Bu
fırça azmanı –
tarixə
söz (“hərflər alliterasiyası”) gedişlərilə də
düşüb ki, onlardan (əlbəttə, ispan
qrafikasından digərlərinə dəyişimlərlə)
bir neçəsinə diqqətlənək: “M. - Mən
narkotik qəbul etmirəm... mən özüm narkotikəm”. “Ə. - Əziyyət çəkəndə əylənirəm”.
“Q. - Qadını bütün qəlbinlə
sevməyə dəyməsə də, sevməmək
alınmır”. “T. - Taleyə iki şeyə görə
minnətdaram: 1 - ispanam, 2 – Salvador Daliyəm!”.
Və... bizim dilimiz və adlara
ayamaqoşma məzaqımız (Dali – dəli)
üçün “göydəndüşmə” kimi səslənən
– “D. - Dəlilərlə mənim aramdakı yeganə fərq,
onların öz dəliliklərini dilə gətirməmələri
ilə mənim etiraf etməyimdədir”...
Bir
neçə abzas da –
Sənət
yaradıcılığından
Bəlli olduğu kimi, Fransada simvolizm-ekspressionizm birgəliyindən
təşəkkül tapan (əsasən Z.Freyd
konsepsiyasına istinad edən) sürrealizm (realizm
fövqü) cərəyanının
daşıyıcıları instinktləri, xəstə əhval-ruhiyyə,
qeyri-standartlıq, sayıqlama, hətta dəhşətli
qarabasmaları belə bədii yaradıcılığın
vacib estetik prinsipi sayır, hadisələr arasındakı məntiqi
bağlılığı subyektiv assosiasiyalarla əvəz
edirdilər. Banilərindən biri “ruhi xəstələr əsl
sürrealistlərdir” qənaətində bulunmuş,
fransız filosof Berqson isə ruhun ağıldan daha
üstün olduğunu bildirmişdir.
Bu izah-izharlarda müəyyən ironik çalarlar olsa
da, deyək ki, sürrealizm öz forma zənginliyi,
genişliyi, azad-asudə yanaşma sərbəstliyilə
kubizm və abstraktsionizmi asanlaşdırmış,
metod-texnika çərçivəsizliyilə ümumdünya
sənət yaradıcılığına xeyli təsir
etmişdir. Məsələn
(yazımın əsas predmetinə müvafiqlik
baxımından), ispan rəssamı Ruan Mironun
yaratdığı gözlənilməz forma və rənglər
aləmi... Salvador Dali isə bu cərəyanın dahi
generatoru...
Bu sənətkar
öz real-irreal xatirə və xülyalarının diqtəsilə
“inşa”layıb, sehrləyici motivlərlə süslədiyi
yeni bir kağız-kətan dünyası
yaratmışdır: napnazik kağızlar üzərində
uçuşan kəpənəklər, az qala
çıqqıltıları da eşidilə-eşidilə
qaçışan saat əqrəbləri, əzalarında
siyirtmələr daşıyan insanlar, fəza seyrində gəzişən
əşyalar, əsrarəngiz nəqllər söyləyən
“Yanan zürafə”, “Vətəndaş müharibəsi”,
“Payız hanniballığı”...
Bu əfsanəvi
rəssamın 1943-də yaratdığı və dünya incəsənəti
tarixinə ən sirli əsərlərdən biri kimi daxil olan
“Geopolitik uşaq yeni insanın doğulmasına baxır” əsərindəki
(bəzi mütəxəssislərin – ortasından
çatlamış “yumurta-qlobus”u İkinci Dünya müharibəsinə
parodiya hesab etdiyi) nüanslardan bir çoxu deşifrə
olunsa da, bu parlaq rəsmdəki qadının
barmağını Bakı şəhərinə (bəlkə,
qarşı illərdə dünyanın neftdən
asılı vəziyyətə düşəcəyinə?)
tuşlamasının “nədən”i hələ də
qaranlıq qalır...
Və qəribə
ölüm...
Yaşı
əllini haqladığı vaxtdan “sevimli Kataloniya”sında məskunlaşan
Dalidə parkinson xəstəliyi baş
qaldırır, Qalanın vəfatı isə ona daha
ağır təsir edir, həyat bağımını
üzür. Fiqerasdan köçüb, bir vaxt (evləndiyindən
24 il sonra rəsmi nikaha girdiyi) sevimli Qalası
üçün aldığı qəsrdə yaşamağa
başlayır. 1984-də yataq otağında
müəmmalı bir yanğın baş verir (bunu intihar cəhdi
hesab edənlər də olur), lakin xidmətçiləri onu
xilas edə bilirlər.
Yenidən
Fiqerasa qayıdıb, öz adını daşıyan
teatr-muzeydə yaşayan sənətkar 1988-in noyabrında
infarkt keçirir, xəstəxanaya yerləşdirilir və...
uzun illərin gündəlik “diqqət mərkəzi”ndən
asta-asta unudulma fəslinə düşən rəssamı
Kral Karlosun özü ziyarət edir.
Həyatı boyunca 1500-dən çox rəsm, neçə-neçə heykəl, barelyef-qorelyef, daş üzərində müxtəlif səpkili əsərlər, kitab illüstrasiyaları, teatr dekorları müəllifi olan bu böyük sənətkarın ölüm məkanı da adınalayiq olur; çox sevdiyi “Tristan və İzolda” operasına tamaşa edərkən. Ürək çatışmazlığından...
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 24 may.-
S.6.