Kinonun fəlsəfəsi yeni yozumda
Mayın 21-də Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirildi.
AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr kino və televiziya şöbəsi ilə birgə təşkil edilən tədbirdə kitabın məziyyətlərindən geniş söz açıldı. Bildirildi ki, kitab Memarlıq və İncəsənət İnstitutu Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub. “Kinonun ontologiyası”, “Kinonun narratoloji aspektləri”, “Kinoda musiqi”, “Film tekst kimi” və “Kinoda fəlsəfi motivlər” bölmələrindən ibarət kitabda müəllif kinematoqrafik məhsulun istehsal prosesinə konseptual yanaşma nümayiş etdirib.
Tədbirdə çıxış edənlər – Kino və televiziya fakültəsinin dekanı Mübariz Məmmədli, kitabın elmi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlı, Xalq artisti Həmidə Ömərova nəşrin özəlliklərindən, dərs vəsaiti kimi əhəmiyyətindən söz açdılar. Bildirdilər ki, müəllif kino sənətinin fəlsəfəsi ilə bağlı hətta ən ümumi bilgiləri oxuculara müxtəlif ünsiyyət kodları ilə çatdırmağa çalışıb.
Qeyd edək ki, kitabın rəyçiləri kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İlham Qazızadə, tərtibatçı rəssamı Məmmədbağır Hüseynovdur.
Kitabda kinonun ontologiyasından, fəlsəfi motivlərindən, musiqinin kinoda rolundan və s. məsələlərdən bəhs olunur.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 24 may.-
S.7.