Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat edib

 

 

 

Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Nağaddin Məmmədov 22 may 2019-cu ildə, 52 yaşında vəfat etmişdir.

Nağaddin Ağarıza oğlu Məmmədov 1967-ci ildə Göygöl rayonunda anadan olub. 1987-ci ildə Gəncə Dövlət Kukla Teatrına işıqçı kimi qəbul edilib, sonra 2-ci dərəcəli aktyor, 1991-ci ildən 1-ci dərəcəli aktyor, 1998-ci ildən aparıcı səhnə ustası kimi fəaliyyət göstərib. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar artist adına layiq görülüb.

N.Məmmədov teatrda işlədiyi müddətdə 100-dən artıq tamaşada yaddaqalan obrazlar yaradıb. M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ında Məstəli şah, “Xırs quldurbasanda Tarverdi, M.Hüseynzadənin “Büllur qəsr”ində Qara div, N.Gəncəvinin “Xeyr və Şər”ində Şər və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aktyor 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində “Şərq xalqları kukla teatrlarının festivalı”, 1996-cı ildə Kutaisidə (Gürcüstan) “Beynəlxalq kukla teatrlarının festivalı”, 1999, 2001, 2003-cü illərdə İzmirdə “Kukla və kölgə oyunları festivalı”, 2004-cü ildə Bursada “Beynəlxalq Qaragöz kukla və kölgə oyunları festivalı” (Türkiyə) və digər festivallarda iştirak edib.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.7.