“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirildi

 

 

Mayın 23-də Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı oldu. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdi.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsərinə həsr olunmuş 30-a yaxın rəsm əsəri çəkdiyini, bu nümunələrin dünyanın bir sıra sərgi salonlarında nümayiş olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, animasiya növü yaradıcı insanın xəyallarını canlandırmağa geniş imkanlar açır. “Mənim balaca şahzadəm” animasiya filmi də bu əsərlərin təsiri altında yaranıb.

Xalq yazıçısı Elçin mərasimdə çıxış edərək Məryəm Ələkbərlinin zəngin rəssamlıq dünyasından söhbət açdı. Vurğuladı ki, animasiya filminin qəhrəmanı ilə Məryəmin mənəvi aləmi üst-üstə düşür. “Balaca şahzadə” dünya uşaq ədəbiyyatının klassik nümunəsidir. Bu filmin yaranmasının əsas səbəbi bu bağlılıq olub. Film üzərində çox istedadlı yaradıcı kollektiv çalışıb və ekran əsəri yeni texnologiyalar əsasında ərsəyə gəlib.

“Azanfilm” studiyasının direktoru Mansur Şəfiyev cizgi filmi barədə məlumat verdi. Bildirdi ki, filmin ideya müəllifi Xalq yazıçısı Elçin, prodüseri Müşfiq Hətəmov, rejissoru Arif Məhərrəmovdır. Filmin çəkilişlərində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Sirr” filminin materiallarından istifadə edilib.

Sonra “Mənim balaca şahzadəm” animasiya filmi nümayiş olundu.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 24 may.- S.2.