Musiqişünas-alim Ramiz Zöhrabov
yad edildi
Mayın
22-də Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli
musiqişünas, Xalq
artisti Ramiz Zöhrabovun 80 illiyinə həsr olunmuş elmi konfrans və
mərhum alimin həyat və sənət yolundan bəhs edən “Milli musiqişünaslığımızın
iftixarı” adlı kitabın təqdimatı oldu.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış
edərək bildirdi ki, Ramiz Zöhrabov
bu gün aramızda olmasa da, adı Bəstəkarlar
İttifaqında həmişə
xatırlanır: “O, sənət
həyatında birinci
növbədə musiqişünas-alim
idi. Çox fəxrlə deyərdi
ki, kitabları müxtəlif ölkələrdə
nəşr olunub.
Onun ölkəmizdə,
habelə Rusiyada,
Türkiyədə, İranda
çap edilən kitabları dolğun məlumatlarla zəngindir”.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd etdi ki,
Ramiz müəllim Azərbaycan bəstəkarlarının
yaradıcılığına dair 20 kitabın, 350 elmi-publisistik məqalənin,
eyni zamanda bir sıra musiqi
əsərlərinin müəllifidir.
Onun 1983-cü ildə
Moskvada, 1991-ci ildə
Təbrizdə nəşr
edilən “Azərbaycan
təsnifləri”, “Azərbaycan
zərbi-muğamları”, “Muğam”, “Bəstəkarlarımızın
portreti” kitabları musiqi ictimaiyyətinə yaxşı məlumdur. Tədbirdə daha sonra Əməkdar müəllim, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Səadət Seyidova, sənətşünaslıq
elmləri doktoru,
professor Cəmilə Həsənova,
Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı, sənətşünaslıq
üzrə fəlsəfə
doktorları Bənövşə
Rzayeva və Leyla Zöhrabovanın
professor Ramiz Zöhrabovun
musiqişünas alim və bəstəkar kimi yaradıcılığı
barədə məruzələri
dinlənildi.
Çıxışlarda o da vurğulandı ki, tanınmış alim bir çox
musiqişünasların diplom
işlərinin, magistr
və namizədlik dissertasiyalarının elmi
rəhbəri, doktorluq
dissertasiyalarının elmi
məsləhətçisi olub.
Tədbirin bədii hissəsində
R.Zöhrabovun “Uşaq
lövhələri” süitasından
“Tap görüm”, “Qavalla
rəqs”, “Musiqi lövhələri” süitasından
parça, B.Vahabzadənin
sözlərinə bəstələdiyi
“Hər gün”, “Məhəbbət yollarında”
mahnıları səsləndi.
Sonda “Milli musiqişünaslığımızın iftixarı” kitabının
tərtibçisi, mərhumun
qızı Leyla Zöhrabova tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkür etdi. Bildirdi ki,
kitabda Ramiz Zöhrabovun müxtəlif
illərdə ölkəmizdə
və onun hüdudlarından kənarda
dövri mətbuatda dərc olunan seçilmiş elmi-publisistik
məqalələri və
resenziyalar toplanıb.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 24 may.-
S.3.