Bakıda qadınlara həsr olunmuş sərgi
Mayın 21-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Eldar Qurbanovun “Amore Mio” adlı sərgisi keçirilib.
Muzeyin direktoru Xəyyam Abdinov müəllifin həyat və yaradıcılığından söhbət açaraq bildirib ki, rəssamın ilk fərdi sərgisi 1987-ci ildə keçirilib. E.Qurbanov ABŞ, Çexiya, Fransa, Bolqarıstan, Polşa, Meksika və başqa ölkələrdə təşkil edilmiş sərgilərdə iştirak edib. 2002-ci ildə Əməkdar rəssam adına layiq görülüb.
Ekspozisiyaya daxil olan əsərləri yüksək qiymətləndirən Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömar Eldarov deyib: “Eldar Qurbanov sərgi üçün gözəl əsərlər yaradıb. Bu tablolar həm də ona görə gözəldir ki, qadın dünyasına dərindən nüfuz edir. Sərginin adının özü zərif cinsin nümayəndələrinə bəslənilən sevgidən və məftunluq hislərindən xəbər verir”.
Sonra sərgiyə gələnlər avanqard
janrında yaradılmış 20-dən çox tablodan ibarət
ekspozisiya və bir videoişlə tanış olublar. Layihənin
kuratorları Samirə Səfi və Lana Sokolovadır.
Mədəniyyət.- 2019.- 24 may.-
S.8.