“Təbiətdən tarixə”

 

 

Şəkidə keramika simpoziumu 15 ölkədən mütəxəssisləri bir araya gətirib

 

Keramika sənəti ilə tanınan qədim Şəkidə mayın 21-də “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb. Tədbir iyunun 2-dək davam edəcək.

“ABAD” publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan beynəlxalq simpoziumun məqsədi müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meyilləri ilə tanış etməkdir.

Şəki şəhərindəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilən açılış mərasimində bildirilib ki, beynəlxalq simpozium Şəkini dünyaya tanıtmaqla yanaşı, sənətin və sənətkarlığın inkişafında yeni bir mərhələnin başlanmasına səbəb olacaq. Vurğulanıb ki, Prezident İlham Əliyev, birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğinə böyük diqqət göstərilir. Dövlət başçısının Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı imzaladığı sərəncamlar mədəni turizmin inkişafında yeni mərhələnin başlanmasına güclü təkan verib. Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.

Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib, 2016-cı il üçünTürk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Şəhərin tarixi hissəsində yerləşən mədəni irsin qorunub saxlanması məqsədilə 1967-ci ildə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu yaradılıb. Qoruqda dünya və ölkə əhəmiyyətli bir çox abidələr bu günə qədər qorunub saxlanılıb. Şəki şəhəri və rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 84 tarix və memarlıq abidəsi var. Eramızın I əsrinə aid olan Kiş alban məbədi və XVIII əsrə aid Şəki xanlarının sarayı dünya əhəmiyyətli abidələr siyahısına daxildir.

Qeyd edilib ki, Şəki həm də sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biridir. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200-dən çox sənətkar məşğul olur.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev vurğulayıb ki, bu sənət növləri öz rəngarəngliyi ilə xalqımızın bütün ruhunu, əhval-ruhiyyəsini, mənəviyyatını, məişətini, mədəniyyətini özündə əks etdirir. Misgərlik, dulusçuluq, ağacoyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, papaqçılıq və şəbəkəçilik kimi qədim sənət növlərimiz xalqımızın ruhunun daşıyıcısı kimi bu gün də yaşayır. Ölkə başçısının sərəncamı ilə yaradılan “ABAD” publik hüquqi şəxsin prioritet istiqamətlərindən biri məhz dekorativ-tətbiqi xalq sənətkarlığında fəaliyyət göstərən ailələrə dəstək verməkdən ibarətdir. Hazırda “ABAD”ın 10 etno-butiki fəaliyyət göstərir.

Qeyd olunub ki, arxeoloji qazıntılar zamanı bütün ölkə ərazisində, əsasən də bu regionda daha çox keramik məhsullar və qədim sobalar tapılıb. İlk Keramika mərkəzinin Şəkidə açılması və ilk simpoziumun burada təşkili də təsadüfi deyil.

Tədbirdə çıxış edən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin əlaqələndiricisi Mir Teymur Məmmədov keramikanın hər bir xalqın tarixində xüsusi rol oynadığını vurğulayaraq deyib: “Keramika tarix, kimya, fizikaYerin maqnit sahəsi kimi elmlərin ən qədim və düzgün daşıyıcısıdır. Keramika müasir elm aləmi, istehsalat, tibbinsan həyatının digər sahələrində özünə möhkəm mövqe tutub”.

Beynəlxalq simpoziuma Ukraynadan gələn Zinaida Blyzniuk çıxış edərək, dəvətə və yaradılan şəraitə görə iştirakçılar adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra simpoziumun iştirakçıları haqqında məlumat verilib. Simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, Tunis, Banqladeş, Polşa, Ukrayna, İraq, İordaniya, Latviya, Braziliya, Norveç, Çexiya, Qırğızıstan və Monqolustandan olan 26 keramikaçı iştirak edir.

İştirakçıları “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində yaradılan şəraitlə də tanış olublar. Açılış mərasimi bədii proqramla başa çatıb.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.8.