Prezident təqaüdü alan gənclərin
iştirakı ilə
konsert-festival keçirildi
Azərbaycan Dövlət Akademik
Filarmoniyasında 21-22 may tarixində
Prezident təqaüdü
alan gənclərin
iştirakı ilə
konsert-festival keçirildi.
Layihə gənc ifaçıların
peşəkarlıq səviyyəsinin
müəyyən edilməsi
məqsədilə təşkil
olunub.
Mayın 22-də keçirilən tədbirdə
mədəniyyət naziri
Əbülfəs Qarayev,
nazir müavini Sevda Məmmədəliyeva,
konsert müəssisələrinin
rəhbərləri və
musiqi məktəblərinin
direktorları iştirak
edirdi.
Konsert-festivalda ümumilikdə 30 ifaçı
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini
ifa etdilər. İncə, zərif
barmaqlar pianonun ağ-qara dillərinə toxunduqca, möhkəm biləklər mizrabı tarın simlərinə vurduqca, gur, alovlu vokal səslər
bir-birini əvəzlədikcə
Azərbaycan gəncliyinin
istedadı və musiqimizin sabahının etibarlı əllərdə
olduğuna bir daha əminlik yaradırdılar.
Proqramda fortepiano,
violin, kontrabas, klarnet,
fleyta kimi Avropa alətləri ilə yanaşı, tar, kamança, qanun, balaban alətlərində
məharətli ifalar bir-birini əvəzlədikcə
gənc istedadların
ünvanına alqışlar
səslənirdi.
Nicat Müslümovun
balabanda (F.Əmirov, “Mən səni araram”) ifası isə gənc nəslin qədim musiqi alətimizə olan marağından soraq verirdi. Cəmil
Sədizadə (piano), Orxan
Hüseynov (cello), Behnam
Məhta Məmmədəlizadə
(qanun), Emil Bağırov (klarnet), Ceyla Seyidova (violin), Kamran Talıblı (fleyta), Rəşid Behbudov (piano), Mədinə
Şahgəldiyeva (kamança),
Nihad Orucov (vokal), Çinarə Əzimova (violin), Atabala Manafzadə (piano), Atilla Məmmədov (vokal), Vüsalə Babayeva (piano)
və Atabəy İsmayılovun (tar) bir-birindən
parlaq ifaları sabaha böyük ümidlər verirdi.
Konsertdən sonra təəssüratını
bölüşən mədəniyyət
naziri Əbülfəs
Qarayev gənc musiqiçilərin konsertinin
xoş ovqat yaratdığını bildirdi:
“Onların sırasında
artıq tanınan simalar da var. Gənclərimiz çox ümidvericidir. Cənab Prezidentin gənclərimizə
diqqət və qayğısı onların
püxtələşməsinə böyük təsirini göstərir. Çıxışlar zamanı peşəkarlıq
səviyyəsi bizi çox sevindirdi. Musiqi və yaradıcı təşkilatların rəhbərləri
də gələcək
solistlərin potensialını
əyani olaraq gördülər. Bir daha gənclərimizə verdiyi
dəstəyə görə
dövlətimizin başçısına
dərin təşəkkürümü
bildirirəm”.
1997-ci ildən etibarən Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə
incəsənət sahəsində
xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının
“Qızıl kitabı”na
yazılır və onlar xüsusi aylıq təqaüdə
layiq görülürlər.
Bu günə kimi musiqi, xoreoqrafiya,
rəsm sahələrində
xüsusi istedadı olan 124 gəncin adı bu kitaba
yazılıb və onlara 25 yaşadək aylıq təqaüd verilir.
Xatırladaq ki, Mədəniyyət
Nazirliyinin müvafiq əmrinə əsasən,
təqaüd alan gənclərin peşəkarlıq
səviyyəsinin müəyyən
edilməsi məqsədilə
10-12 aprel 2019-cu il tarixində Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbində
51 nəfər gənc
təqaüdçünün dinləmələri keçirilib.
10 apreldə fortepiano, 11 apreldə nəfəs və simli alətlər,
vokal, aprelin 12-də isə xalq çalğı
alətləri və xanəndəlik ixtisasları
üzrə dinləmələr
aparılıb. Ümumilikdə 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək
qiymətləndirilərək konsert-festivalın proqramına
daxil edilib.
LALƏ
Mədəniyyət.- 2019.- 24 may.-
S.1;4.