“Mateo Falkone”
filmi yenilənmiş versiyada təqdim edildi
Mayın 22-də Nizami Kino Mərkəzində
“Mateo Falkone” qısametrajlı
bədii filminin (quruluşçu rejissor Tofiq Tağızadə) yenilənmiş versiyada təqdimatı keçirildi.
Film Mədəniyyət Nazirliyi,
“Azərbaycanfilm” kinostudiyası,
Milli Qəhrəman Çingiz Mustafayev adına fondun
birgə təşkilatçılığı
ilə “Balans” milli rəqəmsal studiyasında bərpa edilib.
Rejissor Vahid Mustafayev təqdimat mərasimində çıxış
edərək bildirdi ki, ekran işi
görkəmli kinorejissor,
Xalq artisti Tofiq Tağızadənin
100 illik yubileyi münasibətilə bərpa
edilib. Fransız yazıçısı Prosper Merimenin
əsəri əsasında
1960-cı ildə çəkilən
filmin bərpasına uzun müddət sərf olunub: “Biz bu işi davam
etdirəcəyik. Filmlərimizin neqativləri Moskvada saxlanılır. Bizdə olan
isə yalnız filmlərin pozitivləridir.
Çalışacağıq ki, bütün
filmlərimiz əlimizdə
olsun. Onları daha yaxşı
qorumalıyıq. Filmlər bu
cür bərpa olunduqdan sonra onları yenidən neqativə çevirmək
olur”.
Sonra filmin rəqəmsallaşdırma və
bərpa proseslərini
əks etdirən görüntülər nümayiş
olundu. Bildirildi ki, 19 dəqiqəlik
“Mateo Falkone” filmi ölkəmizdə ilk rəqəmsallaşdırılmış
filmdir.
Tədbirdə Cəfər Cabbarlı
adına “Azərbaycanfilm”
kinostudiyanın direktoru,
Əməkdar incəsənət
xadimi Müşfiq Hətəmov, xalq artistləri – teatr rejissoru Cənnət Səlimova, kinorejissor Oqtay Mir Qasım, Əməkdar incəsənət
xadimi Ayaz Salayev və başqaları çıxış
edərək film haqqında
təəssüratlarını bölüşdülər.
Tofiq Tağızadənin
ailəsi adından çıxış edən
Əməkdar artist Firdovsi
Atakişiyev filmin yeni versiyada bərpasında əməyi
olan hər kəsə minnətdarlığını
bildirdi.
Mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi gecədə daha sonra “Mateo Falkone” qısametrajlı bədii
filmi yenilənmiş versiyada nümayiş olundu.
Mateo Falkone həyat
yoldaşı Cüzeppa
və yeganə oğlu Fortunato ilə kiçik bir kənddə sakit həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun onların kəndində gizlənməsi
ilə bu sakitlik pozulur, Mateonun ailəsində faciə baş verir...
Qeyd edək ki, filmin
ssenari müəllifləri
N.German, Tofiq Tağızadə, operatoru
Rasim Ocaqov, bəstəkarı Qara Qarayev, rəssamı Kamil Nəcəfzadə, rejissoru Rüfət Şabanovdur. Filmdə musiqiləri maestro Niyazinin
idarəsində Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib. Ekran
əsərində Nodar
Şaşıqoğlu, Tofiq
Tağızadə, Tamilla
Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yagizarov çəkilib.
FARİZ
Mədəniyyət.- 2019.- 24 may.-
S.4.