Xalçaçı rəssamın “Gül çələngi”

 

 

Mayın 27-də “Qalereya 1969” salonunda xalçaçı rəssam Eldar Hacıyevin “Gül çələngi” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi.

Mərasimdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimovbaşqa  çıxış edənlər sərginin əhəmiyyətindən danışdılar. Bildirildi ki, sərgidə dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığını özündə əks etdirən “Nizami dünyası” adlı xalça xüsusi diqqət çəkir. Qeyd olundu ki, Eldar Hacıyevin əsərləri xalçaçılıq və miniatür sənətinin üzvi birləşməsi ilə xarakterizə olunur. Bu əsərlər Azərbaycan poeziyasını, zəngin tarix və mədəniyyətimizi təbliğ edir. Rəssam tanınmış şəxsiyyətlərin, dövlət xadimlərinin portretlərini xalça üçün işləyib.

Vurğulandı ki, Eldar Hacıyevin işləri müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgidə, eləcə də Reyn şəhərində Məshəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar sərgidə iştirak edib. 2016-cı ildə Vəcihə Səmədova adına sərgi salonunda “İlmələrin rəqsi” adlı fərdi sərgisi açılıb, bu il isə Moskvada Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq Sənəti Muzeyində, Dubay şəhərində “Baku Breeze”, “Nur Art House” qalereyasında “Allı-güllü Novruzum” sərgilərində iştirak edib.

Sonda çıxış edən Eldar Hacıyev sərginin ərsəyə gəlməsinə dəstək olan hər kəsə öz minnətdarlığını bildirdi.

Sərgi mayın 29-dək davam edib.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 31 may.- S.4.