“Nağılların rəng dünyası”

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında 21 mayDünya Mədəni Müxtəliflik Günü ilə əlaqədar “Nağılların rəng dünyası” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd mədəni müxtəlifliyin dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq, müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, uşaqları mütaliəyə həvəsləndirməkdir. Tədbirdə BMT-nin Uşaq FonduUNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları, digər qonaqlar, uşaq yazarları Elvira Məmmədova, Aygün Bünyadzadə, Mehriban Nağıyeva iştirak ediblər.

Əvvəlcə dünya ölkələri haqqında məlumat verən videogörüntü nümayiş etdirilib. Uşaqların ifasında ayrı-ayrı ölkələrin nağıl qəhrəmanları və milli rəqsləri təqdim edilib. Musiqili nağıl-tamaşada Əməkdar artist Elnur Hüseynov görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin obrazını canlandırıb.

Sonda kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək göstərilən tamaşanın uşaqların kitaba marağının artmasına xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Teatrın foyesində dünya xalqlarının nağıllarını əks etdirən 500-dən çox uşaq kitabı nümayiş olunub. Kitabxana tərəfindən uşaqlara kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 31 may.- S.4.