Uşaq kinosunun mahiyyəti
Kinematoqraf yarandığı gündən mövzuların müxtəlifliyinə, ssenarilərin məntiqinə, cərəyanların zənginliyinə görə yaş məhdudiyyəti olmadan hər kəsin sevimlisinə çevrildi.
Bütün dövrlərdə gündəmdə qalmağa iddialı olan “sehrli güzgü” bir üstünlüyü də onda qazandı ki, zamanın aktuallığına istinadən auditoriya toplamağa müvəffəq oldu. Tədricən ekran hadisələrində uşaqların həyatından bəhs edən və ya uşaqlar üçün nəzərdə tutulan filmlər də istehsal edilməyə başlandı. Əslində, bu, kinonun ümdə məqsədi deyildi. Çünki texniki nailiyyətin ilkin versiyalarında hadisələrin gedişatında uşaqların həyatının bilavasitə filmlərə yansıdığını, rejissorların sonralar bu mövzuya daha ciddi yanaşdığını görürük.
Azərbaycan kinosunda uşaq həyatından bəhs edən ilk ekran əsəri görkəmli kinorejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Lətif” (1930) filmidir. Filmdə Azərbaycan kəndlərinin birində yaşayan uşağın acınacaqlı taleyi əksini tapıb.
Baş qəhrəman Lətif ögey anasının qəddarlığı ucbatından evdən gedir. Bir çox çətinliklərlə üzləşir. Lakin qoçaqlığı və düzgünlüyü sayəsində ətrafındakı məkrli insanların ifşa olunmasına səbəb olur. “Lətif” filmi zamanı və cəmiyyəti təqib edən kinoya və kinematoqrafçılara uşaqların da həyatını diqqətdə saxlamaq, onları narahat edən məsələləri gündəmə gətirmək mesajını verdi. Bu filmdən sonra uşaqların həyatından bəhs edən “Dostlar” (rej. A.Quliyev), “İki yoldaş” (A.Makovski), “Rəqs edən bağalar”, “Dəcəl dəstə” (hər ikisi – rej. A.Popov və Q.Salamzadə) və başqa filmlər çəkildi. Kinonun səssiz mərhələsində çəkilən bu filmlərdə uşaq və yeniyetmələrin həyat və düşüncə tərzi xarakterizə olunub.
Sonrakı illərdə isə uşaqların şəxsiyyət kimi formalaşmasına örnək olacaq nümunələr, ailə-məişət problemlərinin uşaq həyatına vurduğu zərbənin fəsadları, uşaq psixologiyasının və əxlaq normalarının doğru təlimatlandırılması metodu, eyni zamanda təlim-tədris mərkəzlərinin bu sahədə rolu uşaq kinosunda və ya uşaqların həyatından bəhs edən filmlərdə əksini tapdı. Azərbaycan uşaq kinosunun və nağıl-filmlərin inkişafında müstəsna xidmətləri olan, eyni zamanda sosial mövzulu kinopovestlərdə uşaq psixologiyasını təhlil edən rejissorlarımızdan Mikayıl Mikayılov, Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Gülbəniz Əzimzadə, Rafis İsmayılov, Ənvər Əbluc və digərlərinin quruluş verdiyi müxtəlif janrlı filmlər kiçiklərlə yanaşı böyüklərin də rəğbətini qazandı.
Azərbaycan kinosunda uşaq psixologiyasını, xarakterini, dünyagörüşünü, ailədaxili hadisələrin təsirini təhlil və tədqiq edən ilk uğurlu ekran əsəri rejissor Həbib İsmayılovun “Ögey ana” filmidir. Filmdə adi hesab etdiyimiz və doğmalarımıza, yaxınlarımıza ərköyünlük edib yüklədiyimiz ailə-məişət problemləri zəminində ən çox uşaqların əziyyət çəkdiyi vurğulanır. Ailədaxili problemlərin həlli, eyni zamanda uşaq psixologiyasının müdaxilələrdən, müxtəlif fəsadlardan qorunması üçün vacib olan önəmli və incə nüanslar filmin leytmotivini təşkil edir. Baş qəhrəman İsmayıl (Ceyhun Mirzəyev) atasının ikinci dəfə ailə qurması ilə barışmır, onun yeni həyat yoldaşına və ögey bacısına olan sevgisini qəbul etmir. Nənəsinin (Qəmər xala – Həqiqət Rzayeva) qısqanclıq zəminində formalaşdırdığı yanlış fikirlər, aşırı məhəbbət göstəricisi olan ərköyünlüyü və atasının işlə bağlı ailədən kənarda çox olması, oğlunun tərbiyəsi ilə məşğul ola bilməməsi gələcəyi səhv istiqamətə yönələcək yeniyetmənin həyatından xəbər verir. Doğru insan, gözəl ana, nəcib qadın xüsusiyyətlərinin etalonu olan Dilarənin (Nəcibə Məlikova) sayəsində İsmayılın xarakteri yaxşı mənada dəyişir, ailədəki narazılıqlar aradan qalxır, psixologiyası məntiqli və normal şəkildə formalaşır, ailəyə, cəmiyyətə layiqli övlad kimi yetişir. Ailə-məişət mövzusundan bəhs edən, sosial problemlərin başlanğıcını şərh edən ekran əsərinin ideyası bütün dövrlər üçün vacib və aktualdır. Bu filmdən sonra (1950-ci illərin sonlarından etibarən) Azərbaycan kinosunda uşaqlar üçün çəkilən filmlərin istehsalına diqqət artdı.
Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi nağıl janrlı ekran əsərlərindən “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” filmləri forma və məzmun etibarilə fərqli olsa da, ümumi ideyasında torpağa, vətənə məhəbbət, ailəyə sevgi, hörmət, mərd və cəsur xüsusiyyətlər təlqin olunur. Bununla yanaşı, rejissorun “Bizim küçə” filmində gənc qız Saranın şəxsində vətəndən illərlə uzaqda olmasına, minbir əzab çəkməsinə baxmayaraq, anasına, elinə-obasına qovuşmağa can atan mərd azərbaycanlı qızının yenilməzliyini və şücaətlərini görürük. Örnək timsallı xarakterə malik olan Sara obrazı müasir dövrün qəhrəmanıdır. Bu isə rejissorun yalnız nağıl-filmlərdə yox, eyni zamanda sosial mövzulu ekran əsərlərində də nümunəvi xarakterli personajları düşüncəsində formalaşdırıb, dolğunlaşdırıb, obrazın təfsirində qabarıq şəkildə cəmiyyətin sevimlisinə çevirməsi deməkdir.
Uşaqlarla işləməyi bacarmaq rejissorlardan böyük səbir, təmkin və pedaqoji təcrübə tələb edir. Bu kimi keyfiyyətlərin daşıyıcısı olan görkəmli kinorejissor Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma”, “Qaraca qız”, “Şərikli çörək”, “Skripkanın sərgüzəşti” filmlərində də müxtəlif dövrlərə aid olan uşaqların və yeniyetmələrin həyat, düşüncə tərzi, davranışı ətraflı şəkildə təhlil olunub. Məhz buna görə də adları çəkilən filmlər uşaqlarla yanaşı, böyüklərin də sevərək baxdığı ekran əsərləridir. Müxtəlif dövrlərin həyat faktlarına istinad olunan filmlərdə “uşaqların xarakteri cəmiyyətin və ailələrin güzgüsüdür” prinsipini daşıyır. Vizual ədəbiyyat olaraq zehinləri aydınladan məntiqli uşaq kinosunun məna və dəyəri bu baxımdan misilsizdir.
Sosial mövzulu uşaq filmlərində müxtəlif dövrün hadisələri əks etdirilir. “Torpaq. Dəniz. Od. Səma” və “Şərikli çörək” filmlərindəki hadisələr uşaqlıq illərinə nəzər salan personajların nostalji düşüncələrinə əsaslanır. Torpağına, elinə bağlı zəhmətkeşlərin əhatəsində böyüyən uşaqların ailə şəcərəsindən süzülüb gələn dəyərlərə tapınması, həyat məsələlərinin həllində mühüm qərarların nəticəsində ailə mədəniyyəti prinsiplərini əsas götürməsi şərh olunur. Azyaşlı Kamilin, eləcə də yeniyetmə Vaqifin babalarının fikir və düşüncələrindən bəhrələnməsi, böyüyə hörmət, kiçiyə məhəbbət və bu kimi digər müsbət keyfiyyətlər sonralar onların həyat məsələlərinin həllində təsirsiz ötüşmür. Ata-babalarının doğru həyat missiyası uşaq qəhrəmanların ömür yolunu düzgün istiqamətləndirməsinə, vətəndaşlıq və övladlıq borcunu layiqincə yerinə yetirməsinə imkan yaradır.
Cəmiyyətin tərəqqisində elm və texnikanın inkişafı ilə yanaşı, incəsənətin də mühüm rolu var. Yuxarıda adları çəkilən filmlərdə (1960-70-ci illər) nostalji düşüncələrdə kök salan mənəvi zənginlik prinsipi, cəsurluq, müdriklik, qəhrəmanlıq kimi amillər qabardılırdısa, 70-80-ci illərdə istehsal olunan uşaq kinosunda zamanın tələbinə uyğunlaşdırılmış uşaq obrazlarını gördük. II Dünya müharibəsindən sonrakı quruculuq illərində insanların həyat eşqinin yüksəldilməsi, əhval-ruhiyyəsinin yaxşılaşması istiqamətində incəsənət işçilərinin fəaliyyəti xüsusilə diqqət çəkirdi. Bu mənada uşaqların fərdi təfəkkürlərinin, istedadlarının aşkarlanması, təhsillə yanaşı musiqi savadının inkişafı sənət adamlarını, o cümlədən rejissorlarımızı düşündürən vacib amillərdən idi. Məsələn, istedadlı kinorejissor Tofiq İsmayılov yaradıcılığında uşaqların musiqi duyumunun aşkarlanması, eləcə də filmlərdəki obrazların xarakterlərinin musiqi dili ilə çatdırılmasını görürük. Eyni zamanda musiqili uşaq filmlərində hər bir evdə, ailədə musiqi alətinin olması və uşaqların istedadının vaxtında doğru səmtə yönəldilməsi mesajı da təbliğ olunur. “Mən nəğmə qoşuram”, “Gilas ağacı”, “Musiqi müəllimi”, “Əzablı yollar” filmlərində hadisələr musiqi dili ilə şərh olunur, uşaqlarla davranış qaydalarının incə nüansları emosional şəkildə təhlil edilir. “Mən nəğmə qoşuram” filmində kəndbəkənd, şəhərbəşəhər gəzib istedadları üzə çıxaran Bəhmən dayı Sonanın atası Xudayara bərk əsəbiləşir və qızının istedadının qarşısını almağa çalışmasına sərt münasibət göstərərək deyir: “Qızının on yaşı var. Fitri istedada malikdir. Sən bizim kəndin düşmənisən. Xalqın istedadını boğursan”. Bəhmən kişi və ya onun kimi tərəqqinin, inkişafın təəssübünü çəkənlər haqlıdır. Çünki ucqar bir dağ kəndində olan istedadın kəşf edilib üzə çıxarılması, bacarığının vaxtında düzgün səmtə istiqamətləndirilməsi gələcəkdə onun Azərbaycan mədəniyyətini layiqincə təmsil etməsi deməkdir. Bu mənada sosial mövzulu uşaq filmlərinin ictimai davranış qaydalarının formalaşması və tənzimlənməsi sahəsində rolu böyükdür.
Kinorejissor Rasim İsmayılovun çəkdiyi “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif” filmlərində qayğı və diqqət tələb edən uşaq dünyasının keşiyində durmağımız, onu əlimizdən gəldiyi qədər gözəlləşdirməyimiz tövsiyə olunur. Kinorejissor Ənvər Əblucun çəkdiyi “Qara gölün cəngavərləri”, “Pəncərə” (rej. H.Əblucla birgə), “Ağ atlı oğlan” filmlərində isə uşaq yaşlarından taleyinə keşməkeşli həyat çətinliklərini yaşamaq nəsib olan yeniyetmələrin fərəhsiz, kədərli yaşam tərzi əks olunur, eyni zamanda onların bir çox ibrətamiz davranış qaydaları göstərilir.
Onu da qeyd edək ki, uşaqların dünyagörüşünün formalaşması və həyat haqqındakı təsəvvürlərinin zənginləşməsi istiqamətində animasiya filmlərinin də rolu əvəzsizdir. Bu mənada uşaq psixologiyasını, düşüncə tərzini və xarakterini təhlil edən, uşaqlarla bağlı mühüm problemlərə toxunan dərin məzmunlu, dəyərli filmlərə baxmağa və onları diqqətdə saxlamağa dəyər.
Şəhla
ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 31 may.-
S.1;7.