“Generalın
son əmri” yenidən
verildi
Bu il Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq
şairi, dramaturq Vaqif Səmədoğlunun
anadan olmasının
80 ili tamam olur. İstər poeziya, istərsə
də dramaturgiyada özünəməxsus yolu
olan ədibin irsi daim maraqlı
və oxunaqlıdır.
Mayın
24-də Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun xatirəsinə
həsr olunmuş tədbir keçirildi.
Mədəniyyət naziri Əbülfəs
Qarayev, ədəbiyyat,
incəsənət xadimlərinin
iştirak etdiyi tədbirdə şairin yaradıcılıq yoluna
nəzər salındı.
Qonaqlar
ilk olaraq teatrın foyesində ədibin kitabları, haqqında yazılar dərc edilən nəşrlərdən
ibarət sərgi ilə tanış
oldular.
Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinin
yaradıcılığı ilə bağlı fikirlərini jurnalistlərlə
bölüşdü. Bildirdi ki, Vaqif Səmədoğlu
zəngin təfəkkürə
malik insan idi: “Bu gün böyük bir ədəbiyyat nəslinin
nümayəndəsi Vaqif
Səmədoğlunun 80 illik
yubileyi çərçivəsində
Milli Dram Teatrında onun tamaşası bərpa olunaraq yenidən təqdim olunur. Hesab edirəm ki,
bu, gözəl ənənədir. Onun hər
bir əsəri böyük əks-sədaya
səbəb olub.
Çünki o, tamamilə yeni
bir düşüncənin
sahibi, azadlıq duyğuları ilə yazıb-yaratmış şəxsiyyətlərdən
biri idi. Ona görə də onun hər bir
əsəri yeniliklə
fərqlənirdi. Vaqif Səmədoğlunun
hər bir əsərinin Azərbaycan
kino, teatr, ədəbiyyat tarixində
özünəməxsus yeri
var”.
Sonra Vaqif Səmədoğlunun “Generalın
son əmri” əsəri
əsasında hazırlanan
ikihissəli tragikomik tamaşa nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu,
səhnə tərtibatçısı
Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar
incəsənət xadimi
Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin
sifarişi ilə
2014-cü ildə səhnələşdirilən
və yenidən bərpa olunan tamaşada rolları xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov,
Əjdər Həmidov,
əməkdar artistlər
Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli,
Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt,
Hicran Nəsirova və başqaları ifa edirdilər.
Səhnə əsərinin qəhrəmanı
təqaüddə olan
və ilk gəncliyindəki
unudulmaz sevgisinin xəyalı ilə yaşayan general (Cəfər
Namiq Kamal) həyatsevərdir, eyni zamanda soyuqqanlı, zabitəli, hökmündə
qətidir, ətrafını
öz təsiri altında saxlamaq vərdişinə sahibdir. Onun həyatı
– insanlarla ünsiyyəti,
gəzintisi, danışığı,
susqunluğu, qidalanmağı
– ümumilikdə həyat
əlamətlərinin hər
detalı cədvəl
dəqiqliyi ilə qurulub. Həyatının yeganə yanlışı
“hər şeyin ona tabe olmasını”
düşünməsidir. Bir də illər öncəkindəki sevgisi,
illərdir gözlədiyi,
Qız qalasından boylanmasını xəyal
etdiyi eşq pərisi. Zamana uduzan, əmrə müntəzirlik üçün
ən ali
duyğuları belə
heçə saymaq onun sonrakı əzablarını ovuda bilmir. Ona görə də
Fərari, Cəllad, Şeypurçu əsgər
onu rahat buraxmırlar. Onun yanına
dünyanın yuxuya qərq olduğu vaxtda gələrək mənəvi intiqam alırlar. 53 ilin, keçən bu uzun zamanın
intiqam hissi soyumurmuş. Bunu generalın güdazına
gedərək Qazaxıstanda
öldürülən qurbanın
qızının – Qisasçı
qadının qayıdışı
bir daha isbat
edir.
Amma generalın
ağrıları bununla
da bitmir. Onun babalarının
ölümünü səbirsizliklə
gözləyən miskin
nəvələri daha
böyük ağrısıdır.
Babası öldükdən
sonra onun mülkünə sahib çıxıb
rahat yaşayacağı
xəyalını quran
alkoqolik nəvəsi,
bütün səadətini
babasından istədiyi
çilçıraqda axtaran
qız nəvəsi, generala nəvələrindən
də çox nifrət edən hiyləgər qonşusu da var. Ümumilikdə mənəvi faciənin hekayətini canlandıran tamaşa imperiya, repressiya, müharibə və bu faciələr
nəticəsində darmadağın
olmuş insan talelərinin tragikomediya janrında təsviridir.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 31 may.-
S.5.