“Tarixin şah
əsərləri”
Gürcüstan Milli Muzeyindən Azərbaycana aid
nadir nümunələrin sərgisi
Mayın
27-də Heydər Əliyev Mərkəzində
Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq
kolleksiyalarından ibarət “Tarixin şah əsərləri”
adlı sərginin açılış mərasimi
keçirilib.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, beş il əvvəl Gürcüstan Milli Muzeyində Azərbaycana aid minlərlə tarixi, mədəni artefaktın olduğu məlum oldu. Bununla əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi və qərara gəlindi ki, bu materiallar əsasında sərgi təşkil olunsun.
Sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirən Fuad Axundov bu işin ərsəyə gəlməsində Azərbaycan Mədəniyyət Nazirliyinin və Gürcüstan Milli Muzeyinin birgə xeyli iş gördüyünü vurğulayıb. Bildirib ki, sərgidə nümayiş olunan şəkillərin böyük bir qismi bərpa edilib.
Gürcüstan Milli Muzeyinin baş direktoru, akademik David Lordkipanidze qeyd edib ki, sərgidə nümayiş olunan qədim sənət nümunələrini Azərbaycan sənətçilərinin şah əsəri hesab etmək olar. O diqqətə çatdırıb ki, oktyabrın 6-dək davam edəcək sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur.
Sərgidə Qacarlar epoxasına aid qədim incəsənət nümunələrinin əksəriyyəti Fətəli şah dövrünə aid yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim edilir. Sərgidə Fətəli şahın özünün portreti də yer alıb.
Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub. Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. İrəvan xanlığı ərazisində yaşamış Azərbaycan xalqına məxsus ənənəvi geyim və əşyalar, mebel nümunələri və sairdən ibarət etnoqrafik kolleksiya da ekspozisiyada yer alıb.
Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunur. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub. O, İrəvan qalasının nadir tikililəri – Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb.
Tədbir çərçivəsində həmçinin Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi professor Eldar Nadiradzenin “İrəvan xanlığı: tarixi və mədəni profili” kitabının təqdimatı keçirilib.
Müəllif bildirib
ki, Azərbaycan, ingilis
və rus dillərində nəşr olunan kitabda İrəvan
xanlığının tarixi, hökmdarları,
İrəvan qalası uğrunda
aparılan döyüşlər, xanlığın Azərbaycan
tarixində oynadığı rol barədə
müfəssəl məlumatlar əksini tapıb. Kitabda İrəvan xanlığının
tarixindən bəhs edən foto və rəsm
əsərləri, Gürcüstan Milli Muzeyində saxlanılan nadir
eksponatların şəkilləri yer
alıb.
Mədəniyyət.- 2019.- 31 may.-
S.8.