Türk dünyasının rəssamları
Oş şəhərində
görüşüblər
Xəbər verdiyimiz kimi, TÜRKSOY-un ənənəvi layihələrindən olan “Türk dünyası rəssamlar görüşü” bu il “Türk dünyasının mədəniyyət paytaxtı” olan Qırğızıstanın Oş şəhərində təşkil edilib.
25-30 may tarixində keçirilən incəsənət görüşünə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Şimali Kipr, Saxa-Yakutiya və Başqırdıstandan (Rusiya Federasiyası) rəssamlar qatılıb. Azərbaycanı bu tədbirlərdə rəssam Pərviz Ələkbərli təmsil edib.
Oş şəhər merinin müavini Nurbek Kadırov rəssamları qəbul edib. O, “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib, Oş şəhərinin tarixi, mədəni irsi haqqında söhbət açıb.
Türk dünyasının fırça ustaları “Qədim Oş şəhəri XX əsr rəssamlarının gözü ilə” adlı plenerdə də iştirak edərək şəhərin tarixi-mədəni irsini, mənzərələrini əsərlərində əks etdiriblər. Plener iştirakçılarına rəssamlıq dəstləri hədiyyə edilib.
“Türk dünyası rəssamlar görüşü”nün sonunda çəkilən əsərlərin sərgisi açılıb.
MEHPARƏ
Mədəniyyət.- 2019.- 31 may.-
S.8.