Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti və sərgisi

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 28 MayRespublika Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Məktəbin müsabiqə və festivallarda yüksək nailiyyətlər əldə edən şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijorXalq artisti Rauf Abdullayev) müşayiəti ilə Y.Haydn, V.Motsart, F.Mendelson, Y.Sibelius, S.Raxmaninov,  H.Xanməmmədov, T.Bakıxanov və başqa bəstəkarların əsərlərini ifa ediblər.

Gənc pianoçular Aylin Babayeva, Səyyarə Əliyeva, Münəvvər Alıyevanın ifası, Nigar Rəhimova (vokal), Mehriban Quliyeva (qanun), Əlipaşa Şahgəldiyev (trompet) və Kənan Namazovun (tar) böyük səhnədə çıxışları rəğbətlə dinlənilib.

* * *

Mərkəzi İncəsənət Məktəbi tərəfindən ənənəvi “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaqlar gələcəyimizdir” adlı sərgi-tədbir keçirilib.

İçərişəhər ərazisindəki Arxeoloji parkda (Ə.Əzimzadə bağı) gerçəkləşən sərgidə 20-dən çox gənc rəssamın müxtəlif mövzularda əl işləri nümayiş etdirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov iştirak edib.

Həmçinin izləyicilərə məktəbin xalq çalğı alətləri və xanəndə ixtisası üzrə şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub. Sonda bütün iştirakçılar məktəbin direktoru Əziz Qarayusifli və rəsm sinfinin müəllimi Nigar Şıxəliyeva tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Mədəniyyət.- 2019.- 31 may.- S.3.