Həyat eşqi güclü qadın

 

 

Teatr tamaşalarında, filmlərdə, eləcə də bir sıra televiziya tamaşalarında yaddaqalan, koloritli obrazlar yaradan Zərnigar Ağakişiyeva milli aktyorluq sənətimizin görkəmli simalarındandır. Onun Akademik Milli Dram Teatrının səhnəsində oynadığı rolları, həmçinin kino obrazları mürəkkəb xarakterlərin toplusu, həssaslıqla cilalanmış, dəqiqliklə təhlil edilmiş psixologiyaların cəmidir. Aktrisanın yaradıcılıq diapazonunun geniş olması istedadını, bacarığını müxtəlif aspektlərdə şaxələndirməsinə əsas yaradıb.   

Zərnigar xanım müsahibələrində sənətə təsadüfən gəldiyini etiraf etsə də, qismətinə yazılan məsləyinə vurğunluğunun sayəsində xalqın sevimlisinə çevrildi. Ələlxüsus da televiziya tamaşalarında oynadığı rolların bənzərsizliyi, ifadə və jestlərin orijinallığı heyrətamizdir. Buna görə də onun adını televiziya tamaşalarının, eləcə də filmlərin titrlərində görəndə əsl sənət nümunəsini seyr edəcəyimizi, hər hansı bir həyat hekayəsinin inikasını izləyəcəyimizi yəqinləşdiririk. Bu isə minlərlə tamaşaçıya istedad sahiblərinin (müəllif və rejissorların) təfəkkürünü diktə etmək, yüksək sənəti cəmiyyətin mənəvi ehtiyacına çevirmək deməkdir.    

1973-cü il ildə rejissor Əşrəf Quliyevin dəvəti ilə Akademik Dram Teatrında ilk rolunu (Aleksandr Ostrovskinin “Müdriklər” dramında Mamayeva) oynayan aktrisa 1992-ci ildə bu səhnədən ayrılsa da, 1999-cu ildə yenidən teatrın yaradıcı heyətində fəaliyyət göstərməyə başlayıb, müəyyən fasilələrlə maraqlı rollar yaradıb. Teatr səhnəsində sənətin bütün dərinliklərinə bələd olub, illərlə topladığı sənət təcrübəsini sonralar filmlərə, televiziya tamaşalarına sərf edib. Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Atayevlər ailəsi” tamaşasında Dilşad xanım, “Sarıköynəklə Valehin nağılı”nda Ceyran xanım, yazıçı Anarın “Ötən ilin son gecəsi”ndə Həmidə xanım, Karlo QaldonininMehmanxana sahibəsi”ndə Mirondalina, Mövlud Süleymanlının “Kökdən düşmüş piano” tamaşasında Qayınana, Üzeyir Hacıbəylinin əsəri əsasında hazırlanan “Ordan-burdan” tamaşasında Firuzə xanım, Altay Məmmədovun “Kişilər” komediyasında kolxoz sədri və digər televiziya tamaşalarında yaddaqalan obrazlarda çıxış edib.

Sözügedən tamaşalardakı rolları xatırladıqca mürəkkəb, ziddiyyətli xarakterlər yada düşür, sənətin mahiyyəti dərk edilir, aktrisanın sənətə hopan varlığı minnətdarlıqla yad olunur. Zərnigar xanımın bütünlüklə daxili məninə sığdırdığı, həssaslıqla təhlil etdiyi (çoxluq təşkil edən) mənfi rollarını göz önündə canlandırdıqca başqalaşmasının, hətta mənfi rollarının mövqeyini müdafiə edərəkdən obrazları ustalıqla yaratmasının səbəbini yenə də sənətinə olan sonsuz məhəbbətilə əlaqələndiririk. Səhnədə və ekranda daha çox zəhmli, zəngin, hay-küylü qadın rollarının mahir ifaçısı kimi tanıdığımız Zərnigar xanımı sənət dostları, tərəf-müqabilləri mərd xüsusiyyətli, məğrur qadın kimi xatırlayırlar.  

Xalq artisti Sabir Məmmədovun xatirələrindən: “Mən hələ teatrda işləmədiyim vaxtlardan Zərnigar xanımın çıxışlarını izləmişəm. Televiziyada oynadığı rollara heyranlıqla baxmışam, birmənalı şəkildə onu peşəkar aktrisa kimi qəbul etmişəm. 1989-cu ildə Akademik Milli Dram Teatrına gəldim. Elə oldu ki, bir müddət sonra o, teatrdan uzaqlaşdı. Biz buna görə çox təəssüfləndik. 1990-cı illərin sonu o, yenidən teatra qayıtdı. Elə bil hər şey yenidən başladı, teatr canlandı. Biz bir neçə tamaşada tərəf-müqabil olduq. O, yenə də bütün rollarını sevgiylə, şövqlə oynayırdı. Səhnədəki hər bir çıxışı bizim üçün bir örnək, məktəb idi. Tamaşa zamanı tamaşaçıların onu necə hərarətlə alqışladığını görürdüm. Tamaşaçılar da, kollektivimizonu çox sevirdi. Akademik teatrda səhnələşdirilən “Ölülər” tamaşasında mən Kefli İsgəndəri, o, isə anamı oynayırdı. Onun istedadlı olduğunu hamımız bilirdik, amma qəribədir ki, o, həmişə tamaşadan əvvəl həddən artıq narahat olurdu, işinə çox məsuliyyətlə yanaşırdı. Çox təəssüf edirəm ki, onunla yalnız “Qız qalası” (2000) filmində tərəf müqabil ola bildim. Çox sadə, təvazökar insan idi. Biz onda heç vaxt təkəbbür görmədik. Məşq vaxtı da, tamaşa zamanı da, həyatda da həmişə çalışırdı ki, bizə  kömək etsin. Onun yaxşı cəhətləri çox idi. Buna  görə də Zərnigar xanımı həmişə xoş xatirələrlə xatırlayacağam”.

Həyatda olduqca zərif olan, insanlara qarşı mədəni davranan Zərnigar xanımın yaradıcılıq qismətinə daha çox hökmlü qadın rollarını yaratmaq düşüb. Aktrisa bütün obrazlarını sevərək yaratdığından hər bir personajın yaşarı, real olmasına nail olub. Güclü sənət duyumu olan aktrisanın zəngin səhnə plastikası, maraqlı jestləri, dəyişik səs tembri  rollarının dolğun alınmasına imkan verib. Xarakterlərə uyğunlaşdırdığı səs çalarları personajların məqsəd və niyyətlərini aydın göstərib, sentimentalizmdən, naturalizmdən bəhrələndiyi realist, romantik yaradıcılıq metodunu ustalıqla təqdim edib.

Aktrisa özü teatrı daha çox sevsə də, yaradıcılıq potensialından kinoya da pay bölüb. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 20-yə yaxın filmdə fərqli rollar yaradıb. Mezozoy əhvalatı” filmində Satıcı, “Dantenin yubileyi”ndə Xədicə, “Yol əhvalatı” kinokomediyasında Ədilə, “Özgə ömür”də Səkinə xanım, “Yaramazda Qayınana, “Təhminə”də Zivər, “Fransız”da Zərnigar, “Nə gözəldir bu dünyada Həkim, “Yuxu” filmində Xurşud xanım və digər obrazlarda çıxış edib. Bundan əlavə, bir çox xariciyerli filmlərdəki personajları peşəkarlıqla səsləndirib.

Əməkdar mədəniyyət işçisi, tanınmış dublyaj rejissoru Arif Həbibi aktrisa ilə olan işbirliyini belə xatırlayır: “Mən  dublyajda Zərnigar xanımın səsindən çox istifadə etmişəm. Onun rollarını Akademik Milli Dram Teatrının səhnəsində izləmişdim. Buna görə də yaradıcılığına, potensialına yaxşı bələd idim. Filmlərin dublyaj olunmasını mənə həvalə edəndə teatrda baxdığım tamaşaları yadıma salır, hansı aktyorun hansı personajı daha yaxşı səsləndirəcəyinə qərar verirdim. Bu eynən tamaşa üçün rol bölgüsünə bənzəyirdi. Nəticə də həmişə uğurlu olurdu. Zənnimdə yanılmırdım. Zərnigar xanım filmlərin səsləndirilməsində də teatralkino obrazları kimi peşəkarlıq nümayiş etdirirdi. Onunla işləmək olduqca rahat idibu xanımla dublyajda çalışdığım üçün fəxr edirəm”.

Zərnigar Ağakişiyevanın çoxsaylı rolları yaradıcılığını çoxplanlı şəkildə xarakterizə etməyə imkan verib. Həyat eşqi güclü olan qadının əzmkarlığı məhz onun şaqraq səslə, iddialı çıxışla zalı ələ almasına, tamaşaçıların diqqətini səhnəyə yönəltməsinə səbəb olub. C.Cabbarlının “Sevil” əsəri əsasında hazırlanan tamaşanı çoxlarımız yaxşı xatırlayırıq. Aqressiv Edilyanın cahil cəhətləri, insanlığa yaraşmayan siması aktrisanın təqdimatında tam aydınlığı ilə yaşarı təqdim olunub, müəllif ideyasını təsdiqləyib, əsərin məzmununun mahiyyətini yüksək səviyyədə açıqlayıb, bununla da tamaşanın və mövzunun aktuallığını, müasirliyini qoruyub. Aktrisanın yaradıcılığında belə uğurlu obrazlar çoxluq təşkil edir.

Ədəbi əsərlərin teatrda, eləcə də kinoda məzmununun tamamlanması Zərnigar Ağakişiyeva yaradıcılığının əsasını təşkil edirdi. Bu mənada qəliz xarakterli insan təbiətinin təhlili və tədqiqi onun yaradıcılığının məcmusudur. Kinorejissor Fikrət Əliyevin quruluş verdiyiYuxu” (2001) filmindəki Xurşud obrazı da qəliz xarakterlidir. Xurşud olduqca özündənrazı, həyat yoldaşının nüfuzuna görə kimsəni saymayan, ədabaz bir xanımdır. Kasıb oğlan Əlabbasın adının qızının adı ilə birgə çəkilməsinə belə razı olmayan Xurşud həddən artıq aqressivlik nümayiş etdirərək sadə insanlar üzərində olan hökmranlığını, saymazlığını göstərir. İnsani duyğulardan, hissiyyatdan kənar olan bu xanım üçün bir anlayış var ki, o da yalnız nüfuzlumövqeli insanlarla dil tapa, münasibət saxlaya bilməsidir. Filmdə Xurşud xanımla bağlı epizodlar çoxluq təşkil etməsə də, aktrisanın təqdimatında rolun həyat mövqeyi tamlıqla xarakterizə olunub. Zərnigar xanım ciddi-cəhdlə ekran personajlarının vacib cəhətlərini qabardıb, xarakterizə etməklə həyat üçün təhlükəli, insanlar üçün üzücü olan incə və vacib nüansları dəqiqliklə göstərib.

Onu da qeyd edək ki, aktrisa yaradıcılığını paralel inkişaf etdirib. Mənfi rolları ilə yanaşı, sadə, səmimi, təvazökar personajların qəlblərə yol tapmasına da nail olub. Belə obrazlardan birikinorejissor Gülbəniz Əzimzadənin çəkdiyi “Dantenin yubileyi” (1978) filmindəki Xədicədir. Xədicə həyat yoldaşı, aktyor Kəbirlinskinin az məvacib almasından, nüfuz sahibi olmamasından narahatdır. O, sevib ailə qurduğu insanla olan xoşbəxtliyini kiçik məişət problemləri zəminində görməzdən gəlir, deyingənliyi ilə həyat yoldaşını bezdirir, evin hüzurunu pozur. Ancaq onu bir məsələ sakitləşdirə bilər ki, bu da həyat yoldaşının (Kəbirlinskinin) yoldaşları, tamaşaçılar tərəfindən sevilməsi, çıxışlarının alqışlarla qarşılanmasıdır. Axı o, aktyorluq sənətinin çətinliklə təşəkkül tapdığı, sənət fədailərinin bu sənəti min bir əziyyətlə yaşatdığı vaxtlarda Kəbirlinskiyə vurulmuşdu. Filmin finalında jurnalistin həyat yoldaşından müsahibə götürmək üçün gəlişinə sevinən Xədicənin sevincinin yerə-göyə sığmadığını görürük. Nəhayət ki, Kəbirlinski haqqında məqalə yazılacaq, yaradıcılığı xatırlanacaq, sənət dostları ilə olan xatirələri dinləniləcəkdi. Deməli, o, yanılmayıb. Teatrın yeni yarandığı vaxtlarda bu sənəti inkişaf etdirən həyat yoldaşı vacib məsləyin sahibidir, cəmiyyətin ona və sənətinə ehtiyacı var. Həyat yoldaşına, onun məsləyinə olunan hörmət, diqqət isə Xədicənin ən böyük xoşbəxtliyidir. Mühüm psixoloji məsələlərin həllinə yönələn filmin mənalı nüansları aktrisanın təqdimatında ustalıqla cilalanıb.

Bax beləcə, Zərnigar Ağakişiyevanın buya digər sənət uğurları həyat eşqinin gücünə, sənətinə olan sonsuz sevgisinə görə qazanılıb, alqışlanıb və bu günunudulmur.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.7.