“Sığınacaq” eyforiyasında
İnsan hisslərinin ən yaxşı ifadəsi olan rəqs emosiyaların dinamik ifadəsi kimi hər zaman baxımlıdır. Axı insanlığın ən kütləvi və ilkin ünsiyyəti də onunla başlayıb. Mətndən, daha doğrusu, sözlərdən hərəkətə keçidə meyilli çağdaş dövrün insanı üçün də ən yaxşı danışıb-göstərmə üslubu rəqsdir. Ona incəsənətin digər növlərini sintez olaraq əlavə etdikdə bir səhnədə dramatik teatrdan baletə, musiqidən pantomima elementlərinə xeyli yaradıcı elementin birləşməsini görə bilərik...
Belə unikal və ustalıqla düşünülmüş modelin nümayəndələrindən biri də israilli xoreoqraf-rəqqas Rami Beerdir. Onun rəhbərlik etdiyi “Kibbutz” Müasir Rəqs Şirkəti hazırda dünyanın ən məşhur incəsənət kollektivlərindəndir. İlin demək olar ki, 10 ayını dünya turlarında olur, müxtəlif ölkələrdə mürəkkəb repertuarlarını yorulmadan nümayiş etdirirlər. Bu günlərdə (17 oktyabr) Azərbaycan tamaşaçısının ilk dəfə izləmək imkanı qazandığı heyət ölkəmizə M.A.P. Festivalı çərçivəsində təşrif buyurmuşdu. Akademik Musiqili Teatrda təqdim olunan konsertə baxmağa hətta qonşu ölkələrdən də izləyicilər gəlmişdilər.
Repertuarında 10-dan artıq rəqs-tamaşa olan “Kibbutz” Bakıya “Sığınacaq” adlı tamaşanı gətirmişdi. Tamaşada şəxsiyyət, xarici mənşə, zülm, azadlıq, mənsubiyyət, vətən, həsrət və ev kimi konsepsiyaları tədqiq və təlqin edən rəqs quruluşçusu həssas mövzunun nəhayətsiz xoreoqrafik həlli ilə özünün ustalığını bəyan etmiş oldu. Fiziki baxımdan güclü görünən, daha doğrusu, adət etdiyimiz rəqqas ölçüləri “standart”ından çıxan 17 rəqqas 1 saat ərzində insanın bədən, mimika və ruh olaraq hansı hallara düşə biləcəyini texniki baxımdan bütün detalları ilə göstərə bildi.
Ağlayan, gülən, aldadan, aldanan, qaçan, qovan, ölən, öldürən, daha sonra da baxan, anlayan, anlamağa çalışan, heyrət və qəzəb qarışıq adamlar səhnəni bir an belə boş qoymur, sanki öz ifa-hərəkətləri ilə lazım gəlmədikcə anlaşılmayan dünyəvi dərdləri “hansı dildə istəyirsən anladım” bəyanatı verirdilər.
Həyəcanverici musiqinin müşayiəti altında rahatlıqla hər şeyi anlayırsan: şahə qalxan fəğanları, yalançılara üsyanları, haqqa qapanan gözləri, qorxan uşaqları, çığıran qadınları, saxtalaşdırılan həqiqətləri apaydın görürsən. Rəqs quruluşçusunun sözlərinə görə, bu konsepsiyalar ekzistensial baxımdan harada və nə vaxt olmasından asılı olmayaraq, hər bir insana aiddir.
Janr etibarilə müasir rəqs kateqoriyasında müəyyənləşdirilən “Sığınacaq” tamaşasının unudulmaz tərəfi onun universallığı idi. Yəni sən musiqidən mətnə heç bir ifadə vasitəsi üçün qəribsəmirsən. Əksinə, ya hadisə, ya musiqi, ya da jestlər sənə bu hadisənin ən yaxın tarixdə düz gözünün qabağında baş verdiyini bütün çılpaqlığı ilə göstərir.
Məlumat üçün deyək ki, “Kibbutz” Müasir Rəqs Şirkəti 1970-ci ildə yaradılıb. 1980-ci ildə xoreoqraf Rami Beerin kollektivə qoşulması ilə populyarlığı daha da artıb. Onun eksklüziv və unikal xoreoqrafiya üslubu şirkətin həm İsraildə, həm də xaricdə brendə çevrilməsinə rəvac verib. Bakı səhnəsində də sənətsevərlər məşhur kollektivin sənət performansını izləyib alqışladılar.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.5.