Ustad yazar Qərib
Mehdi
Hər dəfə Gəncə mədəni-ədəbi ictimai həyatından yazmaq istərkən böyük bir xəzinənin içərisində olduğumu görürəm. Bu xəzinə mənə mərhum valideynim, Xalq artisti Məhəmməd Burcəliyevdən miras qalıb.
Ömrünün 80 ilinin 65 ilini Gəncə mədəni-ədəbi ictimai həyatının inkişafına sərf etməklə yanaşı, həm də ətrafına mərd dostları da toplaya bilib. Onlarla bağlı xatirələrini dəfələrlə danışıb. Həmin söhbətlər zehnimə elə həkk olunub ki, hər dəfə onlar haqqında yazmaq istərkən bu xatirələrdən bəhrələnirəm. Bu yazıda ustad yazar Qərib Mehdidən söhbət açacağam...
Orta məktəbin altıncı sinfində oxuyurdum. Atam Məhəmməd Burcəliyev həftədə üç dəfə dərslərdən sonra məni Gəncədə fəaliyyət göstərən “Alimlər evi”nə aparırdı. Buraya Gəncənin ağsaqqalları, söz sahibləri, elm adamları toplanardı. “Alimlər evi”ndə bir “İlham” ədəbi birliyi də fəaliyyət göstərirdi. Atam ədəbi birliyin görüşlərində iştirak edər, müzakirələrdə fikirlərini bölüşərdi. Mən də uşaq düşüncələrimlə onları seyr edərdim. Qərib Mehdi ədəbi birliyə istedadlı və sözünü misralara köçürməyi bacaran gəncləri toplamaqla onları istiqamətləndirər, şeirlərinə düzəlişlər edərdi. Çox tələbkar idi. Hətta onun tənqidi fikirlərindən sarsılıb içində hıçqırtı ilə ağlayanlar da olurdu. Ancaq bu hissləri heç zaman ona bildirməzdilər.
Deyim ki, Qərib Mehdi burada şeirdən başqa heç kimin əlavə nəsə oxumasına icazə verməzdi. Ara-sıra hekayələrini oxumaq istəyənlər də olurdu. Bir müddət bu proseslərə alışdıqdan sonra birliyin toplantısına gələrkən özümdə cəsarət tapıb əlimi qaldırdım. Qərib Mehdi dərhal dilləndi:
- Nə istəyirsən, Anar bala?
- Qərib əmi, mən də Gəncə Dövlət Dram Teatrının tamaşası haqqında bir balaca yazı yazmışam. Olar Sizə oxuyum?
Qərib Mehdi müdrik təbəssümü ilə dedi:
- Yaxşı, oxu görək sən nə yazmısan?
Mən də öz yazımı burada oxudum. O, məni maraqla dinləyib məsləhətlərini verdi. Beləcə, ədəbi birliklə əməkdaşlığım genişləndi. Mən də bu Dədə Qərib Mehdi bulağından su içib, yetirmələrindən sayıldım.
Qərib Mehdi 50-ci illərin sonunda milli ədəbiyyatımıza qədəm qoyub. “İşıq”la, “Qərib, hey”lə, “Rast”la etiraf edilib və böyük oxucu kütləsini ətrafında toplaya bilib. Sonrada o, 60-cı illərin ədəbi mübarizəsinə qoşulub. O zamanlar çox çətin bir dövr idi. Sovet məkanında Stalin dönəmindən sonra bir çox nümayəndələri ideoloji düşmən olaraq xaricə qovulan dissident ədəbiyyatının mehi Gəncəyə də çatırdı. O illərdən söz düşərkən, Qərib Mehdi dalğın baxışlarla xatirələrini bir daha vərəqləyərək deyir: “SSRİ-də, o cümlədən Azərbaycanda “60-cılar”ın meydana gəlməsilə bu ədəbi meh, ədəbi küləyə çevrildi. Və daha sonra bu proses qarşısıalınmaz oldu. Bu hərəkata hərə bir cür ad verir. Mən də adlar içinə bir ad qoşdum: “Şübhə ədəbiyyatı”.
Qərib Mehdi bir gün də olsun doğma Gəncəmizdən
ayrılmayıb. Xan çinarların
kölgəsində ruhən dinclik
tapıb və yazıb, yaradıb. Bir gün ona sual
verdim ki, ustad, nə əcəb Bakı sizi
özünə cəlb etməyib? Güldü
və söylədi: “Bu barədə mənə
çoxları suallar verib.
Hər dəfə də eyni cavabı
vermişəm. Məndə heç vaxt paytaxt cazibəsi
olmayıb. Baxmayaraq ki,
daha rəvan inkişaf
üçün mərkəz, bəli, münbit şərait yaradırdı. Bununla belə, mərkəzəqaçma
sevdası məndən də yan keçmədi.
Yazılarım diqqət çəkəndən sonra təəssübkeşlərim məni də
müxtəlif ünvanlara – “Gənclik” nəşriyyatına,
televiziyaya və “Azərbaycan” jurnalına
dəvət etdilər. Bu
proses uçotdan çıxıb qatara bilet almağa qədər davam etdi. Son anda mərhum yazıçımız
Altay Məmmədov məni
bu fikirdən daşındırdı. Nə dərəcədə
udub-uduzduğumu isə
deyə bilmirəm”.
Bu illər ərzində bir-birindən maraqlı povestləri, çağdaş
və retro hekayələri,
esseləri ilə daima maraqlı fikir ünsiyyətində olan Qərib Mehdi heç zaman yaradıcılığında büdrəməyib, əksinə,
yeni fikir və düşüncələrin
formalaşmasında müstəsna
xidmətlər göstərib.
Belə olmasaydı “İşıq” (1967), “Yaralı
mərmər” (1969), “Ucalan
dağlar” (1971), “Rast”
(1973), “Təmiz hava”
(1980), “Səndən sonra”
(1985), “Çinar günü”
(1986), “Müsabiqə” (1988), “Qəhqəhə”(1993), “Xatırlanmaq
xoşbəxtliyi” (2000) və
başqa adda 46 maraqlı kitabı bu günə kimi işıq üzü görməzdi.
Qərib
Mehdi yaradıcılığının
həm də xoşbəxtliyi orasındadır
ki, o, hər zaman aktualdır, fikirlər toplusu dövrünün müasiridir.
Tənqidçi Gülrux Əlibəyli
onun yaradıcılığı
haqqında yazır: “Bədii etirafın ən kamil nümunəsi
Qərib Mehdinin “Məni çağıran
səs” povestidir. Azərbaycan ədəbiyyatında ana haqqında yüzlərlə
gözəl, kamil povestlər, poemalar, romanlar yaranmışdır.
Ana möcüzəsi isə ölməz və ümumbəşəri,
mövzudur. Burada oxucunu
təəccübləndirmək də sanki qeyri-mümkündür.
Bununla belə, Qərib Mehdi təəccübləndirir
də, heyrətləndirir
də”.
Qərib Mehdi bu yüksəkliyə
özü çatdı. Heç zaman
həqiqəti söyləməkdən
vaz keçmədi, bəziləri kimi qələm altında yatmadı. Hərdən
söhbətlərində deyir:
“İnsan sevəndə,
yaradanda, kiməsə
yaxşılıq edəndə
yaşayır. Qələmim nadinc uşaq kimi dinc durmur.
Elə bir ucdan yazıram.
Döyüşə girən cəngavərin
silahları cəsarətdən,
atdan və qılıncdan ibarətdir.
Mənim
də silahlarım qələmim, mövzum və üslubumdur”.
Qələm əhli tanıyıram ki, qalaq-qalaq kitabları var. Hamısını
o qədər toz basıb ki, heç imzaları belə oxunmur. Ancaq Qərib
Mehdinin imzası ilə bir kitab
görəndə ixtiyarsız
olaraq əlinə götürürsən. Vərəqləyirsən, sanki yeni bir
dünyaya düşürsən.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar onun əsərlərindən söz
düşərkən maraqlı
bir faktı önə çəkməklə
deyir: “Siz əsərlərinizlə
Allah, cəmiyyət və
dünya qarşısındakı
məsuliyyət hissinin
dərinindən, əxlaqlı
şəkildə qavranmasına
yardımçı olmaq
niyyətinizdə həmişə
təmənnasız olmusunuz.
Bir yazar olaraq, bir insan
olaraq, sənətdaşlarınıza,
xüsusən, ədəbi
gəncliyə davamlı
şəkildə diqqət
və qayğı göstərmisiniz. Bu xidmətləriniz heç
zaman unudulmayacaq”.
Qərib Mehdi hər zaman oxucuları ilə görüşə
maraqlı bir üslubda, duyumda gəlməyi bacarır. Onun təqdimatında
hər bir mövzu həyat həqiqətlərindən və
ya gündəlik gördüyü hadisələrdən
qaynaqlanır. Bir çox
hekayələrində və
esselərində onu tanıyan oxucusu bunu duya bilir.
Qərib Mehdi dramaturgiyada qələmini cəmi bircə dəfə sınayıb. Gəncə Dövlət Dram Teatrının səhnəsində
onun qələmə aldığı “Oxşarlar”
ikihissəli, altı şəkildən ibarət
olan dram əsəri maraqla izlənilib. Əsərin
ilk tamaşası 23 fevral
1989-cu ilə təsadüf
edir. Quruluşçu rejissoru Məhəmməd
Burcəliyev, rəssamı
Telman Əliyev və musiqi tərtibatçısı Rafael Ziyadov olublar. Xüsusi olaraq qeyd etmək
lazımdır ki, “Oxşarlar” pyesi də satirik çalarla işlənərək
ekoloji problemlərə
həsr olunub. Quruluşçu rejissor əsəri
dramatik-yumoristik planda verməyə müvəffəq
olub. Əslində, pyes komediya
deyil, ancaq burada yumor çox
güclüdür.
Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Əməkdar
jurnalist, Məmməd
Araz və Həsən bəy Zərdabi mükafatları
laureatı Qərib Mehdi ömrünün
80-ci baharını yaşayır.
Onun bu gün də
parlaq yaradıcılıq
şöləsinə uğurlar
diləyir, sağlam həyat arzu edirəm.
Anar BURCƏLİYEV
Teatrşünas
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.6.